...

Xələf Xələfov: Avropa bir milyon qaçqının qarşısında özünü itirmişdi, Azərbaycan isə bu problemi təkbaşına həll edir

Siyasət Materials 13 May 2016 13:35 (UTC +04:00)
Avropa bir milyon qaçqının qarşısında özünü itirmişdi, Azərbaycan isə bu problemi təkbaşına həll edir.
Xələf Xələfov: Avropa bir milyon qaçqının qarşısında özünü itirmişdi, Azərbaycan isə bu problemi təkbaşına həll edir

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa bir milyon qaçqının qarşısında özünü itirmişdi, Azərbaycan isə bu problemi təkbaşına həll edir. Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələrdə deyib.

Nazir müavini bildirib ki, Ermənistan münaqişənin həlli ilə bağlı proseslərdə daim öz maraqlarına uyğun təxribatlar törədib: "Biz indiyə qədər təmas xəttində ermənilərin geniş təxribatlarının şahidi olmuşuq. Məqsəd isə odur ki, Ermənistan vaxt qazansın, təcavüzün nəticələrinin aradan qaldırılması məsələsi arxa plana keçsin və Ermənistana uyğun olan həll prosesi başlansın. Lakin Azərbaycan bu planların həyata keçməsinə imkan verməyib".

X.Xələfov deyib ki, ötən aprel ayında baş verən hadisələrin əsas səbəbkarı da təcavüzkar siyasəti özünün dövlət siyasətinə çevirən Ermənistan tərəfi olub.

Nazir müavini qeyd edib ki, Azərbaycan erməni təcavüzü nəticəsində böyük humanitar problemlərlə üzləşib: "Azərbaycan təcavüz nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən insanların həyat şəraitini yaxşılaşdırmaq, humanitar problemi aradan qaldırmaq üçün tədbirlər görür. Biz bu işləri 1996-cı ildən beynəlxalq təşkilatların köməyi olmadan davam etdirmişik. Bunu dünya birliyi də qiymətləndirir".

X.Xələfov vurğulayıb ki, Avropa bir milyon qaçqının qarşısında özünü itirmişdi, Azərbaycan hökuməti isə bu problemin öhdəsindən təkbaşına gəlir.

Nazir müavini vurğulayıb ki, Ermənistanın əsas məqsədi atəşkəsi pozmaqla, böyük silahlardan istifadə etməklə Azərbaycanda yeni humanitar problem yaratmaq, Azərbaycanın daxili sabitliyini pozmaq və yeni təcavüz siyasətinə başlamaq idi: "Bu, çox təhlükəli addımdır. Mən inanıram ki, dünya birliyi bunu dərk edir. Düşünürəm ki, ona görə dünya birliyi çox böyük səylə atəşkəsin bərpa edilməsinə çağırışlar etdi. Yenə də bu çağırışlar fonunda Ermənistanın əsl üzünü gördü. Azərbaycan birtərəfli qaydada atəşi dayandırdı, buna baxmayaraq ermənilər aprel döyüşləri zamanı itirdikləri əraziləri qaytarmaq üçün hücumları davam etdirdilər. Amma Azərbaycan Ordusu həmişə olduğu kimi bunun qarşısını aldı, Azərbaycan vətəndaşlarını qorumağa qadir olduğunu göstərdi".

Nazir müavini deyib ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün bütün imkanlardan istifadə edəcək: "Biz həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinə istinad edirik, digər nüfuzlu təşkilatlar da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı analoji mövqeyi sərgiləməkdədir. Amma bir məsələni də demək lazımdır. BMT qətnamələri də Azərbaycana qarşı ədalətsiz kontekstdə qəbul olunmuş qətnamələrdir. Bu qətnamələr təcavüzə qarşı qətnamələr deyil. Bu qətnamələr BMT nizamnaməsinin təcavüz aktı bölməsinə uyğun qəbul olunmayıb, münaqişələrin sülh yolu ilə həll olunması bölməsinə uyğun qəbul edilib. Ona görə də bu qətnamələr bu günə qədər yerinə yetirilmir. Amma beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. BMT Təhlükəsizlik Şurası müvafiq tədbirlər görmədiyi halda hər bir ölkə özü tədbirlər görmək hüqüquna malikdir. Azərbaycan bu hüququ özündə saxlayır".

X.Xələfov bildirib ki, Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərində mövcud olması həm regionda, həm də ümumilikdə dünyada təhlükəsizliyə ən böyük təhdiddir: "Mən inanıram ki, həmsədrlər də, beynəlxalq birlik də status-kvonun dəyişməli olduğunu deyərkən bunu nəzərə almalıdır. Çünki status-kvonun dəyişməsi üçün Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır".

Nazir müavini qeyd edib ki, təcavüz dövründə Ermənistan Azərbaycana qarşı böyük cinayətlər törədib: "Həm humanitar, həm də soyqırım cinayətləri törədib. Mən Xocalı soyqırımını xüsusi qeyd etmək istəyirəm. Buna hələ dünyada hüquqi qiymət verilməyib. Bu, beynəlxalq hüquqa bir ləkədir. Bunun məsuliyyəti BMT-nin üzərinə düşür. Azərbaycanın işi haqq işidir. Biz gec-tez öz torpaqlarımızı işğaldan azad edəcəyik və təcavüz nəticəsində baş vermiş cinayətə görə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi cavab verməli olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti