...

MSK referendumla bağlı xüsusi broşüralar çap edəcək

Siyasət Materials 4 Avqust 2016 17:07 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası tərəfindən referendum aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu xüsusi broşüraların hazırlanıb ölkə üzrə bütün seçicilərə çatdırılması nəzərdə tutulub.
MSK referendumla bağlı xüsusi broşüralar çap edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyası tərəfindən referendum aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu xüsusi broşüraların hazırlanıb ölkə üzrə bütün seçicilərə çatdırılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu, seçicilərin referendum aktı barədə aydın məlumat əldə etmələrinə imkan yaradacaq.

İclasda həmçinin seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması, sayı, səsvermə bülletenlərinin mətni, forması, sayı, hazırlanması qaydaları, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanmasında dair məsələlərə baxılaraq müvafiq qərarlar verilib.

Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti