...

Azərbaycanlı mütəxəssislər Kimyəvi Silahların Qadağan olunması Təşkilatında təmsil olunacaq

Siyasət Materials 29 Sentyabr 2017 15:21 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Niderlandakı və eyni zamanda Kimyəvi Silahların Qadağan olunması Təşkilatındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev mənzil qərargahı Haaqada yerləşən Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Baş Direktoru Ahmet Üzümçü ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı ilk öncə, A.Üzümçü Azərbaycanın 2017-2019-cu illər üçün Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının İcraiyyə Şurasının üzvü seçilməsi münasibəti ilə təbrik edib. O, bu hadisəni Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində artan nüfuzunun göstəricisi olduğunu qeyd edib.

Görüş əsnasında C.Mirzəyev bildirib ki, 2013-cü ildə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Nobel mükafatına layiq görülməsi, bu təşkilatın dünyada sülhün və təhlükəsizliyin qorunmasına verdiyi töhfənin əyani göstəricisidir və bu işdə A.Üzümçünün rolu danılmazdır.

Görüş zamanı həmçinin, Yaxın Şərqdə vəziyyət və Kimyəvi Silahların Qadağan olunması Təşkilatının bü xüsusda oynadığı rol və habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda azərbaycanlı mütəxəssislərin Kimyəvi Silahların Qadağan olunması Təşkilatında təmsil olunması məsələsi ilə bağlı müvafiq addımların atılması ilə bağlı razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti