...

Regionun gələcək taleyini həll edəcək səfər...

Siyasət Materials 1 Aprel 2016 16:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri tək Azərbaycan üçün deyil, regional problemlərin həlli üçün mühüm bir məsələdir.
Regionun gələcək taleyini həll edəcək səfər...

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri tək Azərbaycan üçün deyil, regional problemlərin həlli üçün mühüm bir məsələdir. Əminliklə qeyd etmək olar ki, bu səfərin nəticələrinə uyğun olaraq regionda mühüm məsələlər həll ediləcək və regionun və Cənubi Qafqazdan da uzaqlarda olan dövlətlərin də gələcək taleyi vacib bir mərhələyə qədəm qoyacaqdır.

Azərbaycan Prezidentinin belə vacib bir tədbirə dəvət edilməsi və mühüm görüşlər keçirməsi məhz Azərbaycanın dünyada təhlükəsizliyin təmin edilməsinə, terrorizmə qarşı mübarizəyə verdiyi töhfələrə görə nüvə təhlükəsizliyinin təmin edilməsində rolunun yüksək qiymətləndirilməsi ilə bağlıdır. Bu isə Azərbaycanın dünyada ən vacib məsələlərdə etibarlı tərəfdaşa çevrildiyini bir daha sübut edir, Azərbaycan Prezidentinin sammitdə iştirakı buradan qaynaqlanır.

Prezident İlham Əliyevin ABŞ rəsmiləri, o cümlədənn vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri ilə görüşü istər regional münaqişələrin həllinə, istərsə də meqalayihələrin həyata keçirilməsinə mühüm töhfə verə bilər. Təbii ki, burada əsas məqam məhz Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlıdır. Məhz buna görə də ABŞ rəsmiləri öz çıxışlarında dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdilər və bunun ABŞ üçün vacib bir amil olduğunu bildirdilər.

Bu bəyanatlar ABŞ və Azərbaycan münasibətlərin daima inkişafda olduğunu və bundan sonra da olacağını göstərir. Eyni zamanda ABŞ rəsmilərinin çıxışları antiazərbaycan qüvvələrinə, eyni zamanda Ermənistana və onun havadarlarına bir mesajdır. Yəni Azərbaycan istər daxildə, istərsə də xaricdə dini dəyərlərə, tolerantlığa hörmətlə yanaşmaqla bərabər, öz dünyəviliyinə də sadiqdir. Bu istiqamətdə də öz müstəqil siyasətini yürüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin regional təhlükəsizliklə bağlı yürütdüyü siyasətin nəticəsi olaraq ABŞ üçün də vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə regionda meqalayihələrin həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsidir. Məhz buna görə də Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini dəfələrlə vurğulayır və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqətin artacağını qeyd edir. Məhz buna görə də bundan sonra münaqişənin həlli istiqamətində müəyyən aktivlik gözləmək olar. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Prezidentinin səfəri hətta ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə də müsbət təsir göstərən bir faktor olacaqdır.

Səfərin mühüm əhəmiyyətlərindən biri də təhlküəsizlik baxımından mürəkkəb bir regionda yerləşən Azərbaycanın apardığı siyasət nəticəsində tək regionun deyil, eyni zamanda Avropanın da enerji və nəqliyyat təhlükəsizliyini təmin etməsidir. Bununla bağlı ABŞ-ın vitse-prezidenti Co Bayden də öz çıxışında "Cənub Qaz Dəhlizi" layihəsinin Avropa üçün mühüm bir layihə olduğunu və Azərbaycanın bu layihənin təşəbbüskarı olduğunu və həyata keçməsində səylərini yüksək qiymətləndirdi.

ABŞ rəsmiləri üçün də aydındır ki, Bakının səyləri nəticəsində bu gün Asiya və Avropanı birləşdirəcək transmilli bir layihənin həyata keçirilməsinə start verilib. Eyni zamanda Bakı-Tbilis-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir, Xəzərdə Ələt limanının tikintisi də başa çatıb.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri nüvə təhlükəsizliyi ilə yanaşı, dünyada və regionda baş verən proseslərin müsbət məcraya yönəldilməsində də mühüm amildir və bunda Azərbaycanın təcrübəsi də vacibdir. Məhz bu amillər regionun gələcək taleyini həll edəcəkdir...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti