...

Deputat: Qeyri-neft sektoruna göstərilən diqqət və qayğı öz nəticəsini verib

Siyasət Materials 4 Avqust 2019 10:05 (UTC +04:00)
Prezident İlham Əliyev 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə əldə olunan nailiyyətləri konkret faktlarla açıqladı.
Deputat: Qeyri-neft sektoruna göstərilən diqqət və qayğı öz nəticəsini verib

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə əldə olunan nailiyyətləri konkret faktlarla açıqladı.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, 2019-cu ildə Azərbaycanın inkişafı üçün istər beynəlxalq aləmdə, istərsə də ölkədə uğurlu addımlar atılıb, Azərbaycan iqtisadiyyatı xeyli inkişaf edib: "Bu inkişaf Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi qeyri-neft sektorunda daha çox nəzərə çarpır. İlin birinci yarısında respublikamızda iqtisadi artım 2.4 faiz səviyyəsində olub ki, bu da yaxşı göstəricidir. Qeyri-neft sənayesinin 15.7 faiz artması isə xüsusilə təqdirəlayiqdir. Deməli, qeyri-neft sektoruna göstərilən diqqət və qayğı öz nəticəsini verib”.

T.Rzayev qeyd edib ki, Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıraraq dərin məzmunlu sosial siyasət həyata keçirib: “Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsini nəzərdə tutuan son sərəncamları Azərbaycan xalqına sonsuz məhəbbətdən, diqqət və qayğıdan qaynaqlanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ilin ötən dövründə reallaşdırılan sosial paketlərin nəticəsində minimum əməkhaqqında demək olar ki, iki dəfə, minimum pensiyada 72 faizlik artım baş verdi. Bu sosial paketlər 4,2 milyon vətəndaşı əhatə edir. Bunun nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq”.

Deputat vurğulayıb ki, bütövlükdə, Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir: “Statistik göstəricilərə nəzər saldıqda və müqayisəli təhlillər apardıqda aydın şəkildə görünür ki, beynəlxalq miqyasda Azərbaycan qədər dinamik iqtisadi inkişaf göstəriciləri olan ölkələrin sayı azdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti