...

Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm

Siyasət Materials 25 Fevral 2020 21:41 (UTC +04:00)
İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm

Bakı. Trend:

İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında deyib.

Türkiyə Prezidenti bildirib:

"Həmrəyliyimiz terrorla mübarizədə də çiyin-çiyinə davam edir. 251 insanımızı şəhid edən FETÖ təşkilatı ilə mübarizədə bizə ən çox dəstək verən ölkə Azərbaycan olmuşdur. Yanvarın 24-də Elazığda yaşanan zəlzələ fəlakətindən sonra da Azərbaycanın dəstəyini hiss etdik. Kədərimizi bölüşdükləri və həmrəylik göstərdikləri üçün azərbaycanlı qardaşlarıma ölkəm və millətim adından təşəkkür edirəm.

Dörd bir tərəfimizdə münaqişələr, terror və asayiş problemləri yaşandığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər. Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq. Bu mənada istər ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atdığımız addımlar da gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaqdır. Müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyimiz bu baxımdan böyük önəm daşıyır. “Sülh çeşməsi” əməliyyatında Azərbaycan hökuməti və xalqı ilə bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya göstərmişdik.

Hörmətli media nümayəndələri, mərhum Bəxtiyar Vahabzadənin “Anam” dediyi Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur. Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır.

Sabah Xocalı qətliamının 28-ci ildönümüdür. Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq. Azərbaycanlı qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını közərən od kimi ürəklərində daşıdığını bilirəm. İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm. Dünən erməni tərəfindən açılan atəş nəticəsində şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm.

Bu düşüncələrlə Əliyev qardaşıma şəxsən mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə təşəkkürlərimi bildirirəm. Toplantının nəticələrinin və imzaladığımız sənədlərin xeyirli olmasını Rəbbimizdən arzu edirəm. İyunda futbol üzrə milli komandamızın 2020-ci il Avropa çempionatı çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmaları birlikdə izləmək arzusu ilə hamınızı ehtiramla salamlayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti