...

Ermənilərin Füzulidəki təxribatı ilə bağlı beynəlxalq təşkilatlara bəyannamə ünvanlanacaq

Siyasət Materials 5 İyul 2017 17:17 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində iyulun 4-də Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər tərəfindən beynəlxalq təşkilatlara bəyannamə ünvanlanacaq.
Ermənilərin Füzulidəki təxribatı ilə bağlı beynəlxalq təşkilatlara bəyannamə ünvanlanacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində iyulun 4-də Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər tərəfindən beynəlxalq təşkilatlara bəyannamə ünvanlanacaq.

Trend-in məlumatına görə, bəyannamədə qeyd edilir ki, 2017-ci il 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Ermənistan dövlətinin bu çirkin hərəkətləri beynəlxalq hüquqi aktları – Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini kobud surətdə pozur.

Bildirilir ki, Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsinin qarşısının alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görüb: “25 ildən artıqdır ki, atəşkəs rejimində yaşamağımıza baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə əliyalın, silahsız dinc əhaliyə hücum etmiş, qadınları, uşaqları amansızlıqla qətlə yetirmişlər. Ermənistanın bu kimi genişmiqyaslı təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə böyük zərbə vurur. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ümumlikdə isə, bu hadisələr nəticəsində 33 uşaq erməni terrorunun qurbanı olmuş, onlardan on dördü həlak olmuş, on doqquzu isə yaralanmışdır. Xalqımız bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi yolla həll olunmasının tərəfdarıdır və eyni zamanda dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir. Biz beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlılq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin tələblərinə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik”.

Bəyannamədə qeyd edilir ki, Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin edilsin. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilsin. Qoşunların təmas xətti boyunca məskunlaşan ərazilərdə sıx yaşayan azərbaycanlı əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınması dayandırılsın.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti