...

Moldovada yaşayan Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu səsvermədə iştirak edib (FOTO)

Siyasət Materials 11 Aprel 2018 18:49 (UTC +04:00)
Moldovadakı səfirlikdə keçirilən səsvermədə həmvətənlərimizin 70 faizdən çoxu iştirak edib.
Moldovada yaşayan Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu səsvermədə iştirak edib (FOTO)

Bakı. Trend:

Yerli vaxtla saat 17:00-a olan məlumata görə, Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Moldovadakı səfirliyində keçirilən səsvermədə həmvətənlərimizin 70 faizdən çoxu iştirak edib.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları da Moldovadakı səfirliyimizdə səs veriblər.

Qeyd edək ki, Rumıniyada konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının sayı az olduğundan onlar Moldovadakı diplomatik nümayəndəliyimizdə yaradılan seçki məntəqəsində səs verirlər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti