...

Rusiyanın Azərbaycandakı yeni səfiri əsas hədəflərdən danışdı (YENİLƏNİB)

Siyasət Materials 20 Avqust 2018 11:23 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfirliyinin yaxın müddət ərzində əsas hədəfi iki ölkənin dövlət başçıları arasında qurulmuş əlaqələrin praktiki məsələlərlə zənginləşdirilməsidir.
Rusiyanın Azərbaycandakı yeni səfiri əsas hədəflərdən danışdı (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Rusiyanın Azərbaycandakı səfirliyinin yaxın müddət ərzində əsas hədəfi iki ölkənin dövlət başçıları arasında qurulmuş əlaqələrin praktiki məsələlərlə zənginləşdirilməsidir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

O bildirib ki, hazırda gündəlikdə regionlararası əməkdaşlıq forumunun təşkili, eləcə də hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi dayanır:

“Məhz iki ölkənin dövlət başçıları arasındakı dostluq əlaqələri Rusiya ilə Azərbaycan arasında müxtəlif yönümlü əməkdaşlığa təkan verir. Ona görə də bu əlaqələrin zənginləşdirilməsini bir nömrəli hədəf hesab edirəm. Əgər konkret danışsaq, hazırda gündəlikdə oktyabrın əvvəlində Gəncədə keçiriləcək regionlararası əməkdaşlıq forumunun təşkil olunması dayanır. Bu, işgüzar dairələrin, rəsmi şəxslərin, müvafiq nazirliklərin iştirak ilə ölkələrimizin regionlarının böyük görüşü olacaq. Fikrimcə, bu görüş əməkdaşlığımızın inkişafına yeni təkan verməlidir”.

Səfir əlavə edib ki, bu ilin sonunadək Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin həmsədri olduqları hökumətlərarası komissiyanın növbəti iclası keçirilməlidir:

“Bu da cari ilin sonunadək müəyyən olunmuş hədəflərdən biridir. Mən dövlət hədəflərindən danışdım, səfir olaraq şəxsən mənə gəldikdə isə əsas hədəf rəsmi şəxslər və ictimaiyyət nümayəndələri ilə sıx əlaqələr yaratmaq, eləcə də ölkə ilə daha yaxından tanış olmaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti