...

Prezident İlham Əliyev Sabirabadda pambıq sahəsi ilə tanış olub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 17 Sentyabr 2016 10:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub.
Prezident İlham Əliyev Sabirabadda pambıq sahəsi ilə tanış olub (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlası ilə tanış olub.

Dövlətimizin başçısı İlham Əliyev pambıqçılarla görüşdü.

Fatma Hüseynova dedi: Özüm ali təhsilli aqronomam. Mən bunun sentnerini hesablamışam, təxminən 35-40 sentner arasında məhsul olacaq. Ümumiyyətlə, bizim Sabirabadda pambıq pis deyil.

Prezident İlham Əliyev: Amma son vaxtlar az əkilir. Ona görə gəlmişəm ki, bərpa edim.

Fatma Hüseynova: Bəli, bunu bərpa etmisiniz. Allah Sizə ömür versin. Bax, bu, qızların çörəyidir, həyatıdır. Vallah, hamısı sevinir. Eşidən də deyir Allah Prezidentin köməyi olsun ki, bunu bərpa etdi, təzədən qaytardı.

Prezident İlham Əliyev: Mənə məlumat verilib ki, bu il altı min hektar əkilib. Gələn il 15 min hektar olacaq.

Fatma Hüseynova 15 hektar sahədə yaxşı məhsul yetişdirmək üçün onlara hər cür şərait yaradıldığını bildirdi. O, ulu öndər Heydər Əliyevin bu tarlalara gəlişini xatırladı, yerli sakinlərin həmin səfərləri və ümumiyyətlə, Ümummilli Liderin xatirəsini daim ehtiramla yad etdiklərini diqqətə çatdırdı.

Sonra söhbət çay süfrəsi arxasında davam etdirildi.

Fatma Hüseynova ulu öndər Heydər Əliyevin Sabirabada səfərlərinin birində çəkilmiş fotoşəkli və səfərə həsr edilmiş yerli “Muğan” qəzetinin bir nüsxəsini dövlətimizin başçısına təqdim etdi.

Pambıqçılar Prezident İlham Əliyev tərəfindən pambıqçılığın yenidən dirçəldilməsi ilə bağlı təşəbbüsünü mühüm hadisə kimi dəyərləndirdilər.

Prezident İlham Əliyev: Biz indi pambığın inkişafını planlı şəkildə aparmalıyıq. Ona görə, indi işlər görülür, qısa müddət ərzində tədbirlər həyata keçirilib, texnika gətirilib, suvarma işləri təmin edilib. Ancaq bizim əsas işimiz gələn il olacaq. Gələn ilə hazırlıqlar ciddi gedəcək. Vaxtımız da çoxdur. Əgər bu il təxminən 51 min hektar əkilibsə, gələn il ölkə üzrə təqribən 120-130 min hektar əkilməlidir. Bu da iş yerləri deməkdir. İnsanları işlə təmin etmək üçün bu, çox vacib sahədir. Yaxşı pul alacaqlar.

Dövlətimizin başçısı rayonda torpaq sahələrinin vəziyyəti ilə maraqlandı.

Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov torpaqlardan təyinatı üzrə istifadə edilməsi üçün görülən tədbirlərlə bağlı Prezidentə məlumat verdi.

Prezident İlham Əliyev pambıqçılığın perspektivləri, pambığın məhsuldarlığının artırılması, hazır məhsulun satınalma qiymətləri ilə əlaqədar pambıqçılarla söhbət etdi.

Söhbət zamanı pambığın məhsuldarlığının artırılmasında müasir suvarma sisteminin tətbiqi, kənd təsərrüfatı texnikasının və gübrələrin alınmasının əhəmiyyəti qeyd edildi.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti