Bakı. Sara İsrafilbəyova - Trend:
ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün gücünü səfərbər etməlidir.
Trend-in məlumatına görə, bunu Slovakiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
M.Layçak bildirib: "Bizim fəaliyyətimizin əsas istiqaməti - insanlar, sabitlik, dialoqdur və biz bütün gücümüzü bu istiqamətdə səfərbər edəcəyik".
ATƏT sədri qeyd edib ki, Bakıda keçirdiyi görüşlər zamanı müxtəlif məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub:
“Gələn həftə, Yerevana səfərim zamanı bu müzakirələri davam etdirəcəyik və münaqişənin nizamlanması yollarını axtarmağa davam edəcəyik”.
M.Layçak vurğulayıb ki, Slovakiyanın Bakıda səfirliyinin açılması planlaşdırılır, bu da iki ölkə arasında münasibətlərin genişləndirilməsinə kömək edəcək.