...

Azərbaycanın əqli mülkiyyət sisteminin inkişafı düzgün istiqamətdədir – ÜƏMT-nın Baş direktoru (FOTO)

Siyasət Materials 4 Oktyabr 2019 13:01 (UTC +04:00)
Əqli mülkiyət sistemi dəyişikliklər dövrünü yaşayır və Azərbaycanın bu dəyişikliklərə adekvat olan mövqeyi “düzgün istiqamətdir”
Azərbaycanın əqli mülkiyyət sisteminin inkişafı düzgün istiqamətdədir – ÜƏMT-nın Baş direktoru (FOTO)

Bakı. Trend:

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərliyi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının Cenevrə şəhərində keçirilən 59-cu sessiyasında iştirak edən nümayəndə heyətinin ÜƏMT-nın Baş direktoru Frensis Qarri ilə görüşü keçirilib.

Görüşü açan F.Qarri nümayəndə heyətini salamlamış və sözü Kamran İmanova verib.

K.İmanov Azərbaycanın ÜƏMT çərçivəsində fəaliyyətlərə aktiv cəlb olunduğunu qeyd edərək, doktor F.Qarriyə daima Agentliklə təmasda olduğuna və ÜƏMT tərəfindən təşkilata zəruri köməklik göstərilməsinə görə minnətdarlığını bildirib.

Azərbaycanda əqli mülkiyyət sahəsində mövcud vəziyyət barədə məlumat verən Agentliyin sədri vurğulayıb ki, ölkə rəhbərliyinin təşəbüsü ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində əqli mülkiyyət sisteminin yeni strukturu formalaşmışdır, Agentlikdə Kommersiyalaşdırma və texnologiyalara dəstək Mərkəzinin yaradılması üzrə işlər başa çatmaqdadır, müəlliflik hüququ sahəsində rəqəmsal hüquqların idarəedilməsi mexanizmi yaradılmışdır.

Sonra o, bildirib ki, “bizim üçün xüsusi əhəmiyyət kəsb edən mövcud milli patent qanunvericiliyinin yenidən hazırlanmasıdır və ölkəmiz yaxın gəlcəkdə Patent Hüququ Müqaviləsinə (PLT) qoşulmağı planlaşdırır. Həmçinin ÜƏMT ilə birgə işlənilən startapların, spinautların yaradılması layihəsi istiqamətində çox mühüm işlər görülmüşdür, o cümlədən onlara vergi preferensiyalarının verilməsi məsələsində. Hətta iş o yerə çatmışdır ki, biz, demək olar ki, hər ay startaplarla əlaqəli sərgilər keçiririk”. K.İmanov vurğulayıb: “Bu xoş ənənənin əsası ÜƏMT-nda qoyulmuşdur, ilk dəfə olaraq biz burada təşkil olunmuş sərgidə öz startaplarımızı təqdim etmişik”.

Agentliyin rəhbəri əlavə edib ki, gündəlikdə ÜƏMT ilə əməkdaşlığın yeni aspektləri durur: “Birincisi, bizim üçün patent qanunvericiliyinin bütövlükdə təkmilləşdirilməsi maraqlıdır. Biz hesab edirik ki, patent və müəlliflik qanunvericilikləri qarşılıqlı əlaqədə inkişaf etməlidir. Bunun əksi olaraq, patent qanunvericiliyində hüquq sahibinin razılığı olmadan təqdim edilən iddia sənədinin açıqlanması kimi ziddiyyətli məqam mövcuddur. Yaxud müvəqqəti qorunma anlayışı ilə bağlı ziddiiyyətin olması: onun aradan götürülməsi üçün Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının retrospektiv üsulu tətbiq edilə bilərdi”.

“Bununla yanaşı, bizim üçün ÜƏMT çərçivəsində süni intellektin tətbiqi məsələsi ilə bağlı əldə olunmuş müsbət təcrübə böyük maraq doğurur. Biz bu təçrübədən bəhrələnmək istərdik və bunun üçün birgə tədbirin keçirilməsini təklif edirik. Burada bizi maraqlandıran əsas məsələlərdən biri süni intellektin tətbiqinin qanunvericilik təminatıdır. Bununla bağlı biz ÜƏMT tərəfindən bu gün dünyada mövcud olan yanaşmaların icmalının təqdim olunmasına görə minnətdar olardıq”, - deyə, o fikrini tamamlayıb.

K.İmanov çıxışına davam edərək deyib: ”Biz həmişə ÜƏMT tərəfindən həyata keçirilən yeni və perspektiv işlərin və mövzuların fərqindəyik və həmin mövzulardan biri olan “Əqli mülkiyyət və mobil aplikasiyalar” mövzusunu ÜƏMT ilə birgə Azərbaycanda təşkil olunacaq dəyirmi masada müzakirə etmək istərdik”.

F.Qarri fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə K.İmanova təşəkkürünü bildirmiş və onun təkliflərini nəzərdə tutaraq Agentliyin rəhbərinin “həmişəki kimi qabaqcıl mövqedə” olduğunu qeyd edib. O, Azərbaycan nümayəndə heyətinin başçısının Baş Assambleyanın plenar iclasında çıxışının əqli mülkiyyət sahəsinin ən ümdə məsələlərinin müasir qoyuluşunu əhatə etdiyini vurğulayıb və bu çıxışa yüksək dəyər verdiyini ifadə edib

K.İmanovun patent və müəllif hüquqlarının qarşılıqlı əlaqədə inkişaf etdirilməsi fikrinə toxunan F.Qarri vurğulayıb ki, əqli mülkiyət sistemi dəyişikliklər dövrünü yaşayır və Azərbaycanın bu dəyişikliklərə adekvat olan mövqeyi “düzgün istiqamətdir”.

Süni intellekt məsələsi ilə əlaqədar ÜƏMT-nın Baş direktoru bidirib ki, bu məsələ ilə əlaqədar hərtərəfli araşdırmalar nəticəsində müvafiq sənəd layihəsi hazırlanaraq, cari ilin noyabrın əvvəllərində geniş ictimaiyyətə çatdırılacaq və hər kəsin təklifləri üçün açıq olacaq. “Azərbaycanın da bu prosesdə iştirakından çox məmnun olardıq”, - deyə o, vurğulayıb.

Mobil aplikasiyaların müasir dövrdə bütün sahələri əhatə etdiyini deyən F.Qarri bu məsələnin çox maraqlı və kifayət qədər mürəkkəb olduğunu bildirib.

Görüşdə ÜƏMT-nın üzvü olan ölkələrin hər biri üçün əhəmiyyətli olan təşkilatın Katibliyində təmsil olunma məsələsi də müzakirə edilib. Bununla əlaqədar, F.Qarri K.İmanovun Azərbaycanın bu strukturda təmsil olunması təklifinə müsbət yanaşıb və bildirib ki, bununla əlaqədar yaxın zamanlarda qərar qəbul edəcək.

Tərəflər ÜƏMT-nın Baş Assambleyasının gündəliyində olan cari məsələlər ətrafında da müzakirələr aparıblar.

Görüşdə Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti