Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan Prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottirin ölkəyə buraxılmaması ilə bağlı iddialara münasibət bildirib.
Trend-in məlumatına görə, Ə.Həsənov deyib ki, "Buraxılmırdı" ifadəsi bir qədər kəskindir, "Dəvət vermirdi" isə başqa ifadədir.
Prezidentin köməkçisi bildirib ki, dünyada heç bir vətəndaşın, məmurun Azərbaycana gəlişi qadağan deyil: "Azərbaycan açıq ölkədir, viza sistemi var. İstənilən insan bura gələ bilər, AŞ PA bizim tərəfdaş təşkilatlarımızdan biridir, illərdir ki, əməkdaşlıq edirik, mümkün olan tövsiyələrini nəzərə alırıq. Əlbəttə ki, Azərbaycanın öz dövlətçilik marağı var, həmişə bu maraqlardan çıxış edir. Siyasi məhbus, söz və mətbuat azadlığı məsələsində beynəlxalq təşkilatlarla bəzən bir platformada birləşirik, onların fikirləri ilə razılaşırıq, bəzi hallarda isə razılaşmırıq. Çünki qərəzli yanaşma görürük. Təəssüflər olsun ki, bu yanaşma qərəzli mahiyyət kəsb edir. Biz bəyan etmişik, bu gün də deyirik ki, Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət əməlinə görə məhkum olunan insanlar var. Onların hər biri hüquqlarından həm Azərbaycanda, həm də Avropa məkanında istifadə edə bilərlər. Avropa hüququ Azərbaycanda keçərlidir, Azərbaycan Avropa İnsan Hüquqları məhkəməsinin qərarlarını zaman-zaman nəzərə alıb. Əgər kim Azərbaycan məhkəmələrinə, hüquq sisteminə güvənmirsə, buyursun, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsin. "Siyasi məhbus" siyasi dünyagörüşünə, fəaliyyətinə görə həbs olunan şəxsə deyirlər. Avropa Şurası ilə bu məsələdə razı deyilik".
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir 5-7 sentyabrda Azərbaycana səfər edib.