...

YAP: Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır

Siyasət Materials 29 Oktyabr 2015 17:05 (UTC +04:00)
Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır.
YAP: Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Trend-in məlumatına görə, bunu deputatlığa namizəd, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində deyib.

S.Novruzov bildirib ki, ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin strateji qarantı qismində çıxış edir: "Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, innovativ inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, onların reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycanda vəziyyət olduqca yüksək səviyyədədir".

S.Novruzov deyib ki, bütün bunlar vətəndaşların siyasi həyatda daha azad və layiqli şəkildə iştirakına töhfələr verməkdədir. Nəticə etibarilə vətəndaş-dövlət münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə təmin edilməkdə və arzulanan nəticələri verməkdədir: "Bu gün dünyanın bir sıra nöqtələrində, eləcə də Yaxın Şərqdə baş verən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Müşahidə etdiyimiz kimi, müəyyən beynəlxalq güclər öz maraqları naminə bir sıra dövlətlərin daxilində vəziyyəti gərginləşdirdilər, vətəndaş müharibəsinə, qanlı aksiyalara səbəb oldular və hazırda çox nəhəng bir coğrafiyada acınacaqlı geosiyasi durum yaranıb. Həmin ölkələrin xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalıblar və o dövlətlərdə humanitar fəlakət yaşanmaqdadır. Bütün bunlar bir daha bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin edilməsidir. Çünki ictimai-siyasi sabitlik ümummilli inkişafın strateji əsasını təşkil edir. Bu baxımdan da bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti