...

Konstitusiya Məhkəməsi Plenumu prezident seçkilərinin nəticələrini təsdiqlədi, İlham Əliyev Azərbaycan Prezidenti elan edildi (FOTO) (YENİLƏNİB-4)

Siyasət Materials 17 Aprel 2018 16:37 (UTC +04:00)
Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.
Konstitusiya Məhkəməsi Plenumu prezident seçkilərinin nəticələrini təsdiqlədi, İlham Əliyev Azərbaycan Prezidenti elan edildi (FOTO) (YENİLƏNİB-4)

İlk xəbər saat 15:00-da yayılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər.

S.Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

R.Qvaladze isə seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirib və seçkilərin nəticələrinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.

İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib.

M.Pənahov namizədlərə yaradılmış şəraitdən danışıb, həmçinin ödənişsiz efir vaxtının, qəzetlərdə yer ayrılmasını qeyd edib: "Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb".

MSK sədri deyib ki, seçkilərdə 8 namizəd qeydə alınıb və seçki prosesi zamanı bütün namizədlər üçün bərabər şərait yaradılıb "Seçkilər seçicilərin fəal iştirakı ilə baş tutub. Səsvermə günü proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm də veb-kameralar vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb".

Çıxışlardan sonra Plenum fasiləyə ayrıldı.

Fasilədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək nəticələri açıqlayıb və Konstitusiya Məhkəməsi Plenumu prezident seçkilərinin nəticələrini təsdiq edib.

F.Abdullayev qeyd edib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev növbəti 7 il müddətində Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.

F.Abdullayev qərarı elan edərkən bildirib ki, Konstitusiya Məhkəməsi Plenumu maraqlı tərəflərin iştirakı ilə Azərbaycan Konstitusiyasına müvafiq olaraq daxil olan protokolda olan məlumatları ümumiləşdirərək yoxlayıb. Prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolu Seçki Məcəlləsinin müddəalarına uyğun gəlir. İlham Əliyev səslərin 86,02 faizini topladığı üçün prezident elan edilib.

Qərar elan olunduqdan sonra iclas Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti