Bakı. Elçin Mehdiyev - Trend:
Bir neçə gün öncə Azərbaycanda Avropa üçün mühüm əhəmiyyət kəsb edən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclası keçirildi. İclasda Avropa İttifaqının, bir sıra Avropa ölkələrinin, o cümlədən ABŞ-ın yüksək vəzifəli rəsmiləri iştirak etdi və iclasın yekunu olaraq birgə bəyannamə imzalandı.
Təbii ki, "Cənub Qaz Dəhlizi"nin reallaşması Azərbaycanı dünyada söz sahibinə çevirir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunu xeyli artırır, həmçinin Azərbaycanla Avropa İttifaqı, eləcə də Avropa ölkələri arasında əməkdaşlığı xeyli dərinləşdirir.
Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycanın Avropada belə bir nüfuza sahib olması, həmçinin Avropa ilə əməkdaşlığının dərinləşməsi hazırda Avropa ilə gərgin münasibətlər şəraitində olan, eləcə də qitəyə qaz tədarük edən Rusiyanın ürəyincə olmaya bilər.
Bu baxımdan "Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycanla Rusiya arasında münasibətlərə hansısa təsir etməsi ehtimalı sual doğuran bir məsələdir.
Mövzuya toxunan Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politioloq Arzu Nağıyev hesab edir ki, burada Rusiya ilə Azərbaycan arasında heç bir münasibətlərin gərginləşməsindən söhbət gedə bilməz: "Rusiya ilə Azərbaycan arasında belə bir problem yaranmamalıdır. Bu gün Avropa şimal marşrutu ilə Rusiyadan qaz alır, eyni zamanda ikinci marşrut Ukraynanın ərazisindən keçirdi. Lakin 2009-cu ildən başlayaraq Ukrayna ilə Rusiya arasında problemlər yaranandan sonra Avropa alternativ variantlar axtarmağa başladı. Bu gün Rusiya ilə Avropa arasında qaz alqı-satqısı davam edir".
A.Nağıyev bildirib ki, Avropa ilə Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlıq hər iki tərəfin marağındadır: "Avropa öz qaz tədarükünü artırmaq, Azərbaycan isə öz təbii resurslarını satmaq istəyir. Bu gün Azərbaycanın "Şahdəniz" kimi böyük qaz yatağı var və Azərbaycan bu qazı satmaq istəyir. Qaz elə bir şeydir ki, çıxarılırsa, ixrac edilməlidir. Çünki bunu saxlamaq üçün qaz anbarlarını bu qədər yükləmək qeyri-mümkündür. Əgər qaz ixrac edilməsə, bu, sabah problemlər yarada bilər. Eyni zamanda qazın ixrac edilməsi Azərbaycanın iqtisadi inkişafı üçün vacib əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Rusiya da bunu başa düşür. Digər tərəfdən, Azərbaycan Rusiyanın qaz ixrac etdiyi ölkələrə qaz tədarük etmir. Burada müəyyən maraqlar da nəzərə alınır. Yəni Azərbaycan öz təbii qazını Avropaya ixrac etməklə Rusiyaya mane olmur".
Politoloq əlavə edib ki, Azərbaycan Rusiya ilə də qaz tədarükü sahəsində əməkdaşlıq edir: "Bu gün Rusiya ilə Azəbaycan arasında Bakı - Novo-Filya qaz kəməri mövcuddur. Hətta Rusiya elektrik enerjisinin Azərbaycan vasitəsilə İrana satılması məsələsi də nəzərdə tutulur. Bu baxımdan Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü də gözlənilir. Rusiya ilə Azərbaycan digər sahələrdə də strateji əməkdaşlıq edirlər. Bu məsələlər olan yerdə Rusiya ilə Azərbaycan arasında hansı narazılıqdan söhbət gedə bilər?!"