...

Hüseyn Paşayev: Parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb

Siyasət Materials 9 Fevral 2020 10:03 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.
Hüseyn Paşayev: Parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.

Bunu Trend-ə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib.

H.Paşayev bildirib ki, seçkilərin keçirilməsi elan olunduğu gündən MSK Seçki Məcəlləsinə uyğun olaraq bütün zəruri tədbirləri yerinə yetirib: “Bu gün səhər saat 08:00-dan seçki məntəqələri seçicilərin səs verməsi üçün açılıb. Hər kəs məntəqələrə gəlib sərbəst şəkildə istədiyi namizədə səs verə bilər. Seçki məntəqələrində yaradılan şərait seçkilərin yüksək səviyyədə keçirilməsinə tam imkan verir. Azərbaycanın artıq kifayət qədər demokratik seçki təcrübəsi mövcuddur”.

MSK üzvü bildirib ki, builki seçkilər öz aktiviliyi ilə əvvəlki seçkilərdən xeyli fərqlənir: “Bu il seçkilərdə iştirak edən namizədlərin sayı indiyə qədər keçirilən seçkilərdəkindən xeyli çoxdur. Eyni zamanda, cəmiyyətdə seçkiyə böyük maraq var. Bundan əlavə, seçkilərdə beynəlxalq müşahidəçilərin, eyni zamanda onların təmsil etdiyi ölkələrin və təşkilatların sayı da xeyli artıb, dünyanın 58 ölkəsindən və 59 beynəlxalq təşkilatdan olan müşahidəçilər seçkilərdə iştirak edir. Bu, beynəlxalq aləmdə ölkəmizə olan marağın göstəricisidir”.

Namizədlərin seçkiqabağı təşviqat kampaniyasına toxunan H.Paşayev bildirib ki, builki seçkilər təşviqat mərhələsində də əvvəlki seçkilərdən fərqləndi: “Namizədlərin seçiciləri ilə görüşlər keçirməsi üçün MSK tərəfindən 256 açıq və qapalı yer müəyyən edildi. Namizədlər ən ucqar kəndlərdə belə seçiciləri ilə müntəzəm görüşlər keçirdi. Seçicilər də görüşlərdə aktiv şəkildə iştirak etdilər. Bütün bunlar seçkilərə böyük marağın olması ilə yanaşı, Azərbaycanda demokratik inkişafın bariz nümunəsidir”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti