Bakı. Elçin Mehdiyev - Trend:
90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizədliyini irəli sürmüş REAL hərəkatının sədri İlqar Məmmədovun şikayəti qismən təmin edilib.
Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında DSK-nın müraciəti qismən təmin edilib. Belə ki, DSK-nın qərarı düzgün olmadığı üçün ləğv edilib.
Bildirilib ki, Şəki Apelyasiya Məhkəməsi İ.Məmmədov barədə məhkəmənin çıxardığı qərarı qüvvədə saxladığı üçün 90 saylı Ağdaş seçki dairəsi onun namizədliyini qeydə almaqdan imtina edib.
MSK üzvü Qabil Orucov deyib ki, DSK İ.Məmmədov üçün verilmiş imza vərəqələri boş qaytarıldığı üçün onun namizədliyinin qeydə alınmaması barədə qərar verməli idi.
MSK sədri Məzahir Pənahov nəzərə çatdırıb ki, məhkəmə İ.Məmmədov haqqında çıxarılmış hökmü qüvvədə saxladığı üçün Ağdaş DSK-nın İ.Məmmədovun namizədliyinin qeydə alınmaması barədə qərarı düzgündür: "Ancaq DSK-nın qərarında həm də boş imza vərəqələri təqdim edildiyi üçün İ.Məmmədovun namizədliyinin qeydə alınmadığı əksini tapmalı idi. Yəni DSK-nın qərarında İ.Məmmədovun namizədliyinin qeydə alınmaması ilə bağlı iki əsas da öz əksini tapmalı idi".
MSK İ.Məmmədovun namizədliyinin qeydə alınmaması ilə bağlı hər iki əsas göstərilmədiyi, natamam olduğu üçün Ağdaş DSK-nın qərarını ləğv edib. Bununla belə, MSK-nın qərarında İ.Məmmədovun namizədliyinin qeydə alınmasının mümkün olmadığı əksini tapıb.