...

Azərbaycan Prezidenti: Biz iqtisadi liberallaşmaya daha inamla getməliyik və investisiyalar üçün bütün sahələr bizdə açıq olmalıdır

Siyasət Materials 14 Aprel 2020 22:40 (UTC +04:00)
Azərbaycan Prezidenti: Biz iqtisadi liberallaşmaya daha inamla getməliyik və investisiyalar üçün bütün sahələr bizdə açıq olmalıdır

Bakı. Trend:

Biz iqtisadi liberallaşmaya daha inamla getməliyik və investisiyalar üçün bütün sahələr bizdə açıq olmalıdır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə bildirib.

Dövlət başçısı qeyd edib:

"Mən giriş sözümdə dedim ki, hökumət və əlbəttə, İqtisadiyyat Nazirliyi yeni gəlirlər mənbəyi axtarmalıdır. Bir daha demək istəyirəm ki, ehtiyatlar var və bilirəm, bu istiqamətdə iş gedir. Bunu uzatmaq lazım deyil. Hesab edirəm ki, qısa müddət ərzində yeni təkliflər hazırlanıb mənə təqdim edilməlidir.

Onu da bilməliyik ki, OPEC və qeyri-OPEC ölkələrinin razılaşması bizim üzərimizə də öhdəliklər qoyur. Bildirmək istəyirəm ki, Azərbaycan həmişə OPEC+ çərçivəsində çox fəal rol oynamışdır. Onu da xatırlatmaq istəyirəm ki, OPEC+ formatının ideyasını ilk dəfə Davos Ümumdünya İqtisadi Forumunun panel müzakirəsində mən vermişdim. Hətta bu gün OPEC-in baş katibi bunu qeyd edir. İndi artıq nəinki OPEC+ və neft hasil edən bütün ölkələr razılığa gəlib. Hesab edirəm ki, bu, çox nadir əməkdaşlıq formatıdır və bu format hər bir ölkənin üzərinə əlavə öhdəlik qoyur, o cümlədən Azərbaycanın. Bu razılaşmaya görə bizim neft hasilatımız bu il ixtisar ediləcək. Artıq kvotalar müəyyən edildi. Əgər neftin qiyməti lazımi səviyyəyə qalxmasa, onda biz əlavə itkilərə məruz qalacağıq. Biz bunu bilməliyik ki, bu itkilər təqribən 700 milyon, bəlkə də 1 milyard dollar ətrafında ola bilər. Ona görə indidən öz addımlarımızı atmalıyıq, çünki onsuz da keçən il qəbul edilmiş qərarlar əsasında böyük sosial paket icra edildi. Təbii ki, bu sosial paket bu il və bundan sonrakı illərdə də insanlara təqdim ediləcək. Koronavirusla bağlı ən azı 2,5 milyard manat nəzərdə tutulur. Qeyd etdiyim kimi, Prezidentin ehtiyat fondundan ləvazimatların alınmasına 100 milyon manata yaxın vəsait istiqamətləndirilib. Əgər neftin qiyməti bərpa olunmasa, bizi əlavə itkilər gözləyir və təbii olaraq bizim valyuta ehtiyatlarımız azalacaq. Birinci rübdə, yanvarın birinə nisbətdə artıq valyuta ehtiyatlarımız azalıbdır. Bu, təbiidir və belə olan halda bir daha demək istəyirəm ki, xərclərə böyük diqqətlə baxmalıyıq. Dövlət investisiya xərcləri əsas iki məqsədi güdməlidir. Məşğulluğu təmin etmək, çünki biz investisiya xərclərimizi kəskin ixtisar edə bilmərik. Çünki birincisi, önəmli layihələr icra edilməlidir və ən başlıcası odur ki, əgər dövlət investisiya xərcləri kəskin azalsa, onda bu sahədə çalışan insanlar işsiz qalacaq. Ona görə bizim investisiya proqramımıza baxarkən iki əsas amili nəzərə alın. Məşğulluq və bu layihələrin iqtisadiyyatın real sektoruna olan təsiri. Çünki Azərbaycanda böyük infrastruktur layihələri icra edilib. Onların böyük hissəsi tam başa çatıb, ona görə iki əsas amil nəzərə alınmalıdır. Hesab edirəm ki, aprel-may aylarında ikinci yarımillikdə nəzərdə tutulan investisiya proqramlarının təhlili və yenidən tərtib edilməsi zəruridir. Bu məsələ ilə ciddi məşğul olun.

Bununla paralel olaraq, - bu vəzifəni mən artıq qarşıya qoymuşam və bilirəm ki, İqtisadiyyat Nazirliyi bu məsələ üzərində işləyir, - özəl sərmayənin təşviqi istiqamətində əlavə addımlar atılmalıdır. Biz iqtisadi liberallaşmaya daha inamla getməliyik və investisiyalar üçün bütün sahələr bizdə açıq olmalıdır. Biz həm yerli investorları, həm xarici investorları inandırmalıyıq ki, onların investisiyaları səmərə verəcək, onlara gəlir gətirəcək. Xüsusilə nəzərə alsaq ki, həm “Doing Business” proqramında böyük irəliləyişə nail olduq, həm iqtisadi azadlıq indeksi, - artıq qeyd etdim ki, burada da Azərbaycan yüksək qiymətləndirilir, - bizim kredit reytinqimiz də müsbətdir, həm də dövlət xarici borcumuz aşağı səviyyədədir. Azərbaycan vətəndaşları bunu bilir. Mən hətta koronavirusa qədərki bir çox hallarda bu məsələyə xüsusilə diqqət yetirirdim ki, bizim dövlət xarici borcumuz daxili məhsulumuzun 17 faizini təşkil edir və daha da aşağı düşməlidir. İndiki böhranlı dövrdə bu amil çox böyük önəm daşıyır. Dövlət borcumuzun aşağı səviyyədə olması bizim kredit reytinqimizin sabit saxlanmasına imkan verir. Bu da investorlar üçün əsas amillərdən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti