...

Qırğızıstan parlamentinin üzvü: Seçicilər üçün tam bərabər şərait yaradılmışdı

Siyasət Materials 12 Aprel 2018 09:35 (UTC +04:00)
"Mən İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edirəm!"
Qırğızıstan parlamentinin üzvü: Seçicilər üçün tam bərabər şərait yaradılmışdı

Bakı. İlkin İzzət Bağırov - Trend:

"Mən İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edirəm!"

Trend-in məlumatına görə, bunu Qırğızıstan Parlamentinin üzvü, Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Talaybek Masabirov prezident seçkilərinin yekunlarına dair bu gün təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qırğızıstan Parlamentinin nümayəndə heyəti dünən təxminən 10 məntəqədə seçkinin gedişatını izləyib: "Seçicilər üçün tam bərabər şərait yaradılmışdı. Hər şey qanuna müvafiq keçdi".

T.Masabirov əlavə edib ki, Azərbaycan və Qırğızıstan dost ölkələrdir: "Qoy, həmişə bizim aramızda dostluq olsun və ölkələrimiz inkişaf etsin".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti