Bakı-Trend:
Trend Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun yap.org.az saytına müsahibəsini təqdim edir
- Siyavuş müəllim, Konstitusiyada nəzərdə tutulan dəyişikliklər hansı zəruri amillərlə şərtlənir?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunub. Konstitusiya Məhkəməsi qanunvericilikdə nəzərdə tutulan müddətdə-7 gün ərzində bu layihəyə baxıb öz rəyini verməlidir.
Konstitusiya dəyişikliklərinə zərurət yaradan səbəblər nədən ibarətdir? Qeyd etmək istərdim ki, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasında gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması , dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün müraciətlərinin tam şəkildə təmin edilməsi, aidiyyatı orqanların fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, o cümlədən seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən, bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından irəli gələn dəyişikliklərdir. Bu dəyişikliklər çox vacibdir, aktualdır və günün tələblərinə tam cavab verir. Burada mən Azərbaycanın Konstitusiya tarixinə qısa ekskurs etmək istərdim. Məlumdur ki, ötən əsrin əvvəlində Azərbaycan Demokratik Cümhuriyyəti yaradıldı və 23 ay yaşadı. Düzdür, Azərbaycan parlamenti həmin dövrdə bir sıra qərarlar, qanunlar qəbul etdi. Lakin həmin dövrdə müstəqil Azərbaycan Demokratik Cümhuriyyətinin Konstitsiyasını qəbul etmək şansı olmadı, buna zaman imkan vermədi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə qəbul olunub. Sonradan 1925-ci ildə Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqına daxil olduqdan sonra həmin Konstitusiyanın üzərində müəyyən təkmilləşdirmə aparılıb. Mən 1978-ci ildə qəbul olunmuş Konstitusiyanı Konstitusiya tariximizdə ən mühüm sənəd kimi dəyərləndirirəm. Orada bir sıra müddəalar öz əksini tapmışdı ki, bunların da ən əsaslarından biri azarbaycançılıq ideyası idi. Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasını özündə ehtiva edən maddənin Konstitusiyaya salınması çox mühüm məsələ idi ki, bu da Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Müstəqillik haqqında Konstitusiya Aktı qəbul olundu. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi məsələsi müzakirə olunsa da, Konstisiyanın layihəsinin hazırlanması və qəbulu baş tutmadı. Prosesə yenə də Ümummilli lider Heydər Əliyev təkan verdi. Əsas Qanunun layihəsi Ulu öndərin rəhbərliyi altında yaradılmış Konstitusiya Komissiyası tərəfindən hazırlandı və 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası qəbul olundu. Bu gün də həmin Konstitusiyanın əsasında Azərbaycanın digər qanunları , milli qanunvericilik formalaşır və bu proseslər davam edir. İlk Konstitusiyamız, bilirsiniz ki, 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Konstitusiyanın qüvvədə olduğu sonrakı dövrlərdə hansı sahədə əlavə və dəyişikliklərə ehtiyac duyulduqca Azərbaycanda bir neçə dəfə referendum keçirilib. Bunlardan birincisi 24 avqust 2002-ci ildə keçirilib. İkinci referendum 18 mart 2009-cu ildə baş tutub. Birinci referendumda Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31dəyişiklik və əlavələr olundu. İkincidə isə Əsas Qanunun 9 maddəsinə ümumilikdə 41 əlavə və dəyişikliklər edildi. Hazırda təklif olunan variantda isə Konstitusiyanın 29 maddəsinə 39 düzəliş və əlavə təklif olunur.
- Konstitusiya dəyişiklikləri ilə bağlı bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Bu sahədə dünya praktikasını xatırlatmağınız yerinə düşərdi.
- Həqiqətən də, bəzən görürsən ki, Konstitusiya əleyhinə ajiotaj yaratmaq istəyən , şər və böhtan atan, Əsas Qanuna əlavə və dəyişiklər edilməsini tamam başqa istiamətə yönəltməklə ictimaiyyəti çaşdırmağa çalışan qüvvələr də ortaya çıxır. Konstitusiya hüququnu bilməyən , heç vaxt Konstitusiyanın tədqiqini aparmayan ayrı-ayrı şəxslır təklif olunan əlavə və dəyişikliklərlə bağlı hansısa “fikir” bildirməyə çalışırlar. Biz burada dünya praktikasından geniş söhbət aça bilərik. Dünya praktikasında da konstisuyalara mütəmadi olaraq əlavələr, dəyişikliklər olunur. Təbii ki, əgər dünya yalnız bir Konstitusiya ilə idarə olunacaqdısa, onda elə yeganə Konstitusiya qəbul olunardı. Hər bir Konstitusiyasda həmin ölkənin, xalqın milli-mənəvi dəyərləri, tarixi kökləri, ənənələri, digər spesifik cəhətləri normativ aktlar kimi öz əksini tapmalıdır. Əgər bu gün bütün dünya Amerika Birləşmiş Ştatlarının Konstitusiyasına istinad edərdisə, onda digər milli dövlətlərin özlərinin konstitusiyalarını qəbul etmələrinə heç bir ehtiyac qalmazdı. Yeri gəlmişkən, ABŞ-ın Konstitusiyasının özündə də kifayət qədər dəyişikliklər və əlavələr olunub. Hətta mən qeyd edim ki, Avropa İttifaqına daxil olan ölkələrin ümumi Konstitusiyası olmasına baxmayaraq , hər bir ölkənin özünün də Konstitusiyası qüvvədədir. Yəni Avropa İttifaqı məkanında vahid Konstitusiya ilə yanaşı, milli konstitusiyalar da fəaliyyət göstərir və hər ölkənin Konstitusiyasında da həmin ölkənin tarixi , özünəməxsus cəhətləri və digər məsələlər geniş nəzərdə tutulub. ABŞ-ın ilk Konstitusiyası qəbul edildikdə orada preambuladan və təxminən 7 maddədən ibarət idi. ABŞ-ın Konstitusiyası 1878-ci ildə qəbul olunmuşdu. 1791-ci ildə, yəni çox qısa müddətdən- cəmi 4 ildən sonra ora 10 maddə əlavə olundu. Bu günədək ABŞ-ın Konstitusiyasına 27 əlavə və düzəliş edilib, yəni 7 maddəyə 27 düzəliş edilib. Bu o deməkdir ki, Konstitusiya qüvvədə olduğu dövrdə 3 dəfədən artıq əlavələr olunub. Beləliklə, zaman dəyişdikcə ortaya yeni reallıqlar çıxır və bu yeni reallıqlar da Konstitusiyada öz əksini tapmalıdır. Konstitusiyada zaman-zaman dəyişikliklər edilməzsə, inkişaf da zəifləyər. Bu baxımdan da Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər günün reallığı, günün tələbi, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına , onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir.
- Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri blok halında necə təqdim edərdiniz?
- Biz dəyişikliklərə blok şəklində baxsaq, görərik ki, onların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Yəni bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər əsas götürülüb. Biz mütəmadi olaraq müxtəlif informasiya portallarında, saytlarda kiminsə haqqında və yaxud kiminsə işi, şəxsi həyatı, fəaliyyəti ilə əlaqədar onun özünün razılığı olmadan “tədqiqat” aparıldığının və ictimailəşdirildiyinin şahidi oluruq. Bu gün Konstitusiyaya təklif olunan dəyişikliklər məhz belə “ictimailəşdirmə”nin, anonim yazışmaların qarşısını alır və hər bir insan qarşısında məsuliyyət yardır. O cümlədən insanların sərbəst toplaşmaq azadlıqları ilə bağlı digərlərinin hüquqlarının pozulmasının və onlara qarşı hər hansı bir kin, nifrət aşılanmasının, ləyaqətdən kənar hərəkətlərin edilməsinin qarşısı alınır. Tutaq ki, sərbəst toplaşmaq haqqında qanuna uyğun olaraq hər hansı bir sərbəst toplaşmaq hərəkəti həyata keçirilir və həmin tədbirdə də kiminsə şərəf və ləyaqəti aşağılanır və yaxud da onun şərəf və ləyaqətinə qarşı hər hansı bir hörmətsizlik edilir. Bu da şəxsin toxunulmazlığının pozulmasına gətirib çıxarır. Məhz bu kimi məsələlər də əlavə və dəyişikliklərdə öz əksini tapıb və bu da vacib olan şərtlərdən biridir.
Ordu, Silahlı Qüvvələrlə bağlı təklif olunan dəyişiklikləri xüsusi vurğulamaq istərdim. Bilirsiniz ki. Azərbaycan müharibə şəraitində yaşayır, necə ildir ki, ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, 20 faizdən artıq torpaqlarımız işğal altındadır. Burada Silahlı Qüvvələrə üstünlüyün verilməsi vacib şərtdir. Əgər bu günə qədər Ali Baş Komanbdan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olunacaq. Təbii ki, Prezident ali icra hakimiyyətinin başçısı kimi, bu səlahiyyətləri həyata keçirirdi, lakin Konstitusiya dəyişikliklərdə bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi məsələsi öz əksini tapır. Yəni elə silahlı birləşmələr var ki, onlar silahlı qüvvələrə daxil deyil. Lakin həmin silahlı birləşmələr kifayət qədər inkişaf edib, genişlənib. Götürək, Sərhəd Qoşunlarını, götürək, daxili qoşunları , həmçinin digər qoşun növləri mövcuddur ki, bunlar Silahlı Qüvvələrə daxil deyillər. Konstitusiya təklif olunan dəyişikliklərlə əlaqədar Silahlı Qüvvələr məvhumu daha da genişlənir Onların hamısı Ali Baş Komandanən əmri əsasında fəaliyyət göstərəcək ki, bu da bizim həm təhlükəsizlik sistemimizin möhkəmlənməsinə, həm də ordu quruculuğunda, Silahlı Qüvvələrin möhkəmlənməsində , işğal olunmuş ərazilərin azad olunmasında xüsusi rol və əhəmiyyət kəsb edəcəkdir.
Digər mühüm məsələlərdən biri mülkiyyət münasibətləri ilə əlaqədardır. Bəziləri bu məsələdən də siu-istifadə cəhdlərinə yol verirlər. Bilirsiniz ki, Azərbaycanda torpaq özəlləşdirilib, mülkiyyət forması Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıbdır. Respublikamızda mülkiyyətin 3 forması mövcuddur: dövlət mülkiyyəti, özəl mülkiyyət və bələdiyyə mülkiyyəti. Lakin bu gün torpaqların təyinatının dəyişdirilməsi məsələsi, doğrudan da, aktualdır. Biz bununla bağlı parlamentdə də müzakirələr aparmışıq, müxtəlif qərarlar qəbul olunub. Əslində, təyinatı üzrə istifadə olunmayan torpaqlara görə vergilərin tətbiq edilməsi məsələsi də gündəmə çıxarılıb. Hazırda dünyada ərzaq təhlükəsizliyi böyük aktuallıq kəsb edir. Bununla əlaqədar olaraq da Azərbaycanda da torpaqların səmərəli istifadə edilməsi olduqca vacib məsələlərdən biridir. Torpaqlar sosial ədalət prinsipi gözlənilməklə təyinatına uyğun istifadə olunmalıdır. Konstitusiya təklif olunan dəyişikliklər vətəndaşlara həmin torpaqlardan, həmin mülkiyyət formalarından istifadəsinə bilavasitə təminat verir, eyni zamanda o prinsipi möhkəmlədir ki, hər bir şəxs hansısa ərazini , belə deyək, çəpərləyib saxlamalı deyil, onu təyinatına uyğun istifadə etməlidir. Biz yerlərdə şahidi oluruq ki, hər hansı bir torpaq sahəsi pay torpağı kimi verilib, bunun təyinatı əkin üçün nəzərdə tutulub, lakin həmin torpaq əkin üçün deyil, tamam başqa məqsədlərlə istifadə edilir. Beləliklə də, həm digərlərinin hüququ pozulur, məsələn, deyək ki, qonşu öz torpaq sahəsini suvara bilmir, digər problemlər meydana çıxır, eyni zamanda, başqa təyinatlarla istifadə edildikdə torpaq öz məhsuldarlığını itirir və sonradan həmin torpağın məhsuldarlığını təmin etməklə bağlı hər hansı tədbir görmək mümkün olmur. Bu məsələlər də Konstitusiyaya təklif edilən dəyişikliklərdə öz əksini tapan müddəalardandır.
- Seçkilərdə yaş həddi ilə bağlı qadağaların aradan qaldırılması təklifi barədə daha ətraflı söhbət açmağınızı xahiş edirik.
- Bəli , təklif olunan əlavə və dəyişikliklərin bəziləri barədə daha geniş müzakirələr aparılır. Burada daha çox hallandırılan bir neçə məsələ var ki, onlardan da biri yaş həddinin aradan götürülməsi ilə bağlı olan dəyişikliklərdir. Bu nədən irəli gəlir? Bilirsiniz ki, bizdə müxtəlif yaş hədləri müüəyyənləşdirilib və bu yaş hədləri ilə əlaqədar seçkilərdə iştirak məsələsi ortaya çıxır. Biz istəyirik ki, seçmək və seçilmək hüququ olan insan , Konstitusiya tərəfindən bu hüquq verilmiş şəxs heç bir məhdudiyyətlə rastlaşmasın. Belə hallar dünyanın bir çox ölkələrində, demək olar ki, ümumiyyətlə mövcud deyil. Bura Fransanı, Finlandiyanı, başqa inkişaf etmiş ölkələri daxil etmək mümkündür. Avropanın bu kimi aparıcı dövlətlərində bu qəbildən olan məhdudiyyətlər yoxdur. Bizdə isə 18 yaşına çatan şəxsin seçmək hüququ var. Bu təbiidir, olmalıdır. Bundan sonra bələdiyyə üzvlüyünə seçilmək üçün 21 , parlamentə seçilmək üçün 25, ali dövlət orqanlarına- Konstitusiya Məhkəməsinin üzvlüyünə, ayrı-ayrı məhkəmələrə 30, və prezident seçilmək üçün 35 yaş həddi müəyyənləşdirilib. Hətta mənim xatirinmdədir, bir vaxtlar Ümummilli liderin prezidentliyə namizəd göstərilməməsi üçün yuxarı -65 yaş həddi də müəyyənləşdirilmişdi. Bununla Ulu öndərin prezident seçkilərində iştirak etməsini əngəlləmək istəyirdilər. Bu çox anormal bir hal idi. İndi əlavə və dəyişikliklərdə bu müddəaların da aradan qaldırılması nəzərdə tutulub. Yəni yaş həddi məhdudiyyəti ümumiyyətlə götürülür. Biz statistikaya nəzər salsaq, nəyə rast gəlinir? Azərbaycan əhalisi 2016-cı ilin yanvarına qədər 9705 643 nəfər olub. Bunun 5127111 nəfəri seçicidir. Yəni seçmək hüququna malikdir. Lakin seçmək hüququ olan bu vətəndaşların böyük əksəriyyəti həmin bəhs olunan yaş həddinə görə seçilmək hüququndan məhrum olunurlar. Bizdə 18-21 yaş arasında olan insanların sayı 623 772 nəfərdir.18-25 yaş arasında olanların sayı 1354209 nəfərdir. 18-30 yaş arasında olan insanların sayı 2390390 nəfərdir. 18-35 yaş arasında olan insanların sayı isə 3106489 nəfərdir. Yəni biz 3106489 insanın hüququnu burada pozuruq , bunların 35 yaşları yoxdursa, onlar prezident seçkilərində namizəd kimi iştirak edə bilməzlər. Yəni ümüumi seçicilərin-5127111 nəfər seçicinin cəmi 1 milyon 962 nəfəri bu hüquqdan istifadə edə bilər və 3106489 nəfər bu hüquqdan istifadə edə bilməz. Bu, doğrudan da, çox anormal bir haldır. Tutaq ki, şəxsin 35 yaşı yox, 34,5 yaşı var, bu nəyi dəyişəcək? Ancaq bu məhdudiyyəti götürməklə biz 5 milyondan çox insana şərait yaradırıq ki, bütün seçkilərdə namizəd kimi iştirak eləsin. Tutaq ki, bir istedadlı gənc aktivdir, onun 24 yaşı var , ağlına, savadına görə insanlar tərəfindən dəstəklənir və seçicilər onu seçmək istəyirlər. Bu zaman məlum olur ki, belə bir baryer var , həmin istedadlı, aktiv gəncin gərək 25 yaşı tamam ola ki, o seçilə bilsin. Həmin gənc artıq 5 il müddətində yenidən gözləməlidir ki, növbəti seçkilərdə öz namizədliyini irəli sürmək hüququ qazansın. Bu da vətəndaş hüquqlarının tam şəkildə təmin olunmasını əngəlləyir. İkincisi, bu, seçki yolu ilə olan bir məsələdir. Yaşından asılı olmayaraq seçici insanı seçmək istəyirsə, seçir. Onun digər fəaliyyət növlərinə, siyasi baxışlarına, irəli sürdüyü təkliflərə, platformasına, taleyüklü məsələlərdə çıxış etdiyi prinsiplərə fikir verir, yaşına yox. Burada nə antidemokratikdir və yaxud hansı məhdudiyyət var? Əksinə, məhdudiyyətlər aradan qalxır.
- Dəyişikliklər, eyni zamanda, yeni, daha səmərəli və çevik idarəçilik sisteminin formalaşmasına yol açır.
- Elədir,vacib məqamlardan biri də prezidentliyin 5 ildən 7 il müddətinə dəyişdirlməsi ilə bağlıdır. Hazırda dünyanın 30 yaxın ölkəsində prezidentlik müddəti 7 ildir.Yəni dünyanı götürəndə 200 yaxın dövlət arasında , prezidentlik üsul-idarəsi qüvvədə olan dövlətlərdə 6 aydan tutmuş 8 ilədək müddətlər mövcuddur. Hər bir xalq ölçür-biçir, hansı müddət onun üçün əhəmiyyətlidirsə, ona səs verir, qəbul edir və bu da Konstitusiyada öz əksini tapır. Məsələn, bu yaxınlardak Fransada, Avstriyada, Türkiyədə prezidentlik 7 il müddətinə idi. Bu gün İtaliyada 7 il müddətinə prezidentlik institutu, özü də müddətsiz qüvvədədir. İsraildə, İrlandiyada prezident 7 il müddətinə seçilir. Qonşu Qazaxıstanda da bu müddət qüvvədədir. Ayrı-ayrı ölkələr sadaslaya bilərik ki, orada prezidentlik müddəti müxtəlifdir. Məsələn, Flippində, Sinqapurda, Rusiyada 6 ildir. Beləliklə, biz dünya təcrübəsində görürük ki, ayrı-ayrı ölkələrdə müxtəlif müddətdə qüvvədə olan prezidentlik instititutu təsbit olunub. Azərbaycanda yeni prezidentlik müddətinin irəli sürülməsi bir sıra amillərlə şərtlənir. Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda 3 il dalbadal seçkilər keçirilir. Bələdiyyə, parlament və prezident seçkiləri. Hər bir siyasi təşkilat, o cümlədən də seçki ilə məşğul olan qurum bir il öncədən bu seçkilərə hazırlaşır və onu yekunlaşdırır. Beləliklə, 3 il müddətində ölkədə müxtəlif qurumların fəaliyyəti ancaq seçkilərə yönəlir. Digər amillər sırasında iqtisadiyyat və idarəçiliklə bağlı məsələləri göstərmək mümkündür. Burada sosial problemlərin həlli, abadlıq-quruculuq işlərininin aparılması, yeni iş yerlərinin açılması məsələləri var. Bu baxımdan da prezidentli respublikada prezidentlik müddətinin 7 il olması dövlət başçısının qarşıya qoyduğu proqramı tam şəkildə yerinə yetirməsinə şərait yaradır, imkan verir. O baxımdan da prezidentlik müddətinin 7 il olması tamamilə qanunauyğundur və burada hər hansı bir fikirdən söhbət gedə bilməz.
Başqa bir məsələ, ölkədə vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu da onunla əlaqədardır ki, Azərbaycan dövləti inkişaf edir, respublikada müxtəlif strukturlar yaradılır, idarəetmə sistemində çevikliyin təmin olunmasına zərurət artır. Azərbaycanın həm beynəlxalq aləmdə təmsilçiliyinin genişlənməsi, həm də respublikada ayrı-ayrı sahələrin inkişafı ilə əlaqədar dövlət aparatının təkmilləşdirilməsinin aktuallığının artması vitse-prezidentlik institutunun yaradılmasını gündəmə gətirib. Birinci vitse-prezident və vitse-prezidentlər ayrı-ayrı sahələrə rəhbərlik etməklə yanaşı, həmçinin Prezidentin tapşırığı əsasında dövlət əhəmiyyətli beynəlxalq sənədlərin imzalanması və digər məsələlərdə də yaxından iştirak edəcəklər.
- Dəyişikliklər paketində parlamentin səlahiyyətləri ilə bağlı hansı müddəalar öz əksini tapıb?
- İrəli sürülən dəyişikliklərdə başqa bir vacib məsələ parlamentin səlahiyyətlərinə aiddir. Parlamentdə deputat statusundan məhrum olunma məsələsi onsuz da Azərbaycan Respublikasının Konstitusiyasında, o cümlədən deputat statusu haqqında Qanunda və parlamentin daxili nizamnaməsində öz əksini tapıb. Yəni kobud şəkildə etik normaların pozulması nəticəsində deputat statusundan məhrumolunma proseduru mövcuddur. Lakin parlament seçkili orqan olduğuna görə bu kimi məsələlərin bilavasitə Konstitusiyada öz əksini daha konkret şəkildə tapması çox vacibdir.
O cümlədən dövlət idarəçiliyinin iflic olunmasının qarşısının alınmması böyük aktuallıq daşıyır. Məsələn, Nazirlər Kabinetinin hesabatlarının, Prezident tərəfindən təqdim olunan Konstitusiya Məhkəməsinin, Mərkəzi Bankın üzvlərinin təqdimatının parlamentdə bir ildə iki dəfədən artıq qərəzli şəkildə təsdiq edilməməsi, təbii ki, ölkəni iflic vəziyyətinə gətirib çıxardar, idarəetmə sistemini pozar. Əgər ortada qərəzçilik varsa, bunun qarşısına sədd çəkən prosedur olmalıdır. Konstitusiyaya təklif olunan dəyişikliklərdə göstərilir ki, hər kəs öz məsuliyyətini dərk etsin, bilsin ki, ölkəni iflic vəziyyətinə gətirib çıxartmaq olmaz.
Yuxarıda deyilənlər baxımından Konstitusiyaya təklif olunan əlavələr, dəyişikliklər , həqiqətən də, zərurətdən, ölkədə və dünyada baş verən proseslərdən irəli gəlir. Hesab edirəm ki, Azərbaycan xalqı da , Azərbaycan ictimaiyyəti də bir daha təqdim olunan müddəalarla yaxından tanış olaraq gələcəkdə müzakirələrdən sonra səsvermə nəticəsində bu əlavə və dəyişiklikləri qəbul etməklə həm ölkəmizin ali sənədinin təkmilləşdirilməsinə, həm də respublikanın inkişafına, daha səmərəli idarə olunmasına öz töhfəsini verəcək.