...

XİN: Rəsmi Bakı Somalidə həlak olan Azərbaycan vətəndaşının kimliyini araşdırır

Siyasət Materials 31 Mart 2016 09:34 (UTC +04:00)
Rəsmi Bakı Somalinin paytaxtı Moqadişoda martın 30-da baş vermiş hadisə ilə bağlı araşdırma aparır.
XİN: Rəsmi Bakı Somalidə həlak olan Azərbaycan vətəndaşının kimliyini araşdırır

Bakı. Trend:

Rəsmi Bakı Somalinin paytaxtı Moqadişoda martın 30-da baş vermiş hadisə ilə bağlı araşdırma aparır.

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib: "Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Somalinin paytaxtı Moqadişoda 30 mart tarixində içərisində Türkiyə və Azərbaycan vətəndaşlarının da olduğu nəqliyyat vasitəsinə silahlı hücum edildiyi və hücum nəticəsində həlak olanlar arasında bir nəfər Azərbaycan Respublikası vətəndaşının olduğu barəsində məlumat verilib".

H.Hacıyev deyib ki, Azərbaycanın Ankaradakı səfirliyi həlak olan Azərbaycan vətəndaşının kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır: "Biz də həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk".

x x x

Qeyd edək ki, Somalinin paytaxtı Moqadişoda məktəb avtobusuna edilən hücum nəticəsində hər ölkədən bir nəfər olmaqla Azərbaycan, Türkiyə və Somali vətəndaşları həlak olub, yaralılar da var. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Daha öncə Somali vətəndaşları olan avtobus sürücüsü və tərcüməçinin öldüyü, həmçinin dörd Türkiyə vətəndaşının öldüyü barədə məlumat yayılmışdı.

Qeyd olunur ki, hadisə nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.

Türkiyə XİN bu hücumu qınayıb: "Bu terror aktını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti