...

Prezident İlham Əliyev: 2015-ci ildə bütün istiqamətlər üzrə Azərbaycan uğurlu inkişaf dinamikasını saxlaya bilib (ƏLAVƏ OLUNUB-5) (FOTO)

Siyasət Materials 26 Yanvar 2016 13:58 (UTC +04:00)
Bu gün biz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik. Üçüncü proqram 2014-cü ildə qəbul edilib. Və uğurla icra edilir. Və hər il bu proqramın icrasını müzakirə edirik. Gələcək fəaliyyətlər üçün istiqamətlər müəyyən edirik. Bir sözlə bu proqramın icrası çox uğurlu addımımızdır.
Prezident İlham Əliyev: 2015-ci ildə bütün istiqamətlər üzrə Azərbaycan uğurlu inkişaf dinamikasını saxlaya bilib (ƏLAVƏ OLUNUB-5) (FOTO)

İlk xəbər 12:48-də yayımlanıb.

Bakı. Trend:

Bu gün biz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik. Üçüncü proqram 2014-cü ildə qəbul edilib və uğurla icra edilir. Hər il bu proqramın icrasını müzakirə edirik. Gələcək fəaliyyətlər üçün istiqamətlər müəyyən edirik. Bir sözlə bu proqramın icrası çox uğurlu addımımızdır.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, 2004-cü ildə birinci proqram qəbul olunanda məsələ elə qoyulmuşdu ki, Azərbaycan regionları sürətlə inkişaf etməlidir: "Regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun. 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib. Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq, Azərbaycanda 2015-ci ildə bir çox məsələlər öz həllini tapıb. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilib".

Prezident İlham Əliyev bildirib ki, o qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alaraq, əlbəttə ki, bu, bizim böyük uğurumuzdur: "Çünki bizim bölgəmizdə qanlı toqquşmalar, müharibələr davam edir, yeni qarşıdurma ocaqları yaranır. Avropada həm iqtisadi böhran yaşanır, eyni zamanda miqrantlarla bağlı vəziyyət gərginləşir. Öz evlərini, yaxınlarını , əmlaknı itirmiş insanlar Avropaya pənah gətirirlər və onları orda nələr gözləyir - hamımızın gözü qarşısında baş verir. Əfsuslar olsun ki, miqrant böhranı Avropada radikal qüvvələrin güclənməsinə gətirib çıxarır. Bu da həm Avropa üçün, həm bizim üçün, həm də dünya üçün çox böyük təhlükədir. Azərbaycan uzun illərdir ki, dinlərarası, sivilizasiyalar arası dialoqun güclənməsində öz rolunu oynayır".

Dövlət başçısı sonra deyib: "Ancaq əfsuslar olsun ki, dünya miqyasında biz dialoq əvəzinə qarşıdurma, anlaşılmazlıq, ədavət görürük. Budur iqtisadi və geosiyasi vəziyyət. Bölgədə və dünyada yaşanan bu vəziyyət, əlbəttə ki, bizi narahat edir. Ancaq eyni zamanda, biz bu vəziyyətdə daha da fəal işləməliyik. Öz siyasətimizi uğurla aparmalıyıq və ölkə qarşısında duran bütün vəzifələri icra etməliyik. 2015-ci ildə də hesab edirəm ki, bütün istiqamətlər üzrə Azərbaycan uğurlu inkişaf dinamikasını saxlaya bilib. Bizim beynəlxalq nüfuzumuz böyük dərəcədə artıb. Keçən il mən 20 rəsmi və işgüzar səfər etmişəm. Azərbaycana 15-dən çox xarici dövlət, hökumət başçısı səfər edib. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə çox fəal rol oynayır və ölkəmizə dünyada çox böyük rəğbət var. Bunu mən hər dəfə xarici səfərlərdə olarkən görürəm. Bu dəfə Davos Fforumunda iştirak edərkən bir daha gördüm ki, ölkəmizin siyasətinə, mövqeyinə, prinsipiallığına, əldə edilmiş uğurlarımıza çox böyük rəğbət, hörmət var. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurla davam edır. Üzv olduğumuz təşkilatlar çərçivəsində fəaliyyətimizi gücləndiririk. Bütün başqa təşkilatlarla da qarşılıqlı hörmət əsasında münasibətlərimizi qurmuşuq və bu münasibətləri dərinləşdirmək istəyirik. Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarla fəaliyyətimiz daha da sürətlə aparılacaq".

Dövlət başçısı deyib ki, 2015-ci ildə bütün sosial proqramlar icra edilib: "Mən bir daha demək istəyirəm ki, baxmayaraq ki, bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bu il də heç bir sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılıb. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir. Bir sözlə, hesab edirəm ki, keçən il ölkəmiz üçün uğurlu olmuşdur. Dünya iqtisadiyyatı stress vəziyyətindədir. Neftin qiyməti dörd dəfə düşüb. Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və müəyyən dərəcədə buna nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq bu da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və süni şəkildə biz milli valyutamızı istədiyimiz səviyyədə saxlaya bilmərik. Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, biz bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır".

İlham Əliyev bildirib ki, artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər edilib: "Və mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, bu il iqtisadiyyatımızı daha da gücləndirə bilək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, birgə səylərlə bunu təmin edəcəyik. Hesab edirəm ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı tarixi hadisədir və tarixi naliyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik, 2004-cü ildən bu günə qədər bu illər ərzində ölkəmizdə 25 elektrik stansiyası tikilib. Ümumi elektrik stansiyalarının sayı 34-dür. 25-i son 12 il ərzində tikilib. 2004-cü ildə rayonlarda, demək olar ki, qaz yox idi və mənim rayonlara səfərlərim zamanı insanların ən böyük arzuları ondan ibarət idi ki, xahiş edirik, bizi qazla təmin edin. Amma biz özümüzü təmin edə bilmirdik, 2007-ci ilə qədər qazı xaricdən alırdıq".

Dövlət başçısı əlavə edib ki, bu gün Azərbaycanda qazlaşma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb: "Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkirik və bu gün bölgələrdə qazlaşma 80 faizə yaxınlaşır".

Prezident vurğulayıb ki, son 12 il ərzində 10 min km-dən çox yol çəkilib: "Bizim bir dənə də olsun, magistral yolumuz yox idi. Hansı vəziyyətdə idi magistral yollar? İndi magistral yollar, şəhərləri, başqa ölkələri birləşdirən yollar, kənd yolları çəkilib, çəkilir və bu il kənd yollarının çəkilişi üçün, hesab edirəm ki, əlavə vəsait ayrılmalıdır".

İlham Əliyev deyib ki, içməli su layihələri artıq bir çox şəhərlərdə icra edilib, 24 saat fasiləsiz, təmiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir və bu layihələr davam edir, davam edəcək: "Bütün şəhərlərdə əhaliyə 24 saat fasiləsiz təmiz içməli su verilməlidir. Bununla bərabər, çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırılıb, yarım milyon insan bu imkanlardan istifadə edir. Budur gördüyümüz işlər".

Prezident bildirib ki, sosial sahədə nə qədər böyük işlər görülüb, sosial infrastruktur yaradılıb: "12 il ərzində üç minə yaxın məktəb, altı yüzə yaxın xəstəxana tikilib, təmir edilib. Cəmi məktəblərimizin sayı hardasa beş minə yaxındır, üç mini 12 il ərzində tikilib. Bölgələrdə 41 olimpiya mərkəzi tikilib. Hələ Bakını demirəm. Bakı ən yüksək səviyyədə birinci Avropa Oyunlarına ev sahibliyi edib".

Dövlət başçısı qeyd edib ki, maaşlar təxminən 5 dəfə, pensiyalar isə 7 dəfə artıb: "Qaçqın və məcburi köçkünlər üçün 89 qəsəbə tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Hesab edin ki, bir böyük şəhər yaradılıb. Digər istiqamətlər üzrə də nəticələr çox müsbətdir. Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik, 1.7 milyard manat güzəştli şərtlərlə kreditlər verilib, bu ili də nəzərə alsaq, 2 milyard manat təşkil edəcək. Azərbaycana 200 milyard manat sərmayə qoyulub, onun yarısı xarici sərmayədir. Əgər biz sabitliyi, inkişafı, gözəl biznes mühitini, investisiya mühitini yaratmasaydıq, hansı xarici şirkət bura sərmayə qoya bilərdi? Bir vaxt sabitlik pozulmuş ölkələrə kimsə sərmayə qoyubmu? Qoymayıb. Və təbiidir. Kim risk edəcək? İndi vəsaitimiz var, biz özümüz haradasa sabitlik olmayan ölkəyə sərmayə qoya bilərikmi? Əlbəttə yox. Ona görə də bütün bunları yaratmalı idik".

Prezident bildirib ki, Azərbaycan xalqının xöşbəxtliyi ondan ibarətdir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi, bütün xoşagəlməz proseslərə son qoydu, vətəndaş müharibəsinə son qoydu, siyasi-iqtisadi islahatlara start verdi və ölkə 1996-cı ildən sonra yavaş-yavaş inkişaf etməyə başladı: "1996-cı ilə qədər sabitləşmə dövrü gedirdi. Baxın, əvvəlki rəhbərlik Azərbaycanı hansı vəziyyətə qoymuşdu ki, hətta ulu öndər Heydər Əliyev üçün təxminən 3 il vaxt lazım idi ki, vəziyyət sabitləşsin və biz inkişafa qədəm qoyaq. Bu gün Azərbaycan dünya miqyasında seçilmiş ölkələrdəndir, ləyaqətli ölkədir, müstəqil siyasət aparan ölkədir və bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır. Əgər biz iqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik, necə ki, bəzi ölkələri biz görürük - əgər özü özünü təmin edə bilmirsə, bunun başqa yolu yoxdur, gərək başqasının iradəsi ilə hərəkət etsin. Biz özümüz özümüzü təmin etdik. Düzdür, keçən il çətinlik olmuşdu, amma nə oldu? Biz çətinliklə də üzləşməliyik. 1990-cı illərdə çətin dövr olmamışdımı? Olmuşdu. İndi dünya iqtisadiyyadı dövri xarakter daşıyır, biz uzun illər ərzində yüksələn xətlə getmişik. İndi dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərə görə tənəzzül yaşanır. Biz də dünya iqtisadiyyatının bir parçasıyıq. Biz axı özümüzü dünya birliyindən, iqtisadiyyatından təcrid etməmişik, inteqrasiya etmişik, açıq bazar siyasəti aparılır, liberal iqtisadi siyasəti aparılır. Ona görə, bizə də təsir edir. Eybi yox, biz inamla inkişaf edəcəyik və biz qarşıda duran bütün vəzifələri icra edəcəyik. Yenə də demək istəyirəm ki, son 12 il ərzində biz böyük şərəfli yol keçmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra etmişik, Bakı-Tbilisi-Qars layihəsi bu il başa çatır".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib və kosmik sənayenin inkişafı, informasiya və kommunikasiya texnologiyalarının inkişafı bizim üçün prioritet məsələlərdən biridir: "Azərbaycan bu illər ərzində dünyada multikulturalizmin inkişafına çox böyük töhfələr verib və təsadüfi deyil ki, bu il Bakıda BMT-nin himayəsi altında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Əminəm ki, biz bu il uğurlu inkişafı təmin edəcəyik. Baxmayaraq ki, son 12 il ərzində bir milyon 500 min yeni iş yeri açılmışdı, yenə də iş yerlərinin açılmasına ehtiyac var. Mən əminəm ki, 2016-cı ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti