...

Avropa-Azərbaycan Cəmiyyəti və "Visions of Azerbaijan" jurnalının 10 illiyi qeyd edilib (FOTO)

Siyasət Materials 16 Mart 2016 19:49 (UTC +04:00)
Bu gün Bakıda Avropa-Azərbaycan Cəmiyyətinin və “Visions of Azerbaijan” jurnalının yaranmasının 10 illiyi təntənəli şəkildə qeyd edilib.
Avropa-Azərbaycan Cəmiyyəti və "Visions of Azerbaijan" jurnalının 10 illiyi qeyd edilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Avropa-Azərbaycan Cəmiyyətinin və "Visions of Azerbaijan" jurnalının yaranmasının 10 illiyi təntənəli şəkildə qeyd edilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Avropa-Azərbaycan Cəmiyyətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Avropa-Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov Cəmiyyətin yaranma tarixi və fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

T.Heydərov bildirib ki, Avropa-Azərbaycan Cəmiyyəti 2006-cı ildə Böyük Britaniyada təsis edilən London-Azərbaycan Cəmiyyətinın əsasında yaradılıb.

O bildirib ki, on il ərzində Avropa-Azərbaycan Cəmiyyəti Qərbdə Azərbaycanın müsbət imicinin güclənməsinə xidmət edən platforma kimi genişlənib, Azərbaycanın uğurlarını, antiazərbaycan dairələrin apardığı əks-təbliğatın əsl mahiyyətini Avropada qeyri-hökumət xətti ilə təqdim edən əsas təşkilatlardan biri kimi formalaşıb.

T.Heydərov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqq işinin müdafiəsinə dəstək təşkilatın fəaliyyətində əsas strateji xətti təşkil edib.

O bildirib ki, Cəmiyyət ayrı-ayrı Avropa ölkələri parlamentlərinin deputatları və dövlət strukturları, xüsusilə Xarici İşlər nazirlikləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün dünya ictimaiyyətinə yönəlmiş bəyanatlar və rəsmi açıqlamalar verilməsinə nail olunub.

Cəmiyyət sədri deyib ki, Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində hər il Avropanın 30-dan çox şəhərində tədbirlər təşkil edilir: "Bu tədbirlər zamanı Xocalı soyqırımı haqqında ABŞ və Litva kinematoqrafçılarının çəkdiyi və çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüş "Sonsuz dəhliz" filmi nümayiş etdirilib. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində xarici müəlliflər tərəfindən hazırlanmış "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" adlı kitab ingilis dilində işıq üzü görüb. Kitab fransız, türk və rus dillərinə də tərcümə edilərək nəşr edilib".

T.Heydərov bildirib ki, Avropa-Azərbaycan Cəmiyyəti Avropanın nüfuzlu media təmsilçilərinin Azərbaycanla yaxından tanış olması üçün ölkəyə press-turların təşkilinə də öz töhfəsini verib və Azərbaycan haqqında hazırlanan məqalələr dünyanın ən nüfuzlu media vasitələrində işıq üzü görüb.

Cəmiyyətin sədri deyib ki, Azərbaycanın elm və təhsilinə töhfə verilməsi təşkilatın əsas fəaliyyət istiqmətlərindəndir: "Cəmiyyətin tərkibində yaradılan Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi Azərbaycan tarixinin aktual problemləri üzrə Böyük Britaniya, Türkiyə və Rusiya arxivlərindən aşkar edilmiş nadir sənədlərdən ibarət topluları nəşrə hazırlayıb. Mərkəz vasitəsilə ölkənin nüfuzlu elm adamlarının əsərlərinin çapına dəstək verilib".

T.Heydərov bildirib ki, Avropa ölkələrində azərbaycanlı qaçqınlar və köçkünlərin həyatını işıqlandırmaq məqsədilə tanınmış fotoqraflar Filip Ratmer və Ed Kaşi Azərbaycana dəvət olunub: "Onların qaçqın və məcburi köçkünlərin həyatına dair çəkdiyi fotolar Avropa dövlətlərinin paytaxtlarında sərgilənib. Xocalı faciəsi vaxtı Azərbaycanda olan və bu barədə fotolar çəkən məşhur fransız fotoqrafı Frederik Lenqiaiqnenin ilk dəfə sərgisi keçirilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə dair ingilis, türk, rus və s. dillərdə 20-dən artıq kitab nəşr edilib və dünyada yayılıb".

O, əlavə edib ki, 2011-ci ildə Cəmiyyət tərəfindən Azərbaycanda orta təhsilin inkişafına dəstək məqsədilə Avropa-Azərbaycan Məktəbi (EAS) təsis edilib: "Məktəb dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatların - Beynəlxalq Məktəblər Şurasının (CIS), Beynəlxalq Məktəblərin Avropa Şurasının (ECIS), Beynəlxalq Bakalavriat Təşkilatının (IBO) tamhüquqlu üzvü seçilib. 2014-cü ildə təhsil üzrə xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan Müəllim İnkişaf Mərkəzi təsis olunub. Bakı şəhərində 1800 nəfərdən artıq müəllim mərkəzin peşəkar inkişaf məqsədli təlimlərində iştirak edib".

T.Heydərov, həmçinin vurğulayıb ki, Cəmiyyət 2014-cü ildə "TEAS Press" Nəşriyyat evini yaradıb: ""TEAS Press" Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə aid onlarla kitab nəşr edib. 2015-ci ildə "TEAS Press"in Türkiyə bölməsi yaradılıb. "TEAS Press"in uşaq və gənclər ədəbiyyatı nəşri üzrə ixtisaslaşmış "Üç alma" adlı bölməsi 100-dən çox kitab çap edib. Kembric Beynəlxalq İmtahan Mərkəzi, Oksford Universiteti Nəşriyyatı ilə birgə Avropa Dillərinin Tədrisi Mərkəzi yaradılıb. Azərbaycanda xarici dilləri ən yüksək standartlarla tədris edəcək bu mərkəzdə cari ilin aprel ayından ilk dərslər başlayacaq".

T.Heydərov vurğulayıb ki, Avropa-Azərbaycan Cəmiyyətinin təsis etdiyi "Visions of Azerbaijan" jurnalı ölkənin ingilisdilli mətbuatı içərisində mühüm yer tutur: "2006-cı ildən bu günədək jurnalın 250 000 nüsxədən ibarət 50-dən çox sayı işıq üzü görüb. Jurnalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti, etnoqrafiyası, mətbəxi və s. rubrikalar üzrə minədək müxtəlif məqalə nəşr edilib. Jurnal dünyanın məşhur kitabxanalarının fondlarına və kataloqlarına daxil edilib. Onun ətrafında həm yerli, həm də əcnəbilərdən ibarət nüfuzlu müəlliflər kollektivi toplanıb. Jurnalın saytı qlobal internet məkanında Azərbaycan haqqında ən böyük ingilisdilli resurslardan hesab edilir. Yubiley çərçivəsində jurnalın yenilənmiş saytı - www.visions.az oxuculara təqdim edilir. Qlobal elektron medianın inkişafında yaranan müasir meyillərə uyğun olaraq, aprel ayından etibarən jurnalın hər ay "digital TV" formatında yayılması planlaşdırılır. Proqramları visionstv.az saytından izləmək mümkün olacaq".

Daha sonra tədbirdə Əli Həsənov çıxış edib.

Tədbirdə, həmçinin "Visions of Azerbaijan" jurnalının ilk redaktoru An Tomson Əhmədova çıxış edib. O, qeyd edib ki, Azərbaycan haqqında bu jurnaldan öyrənib.

İlk redaktor əlavə edib ki, ötən 10 ildə jurnal Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə çoxlu sayda materiallar nəşr edib.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti