...

Ziyafət Əsgərov: Birinci vitse-prezident Mehriban Əliyeva çox peşəkar siyasətçidir (YENİLƏNİB)

Siyasət Materials 7 Mart 2017 15:26 (UTC +04:00)
Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir.
Ziyafət Əsgərov: Birinci vitse-prezident Mehriban Əliyeva çox peşəkar siyasətçidir (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Birinci vitse-prezident Mehriban Əliyevanın özünün də dediyi kimi əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bu gün parlamentin plenar iclasında deyib.

Z.Əsgərov əminliklə bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipal bir insan, bu sahədə möhtərəm Prezidentimizin ən yaxın silahdaşı kimi dövlət başçısına yardımçı olacaq:

"Mən digər bir məsələyə də toxunmaq istəyirəm, o da Birinci vitse-prezident Mehriban Əliyevanı xarakterizə edən onun insani keyfiyyətlərindən biri - humanistliyi ilə bağlıdır. Bu günə qədər Azərbaycanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir".

Z.Əsgərov daha sonra qeyd edib: "Mən Mehriban xanımın bir siyasətçi kimi, deputat həmkarımız kimi insani, işgüzar keyfiyyətlərindən danışmazdan əvvəl Azərbaycanda keçirilən referendumla bağlı bəzi məqamları qeyd etmək etmək istəyirəm. 26 sentyabr 2016-cı ildə referendum keçirildi və bu referenduma 29 məsələ çıxarıldı. Onların 23-nə dəyişikliklər edilib və 6 əlavə maddə konstitusiyaya daxil edilib. Onlardan biri də birinci vitse-prezident və vitse-prezident institutunun təsis olunması idi. Bu institutun Azərbaycan Konstitusiyasına daxil edilməsini zəruri edən səbəblər nə idi? Birincisi, Azərbaycanda siyasi idarəetmə mexanizminin təkmilləşdirilməsi və onun müasir dövrün tələblərinə cavab verməsi baxımından bu, Prezident idarəetmə formasının mövcud olduğu ölkələrdə çox vacibdir. Azərbaycan idarəetmə formasına görə, prezidentli respublikadır və bu xüsusiyyətlərdən biri buradan qaynaqlanır. İkinci, icra hakimiyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlərdir. Üçüncü, sosial iqtisadi islahatların əhatə dairəsinin daha da genişləndirilməsi məsələsidir. Nəhayət dördüncüsü, Konstitusiyamızın 12-ci maddəsində yazıldığı kimi Azərbaycan dövlətinin ali məqsədi insanların hüquq və azadlıqlarının təmin edilməsindən, onlara ləyaqətli həyat şəraitinin yaradılmasından ibarətdir".

Birinci vitse-spiker sonra bildirib ki, bu məsələlərin bilavasitə Azərbaycan dövlətinin sosial-hüquqi mahiyyəti ilə əlaqəsi var:

"Azərbaycan dövləti həm də bir sosial fenomendir. Biz adətən dövləti bir fenomen kimi sosiologiya elmində, fəlsəfədə, politologiyada, hüquqda və digər müxtəlif elmlərdə öyrənirik. Bu yaxınlarda bilirsiniz ki, fevral ayının 10-da Prezident İlham Əliyev sərəncam imzaladı. Buna əslində öz mahiyyətinə görə inqilabi bir sərəncam deyərdim. O da bizim dövlətin sosial-hüquqi mahiyyəti ilə bağlı olan bir məsələdir. Penitensiar sistemin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycan dövləti mahiyyət etibarilə humanist dövlətdir. Cəza siyasətinin humanistləşdirilməsi isə bizim dövlətimizin humanist xarakterinə uyğunlaşdırılmasını özündə ehtiva edir. Ona görə də yəqin ki, bizim bu sərəncamın həyata keçirilməsi ilə bağlı parlamentdə də bəzi qanunverici aktlar, əlavələr, dəyişikliklər, yeni qanunların qəbul edilməsi zərurəti meydana çıxacaq. Sözsüz ki, bu sahədə Mehriban xanımın töhfələri daha da geniş olacaq. Mən fürsətdən istifadə edib, Mehriban xanım, bir daha Sizi bu yüksək dövlət vəzifəsinə təyin olunmağınız münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar və müvəffəqiyyətlər arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti