...

Oqtay Əsədov: TÜRKPA böyük siyasi çəkiyə malik nüfuzlu parlament təşkilatına çevrilib

Siyasət Materials 18 Dekabr 2019 16:17 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) IX iclasında Azərbaycanın təşkilata sədrliyinin prioritetləri açıqlanıb.
Oqtay Əsədov: TÜRKPA böyük siyasi çəkiyə malik nüfuzlu parlament təşkilatına çevrilib

Bakı. Trend:

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) IX iclasında Azərbaycanın təşkilata sədrliyinin prioritetləri açıqlanıb.

Trend-in məlumatına görə, Milli Məclisin Sədri Oqtay Əsədov iclasdakı çıxışında qarşıdakı dövrdə TÜRKPA-nın məqsədlərinin həyata keçməsi üçün Azərbaycan tərəfinin lazım olan bütün tədbirlərin görülməsinə çalışacağını bildirib.

Sədr deyib ki, təşkilatın fəaliyyət göstərdiyi 10 ildən artıq müddət ərzində TÜRKPA-nın əsas tədbirləri üçüncü dəfədir Bakıda keçirilir. TÜRKPA böyük siyasi çəkiyə malik olan nüfuzlu parlament təşkilatına çevrilib. Siyasi, iqtisadi, mədəni və digər sahələrlə əlaqələrimizin inkişafına Assambleyanın verdiyi töhfənin ildən-ilə artması təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulduğunu sübut edir. Qarşıdakı bir il ərzində TÜRKPA-ya sədrliyi Azərbaycan tərəfinin həyata keçirəcəyini vurğulayan Oqtay Əsədov deyib ki, ötən illərdə başlanmış bütün önəmli işlər davam etdiriləcək. Fəaliyyətimizin əsas istiqamətlərini üzv ölkələrin milli qanunvericiliyinin yaxınlaşdırılması və model qanunların hazırlanması, komissiyaların fəaliyyətinin gücləndirilməsi, parlament aparatları arasında təcrübə mübadiləsi proqramlarının davam etdirilməsi təşkil edəcək. TÜRKPA-nın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi də önəmli fəaliyyət istiqamətlərindən biri olacaq.

Milli Məclisin sədri deyib ki, ötən dövrdə TÜRKPA-nın beynəlxalq aləmdə tanıdılması üçün bir sıra tədbir həyata keçirilib. Təşkilatımız dünyanın 179 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında, Asiya Parlament Assambleyasında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Təşkilatında müşahidəçi statusuna malikdir. ATƏT Parlament Assambleyasının fəaliyyətində TÜRKPA-nın qonaq kimi iştirak etməsi barədə razılıq əldə edilib. Avropa Parlamenti və MDB Parlamentlərarası Assambleyası ilə əməkdaşlıq əlaqələri qurulub. Bundan başqa, TÜRKPA-nın baş katibi Parlamentlərin Baş Katibləri Assosiasiyasının üzvüdür, bu fakt da təşkilatımızın beynəlxalq nüfuzundan xəbər verir. TÜRKPA-nın beynəlxalq müşahidəçilər missiyası 9 ildir üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərini müşahidə edir. Gələn il ölkəmizdə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri də TÜRKPA missiyası tərəfindən müşahidə ediləcək. Bu baxımdan, missiyanın fəaliyyəti növbəti dövrdə də diqqət mərkəzində olacaq.

O.Əsədov qeyd edib ki, TÜRKPA türk dünyasının diasporları arasında əməkdaşlığın inkişafına və bu sahədə müvafiq layihələrin həyata keçirilməsinə dəstək verəcək. Türk əməkdaşlığı qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi xüsusi diqqət mərkəzində olacaq. Əlbəttə, sadalanan bu fəaliyyət istiqamətləri görüləcək işlərin yalnız ümumi cizgilərini müəyyən edir. Bizim fəaliyyətimiz xalqlarımızın əlaqələrinin inkişafı üçün TÜRKPA-nın iştirakı, köməyi və dəstəyi tələb olunan bütün sahələri əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti