Bakı. Trend:
Ermənistan baş naziri N.Paşinyanın İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsini növbəti populist açıqlama kimi qiymətləndirmək olar.
Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində söylədiklərini şərh edərkən deyib.
L.Abdullayeva bildirib ki, N.Paşinyan müsahibəsində “ermənifobiya” fenominindən danışaraq həqiqətlə heç bir əlaqəsi olmayan və yalan nümunələr sadalayır:
"Belə ki, o, UEFA-nın Avropa Liqasının Bakıda keçirilmiş final oyununda guya ki, H. Mxitaryanın erməni olduğu üçün iştirak edə bilmədiyini bildirir. Xatırlatmaq istərdik ki, Azərbaycan tərəfindən bu ilin 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçirilmiş final oyununda iştirak edən bütün oyunçuların, o cümlədən Arsenal futbol klubunun oyunçusu H. Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilmişdir. Azərbaycan tərəfindən zəmanət verildiyi halda Avropa Liqasının Bakıdakı final oyununda H. Mxitaryan şəxsi qərarı əsasında iştirak etmədi. Onu da qeyd etmək istərdik ki, bu günə kimi Azərbaycanda keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar iştirak ediblər. Hətta dövlət başçısı Avropa oyunları vaxtı erməni mənşəli oyunçunu şəxsən özü mükafatlandırmışdı.
Ermənistan hökumət başçısı, başqa bir uydurma ilə çıxış edərək, guya ki, paytaxtımızda erməni musiqisinə qulaq asan sürücünün həbs olunmasına dair növbəti yalan “nümunə” ilə söylədiyi əsassız fikirlərə bəraət qazandırmağa çalışır.
N.Paşinyanın müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə gədikdə isə bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti cari ilin 3 oktyabr tarixində Soçidə keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı münaqişənin həlli kontekstində fikirlərini birmənalı şəkildə səsləndirmiş və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalı olduğunu bildirmişdir. Münaqişənin məhz bu əsaslarda həlli bölgəmizə dayanıqlı sülh, sabitlik və tərəqqi gətirəcək".