...

Əli Həsənov: Azərbaycan və Böyük Britaniya arasında münasibətlər Avropa ölkələri üçün bir nümunədir

Siyasət Materials 12 Aprel 2019 13:54 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər Avropa ölkələri üçün bir nümunədir.
Əli Həsənov: Azərbaycan və Böyük Britaniya arasında münasibətlər Avropa ölkələri üçün bir nümunədir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Böyük Britaniya arasında münasibətlər Avropa ölkələri üçün bir nümunədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrdən tutmuş iqtisadi, siyasi və ticarət əlaqələrinə qədər bütün sahələri əhatə edən əməkdaşlığın tarixi 100 illə ölçülür: "Amma tarixdən də bəllidir ki, Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin tarixi daha qədimə gedib çıxır. Əlbəttə, sistemli əlaqələrdən söhbət gedirsə, bu əlaqələrin 100 illiyini qeyd etmək olar. Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin tarixi salnamələrdə təxminən 16-17-ci əsrlərə gedib çıxır. Hələ Böyük Britaniya Kraliçası Elizabet Tüdor öz elçisi ilə Səfəvi Şahı Təhmasibə məktub göndərmişdi. Bununla da Britaniya ilə Səfəvilər arasında diplomatik və iqtisadi münasibətlər yaranmışdı".

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Böyük Britaniyanın general-qubernatoru Tiflisdə otursa da, tez-tez Bakıya gəlir, Azərbaycanla gələcək siyasi, iqtisadi münasibətləri tənzimləyirdi və Britaniya faktiki olaraq Xalq Cümhuriyyətini tanımışdı: "Sonrakı dövrdə Xalq Cümhuriyyətinin süqutu nəticəsində artıq Böyük Britaniya-Azərbaycan deyil, Böyük Britaniya-SSRİ münasibətləri çərçivəsində Britaniya ilə münasibətlər qurduq. Azərbaycanın müstəqillik dövrü münasibətlərimizi tam geniş spektrdə əhatə edir. 1993-cü ilin iyun ayında Azərbaycanda xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qəbul etdiyi ilk səfir məhz Böyük Britaniya səfiri oldu. Həmin ilin iyul ayının sonunda Böyük Britaniyanın Bakıdakı səfiri ilə ümummili lider Heydər Əliyev arasında geniş bir görüş keçirildi".

Ə.Həsənov əlavə edib ki, o zaman Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının sədri idi və Təhlükəsizlik Şurasının 853-cü qətnaməsinin qəbul olunması birbaşa Böyük Britaniyanın təşəbbüsü ilə onun sədrliyi dövründə baş tutdu: "BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qəbul etdiyi 4 qətnaməyə diqqət yetirsək görərik ki, məhz 853-cü qətnamə ən dəqiq ifadə ilə erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çxarılmasını tələb edir".

Onun sözlərinə görə, bundan sonra BP-nin Azərbaycanda sözün həqiqi mənasında tarix yaratması dövrü başlayır: "BP Azərbaycanın enerji sektoruna ən çox sərmayə qoyan xarici şirkətdir. BP Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. Ümumiyyətlə, Böyük Britaniya Azərbaycanın Avropada ən böyük tərəfdaşıdır. İki ölkə arasında bütün sahələrdə strateji münasibətlər var və bu gün iqtisadi, siyasi, sosial və digər sahələrdəki münasibətlər Avropa ölkələri üçün bir nümunədir, bir standartdır".

Prezidentin köməkçisi bildirib: "Düşünürük ki, Böyük Britaniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində indiyə qədər oynadığı rolu bundan sonra da oynayacaq, Azərbaycanın haqq mövqeyinin beynəlxalq aləmdə tanınmasına, işğal edilmiş torpaqlarımızın azad edilməsinə, Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün öz doğma torpaqlarına qayıtmasına öz dəstəyini göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti