...

Aydın Quliyev: Azərbaycan gender bərabərliyinin ən müasir modelini yarada bilib

Siyasət Materials 9 Mart 2020 12:34 (UTC +04:00)
Gender bərabərliyinin praktik həllinə nail olmaq Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Aydın Quliyev: Azərbaycan gender bərabərliyinin ən müasir modelini yarada bilib

Bakı. Samir Əli - Trend:

Gender bərabərliyinin praktik həllinə nail olmaq Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, Azərbaycanda bu siyasət ilk növbədə fasiləsiz, sistemli, məqsədyönlü və şüurlu seçilmiş kurs kimi həyata keçirilir:

"Azərbaycanın Avropa Şurasına və digər Avropa strukturlarına yaxın inteqrasiyasının başlandığı 2001-ci ildən etibarən gender bərabərliyi siyasəti daha sistemli xarakter almağa başlayıb. Gender bərabərliyi uzunmüddətli və daimi dövlət fəaliyyət konsepsiyası kimi həyata keçirilir. Sübuta ehtiyac yoxdur ki, bu strateji dövlətçilik kursu Azərbaycanın həm daha səmərəli beynəlxalq inteqrasiyaya nail olmaq maraqlarından, həm də cəmiyyətimizdə dinindən, millətindən, sosial mənşəyindən, demoqrafik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların total həmrəyliyinə nail olmaq məqsədindən irəli gəlir".

Baş redaktor bildirib ki, Azərbaycanda gender bərabərliyi qanunvericilik və praktik fəaliyyət xarakteri daşımaqla əsasən iki istiqamətdə həyata keçirilir. Müvafiq qanun aktları, dövlət fəaliyyət proqramlarının qəbul edilərək həyata keçirilməsi ictimai və dövlət həyatının bütün sahələrində qadınlarla kişilərin bərabər iştirakına ilkin imkanlar yaradılmasında həlledici rol oynayır:

"Bu gün Azərbaycanda "kimsə qadın olduğu üçün filan vəzifəni tuta və ya filan işlə məşğul ola bilmir" kimi mülahizələrin praktik şəkildə yoxluğu onu göstərir ki, ölkəmiz gender bərabərliyinin hüquqi və praktik əsasları ilə bərabər, həm də psixoloji əsaslarını yarada bilib. Azərbaycanda qadın-kişi bərabərliyinin hüquqi, praktik və psixoloji əsaslarının yaradılması ölkəmizin mühüm nailiyyətlərindən biri sayılmalıdır.

Azərbaycanda gender bərabərliyi siyasətinin nəticələri özünü bütün ictimai və dövlət sferalarında göstərir. Qadınlar təhsil, tibb sahəsində, təyinatlı və seçkili dövlət vəzifələri tutmaqda, bizneslə məşğul olmaq, sərbəst peşə seçməkdə heç bir məhdudiyyət qoyulmayan sərbəstliyə malikdir. Ölkəmizdə gender bərabərliyi siyasətinin mühüm təzahür xüsusiyyətlərindən biri onun dini, milli-mənəvi dəyərlərlə və adət-ənənələrlə düzgün əlaqələndirilməsidir. Müəyyən dünya mərkəzlərinin gender bərabərliyi adı altında ölkəmizin tarixi dəyərlər və ənənələr sistemini dağıtmaq məqsədi güddüyü aydın şəkildə özünü göstərib və göstərir. Belə şərt daxilində Azərbaycan dövlətinin gender bərabərliyini milli xüsusiyyətlərin qorunması ilə paralel aparması həqiqətən ən ağıllı və uzaq hədəflərə hesablanmış siyasət kimi özünü göstərir. Azərbaycan gender bərabərliyinin milli-mənəvi və tarixi xüsusiyyətlərlə uzlaşdırılmasının ən müasir modelini yarada bilib. Azərbaycanın özünəxas gender bərabərliyi modeli özündə ümumi vətəndaş həmrəyliyinin, insan tərbiyəsinin, vətəndaş tərbiyəsinin və milli-mənəvi saflığın əlamətlərini cəmləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti