...

Deputat: Azərbaycan təhlükəsizlik məsələlərində xüsusi mövqeyi olan dövlətdir

Siyasət Materials 29 Mart 2016 16:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı ölkəmizin nüvə təhlükəsizliyi məsələlərinə çox qətiyyətli dəstək verdiyini bir daha göstərir.
Deputat: Azərbaycan təhlükəsizlik məsələlərində xüsusi mövqeyi olan dövlətdir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı ölkəmizin nüvə təhlükəsizliyi məsələlərinə çox qətiyyətli dəstək verdiyini bir daha göstərir. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, ötən il dekabr ayında ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etmişdi: "Dəvət məktubunda Barak Obama Azərbaycanın nüvə təhlükəsizliyi məsələlərinə çox qətiyyətli dəstək verdiyini və bundan sonra da Azərbaycanın həmin siyasəti həyata keçirəcəyinə ümid etdiyini ifadə etmişdi".

E.Nəsirov vurğulayıb ki, Azərbaycan təhlükəsizlik məsələlərində xüsusi mövqeyi olan dövlətdir və ABŞ-la, dünyanın terrorizmə qarşı mübarizəyə qoşulan koalisiya ölkələri ilə sıx münasibətlərdədir: "Azərbaycan İraqda və Əfqanıstanda təhlükəsizliyin təminatına xüsusi töhfələr vermiş dövlətdir. Ölkəmiz bu gün də Əfqanıstanda həmin missiyanı həyata keçirir".

Deputat qeyd edib ki, Azərbaycan Ermənistanın terrorizm siyasətinin hədəfində olduğundan ölkəmiz üçün nüvə terrorizmi məsələləri ilə bağlı müzakirələrin aparılması olduqca vacibdir: "Nəzərə alsaq ki, Vaşinqton sammitində ilk növbədə nüvə elementlərinin, nüvə materiallarının qorunub saxlanılması, yayılmasının qarşısının alınması, o cümlədən, nüvə silahının terrorçuların əlinə düşməsinə imkan verilməməsi kimi məsələlər müzakirə ediləcək. Bu məsələlər Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Bütün bu reallıqlar fonunda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu həm Azərbaycan dövlətinə olan münasibətin ifadəsidir, həm də ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə verilən qiymətdir".

E.Nəsirov əlavə edib ki, eyni zamanda ABŞ-a səfər çərçivəsində, Prezident İlham Əliyevin ABŞ rəhbərliyi, ayrı-ayrı dövlətlərin rəhbərləri ilə çox geniş spektrdə müzakirələr aparması nəzərdə tutulur: "Bu səfər həm də ABŞ-Azərbaycan münasibətlərinin yaxınlaşması baxımından olduqca faydalı və əhəmiyyətlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti