...

Dağıstan rəhbəri: Azərbaycan regionun aparıcı dövlətinə çevrilib

Siyasət Materials 1 Noyabr 2016 12:54 (UTC +04:00)
Azərbaycan regionun aparıcı dövləti statusunu qazana bilib.
Dağıstan rəhbəri: Azərbaycan regionun aparıcı dövlətinə çevrilib

Bakı, Azad Həsənli - Trend:

Azərbaycan regionun aparıcı dövlətinə çevrilib. Trend-in məlumatına görə, bu açıqlamanı bu gün Bakıda işə başlamış VII Azərbaycan-Rusiya Regionlararası Forumda Dağıstan rəhbəri Ramazan Abdulatipov verib.

Dağıstan rəhbəri həm Azərbaycanın, həm Rusiyanın çətin iqtisadi dövrlərdən keçdiyini, buna baxmayaraq hər iki ölkənin aparıcı dövlətə çevrildiyini deyib: “Rusiya və Azərbaycan ağır postsovet böhranından keçmiş ölkələrdir. Buna baxmayaraq, Rusiya böyük dövlət statusunu, Azərbaycan isə regionun aparıcı dövlət statusunu qazana bilib”.

Dağıstan rəhbəri həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiq olduğu müddətdə Azərbaycanın bu sanksiyaları dəstəkləmədiyini bildirib və bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb.

Forumda Azərbaycanın və Rusiyanın dövlət və hökumət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

Sonra Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov tərəfindən Prezident Vladimir Putinin məktubu oxunub.

Forum çərçivəsində plenar iclas, sənaye, turizm, aqrar, humanitar sahələr üzrə “dəyirmi masa”lar və Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Forumda bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti