...

Vətəndaşlar Azərbaycan Prezidentinə təşəkkür edirlər: Fəxr edir və bu çətin anlarda sevinirik ki, rəhbəri olduğunuz, əbədi müstəqilliyə çatmış Azərbaycanın vətəndaşlarıyıq

Siyasət Materials 20 Aprel 2020 13:04 (UTC +04:00)
Vətəndaşlar Azərbaycan Prezidentinə təşəkkür edirlər: Fəxr edir və bu çətin anlarda sevinirik ki, rəhbəri olduğunuz, əbədi müstəqilliyə çatmış Azərbaycanın vətəndaşlarıyıq

Bakı. Trend:

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Trend Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Milli Qəhrəman anası, Goranboy rayonu sakini Gülzar Ocaqverdiyeva yazır:

"Hörmətli cənab Prezident. Dünyanı cənginə alan bəladan Azərbaycanımızı qoruduğunuza, hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, aztəminatlı və imtiyazlı ailələrə diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.

Mən milli qəhrəman anası olaraq Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam. Xalqımız Sizə və Sizinlə birlikdə ölkəmizin taleyini çiyinləri üzərin götürmüş Mehriban xanıma həmişə minnətdar olacaqdır. Nə yaxşı ki, Siz varsınız. Uca tanrı Sizi qorusun".

İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov isə təşəkkür məktubunda qeyd edir ki, İsmayıllı ağsaqqalları dünyanı bürüyən koronavirusa yoluxmamaq üçün evdə qalmaq tələbini mütləq şəkildə yerinə yetirir:

"Sizin milli köklər üzərində bərqərar olan rəhbərliyiniz sayəsində dövlət bizim hər qayğımızı çəkir. Həyat fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, pandemiyaya qarşı mübarizədə də Azərbaycanı çox ölkələrdən fərqləndirən Sizin müdrik rəhbərliyiniz, xalqımıza tükənməz sevginiz, ölkəmizin taleyi üçün hamıdan çox məsuliyyət daşımağınızdır. Ölkə iqtisadiyyatının bu acınacaqlı vəziyyətdən minimum itki ilə çıxması üçün Siz ən səmərəli tədbirlər həyata keçirməklə yanaşı, həm də mövcud resursları insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldirsiniz.

Fəxr edir, qürur duyur və bu çətin anlarda sevinirik ki, rəhbəri olduğunuz, əbədi müstəqilliyə çatmış Azərbaycanın vətəndaşlarıyıq. Pənah Allaha, ümid dövlətimizə və Prezidentimizədir.

Hörmətli cənab Prezident, evdə qalmışıq, lakin ictimai fəallıqdan qalmamışıq. Yaxşı görürük ki, Sizin sərəncam, göstəriş və tövsiyələriniz İsmayıllı rayonunda da geniş miqyasda həyata keçirilir. Ehtiyacı olan hər bir ailə Sizin diqqət və qayğınızın ünvanıdır.

Bütün bunlara görə Sizə minnətdarıq. Tanrı Sizi, xalqımızı və Azərbaycanımızı qorusun".

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədovun məktubunda qeyd edilir ki, xalqımızın bütün dünyanı bürümüş koronavirus infeksiyasından qorunması məqsədilə Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar və həyata keçirdiyi məqsədyönlü tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da sakinlər, o cümlədən yaşlı nəslin nümayəndələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır:

"Sizin bununla əlaqədar xalqa müraciətinizdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız bütün kateqoriyadan olan insanları bir araya gətirdi. Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Yaşı 65-dən yuxarı tənha insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarınız bizim heç də tənha olmadığımızı, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğumuzu nümayiş etdirdi.
Bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq".

Paytaxt sakini Xəyalə Qurbanova qeyd edir ki, bir Azərbaycan vətəndaşı və gənc nəslin nümayəndəsi kimi bu məktubu Prezident İlham Əliyevə böyük qürur hissi ilə yazır:

"Sizin fəaliyyətinizi bütün Azərbaycan xalqı yüksək qiymətləndirir. Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Ölkəmizdə koronavirus pandemiyasına qarşı səmərəli tədbirlər görülərək qısa müddət ərzində maska istehsal edən müəssisə yaradıldı, "Yeni klinika" tibb müəssisəsi istifadəyə verildi, karantinə alınan insanlar ölkəmizin ən rahat və müasir otellərində yerləşdirildi.

Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Sizə təşəkkür edirik, cənab Prezident"!

Paytaxt sakini, sahibkar Abdulla Hüseynovun minnətdarlıq məktubunda isə yazılır:

"Hörmətli cənab Prezident. Sizin COVID-19 pandemiyasının makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamınız ölkəmizdəki bütün iş adamlarının və sahibkarların rəğbətinə səbəb olub.

Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyinə görə "MİLAN-A" MMC-nin kollektivi adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk".

Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları adından yazan Fatma Səttarova qeyd edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyir və ölkəmizdə yaradılan əmin-amanlığa, nail olduğumuz sabitliyə görə dərin minnətdarlıqlarını bildirir:

"Bu gün aktuallığı ilə dünyada diqqət mərkəzində olan koronavirus pandemiyasına qarşı ölkəmizdə Sizin tapşırığınızla aparılan işlər, virusun yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər bütün xalqımız, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Siz və Mehriban xanım hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünürsünüz. Sizin bu mövzuda xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhval-ruhiyyə yaradır, hamımıza böyük mənəvi stimul verir. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, rayon ərazisində yaşayan yaşlı nəslin nümayəndələrinə, müharibə, əmək və silahlı qüvvələr veteranlarına, imkansız ailələrə Sizin göstərişləriniz və diqqətiniz sayəsində ərzaq yardımları verilmişdir. Biz veteranlara göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın daha da inkişafı naminə gələcək işlərinizdə yeni nailiyyətlər arzulayırıq".

Salyan rayonu sakinləri adından yazan Turanə Abbasova qeyd edir ki, Prezident İlham Əliyev tərəfindən koronavirus pandemiyası ilə bağlı görülən bütün tədbirlər, xüsusən bu günlərdə daha çox zəhmət çəkən, fəaliyyət göstərən tibb işçilərinin maaşlarının artırılması bir daha dövlətin hər bir vətəndaşın əməyini vaxtında qiymətləndirməsinin bariz nümunəsidir:

"Bu bəla bir çox ölkələrdə böyük problemlərə səbəb oldu. Amma Sizin qabaqlayıcı tədbirləri həyata keçirməniz və bu işlərə şəxsən nəzarət etməniz Azərbaycan xalqının heç bir sahədə çətinlik çəkməsinə imkan vermədi.

Çəkdiyiniz bütün zəhmətlərə görə Sizə təşəkkür edirik. Hər zaman çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğunuzu bir daha sübut etdiniz.

Cənab Prezident, əminik ki, xalqımız Sizinlə bu çətinliklərin öhdəsindən gələcək, hazırkı narahat günlərimiz tezliklə tarixin yaddaşına köçəcək və doğma ölkəmizdə həyat yenidən rəhbərliyiniz altında öz axarına düşəcəkdir".

Astara rayonu sakini Fərasət Davudov təşəkkür məktubunda bildirir ki, bu çətin günlərdə Prezident İlham Əliyevin qəbul etdiyi düzgün qərarlara görə ona “Çox sağ olun!” deyir, onunla fəxr etdiyimi bildirir:

"Sərhədlərin vaxtında bağlanması, ölkəyə girişin məhdudlaşdırılması itkilərimizi minimuma endirdi. Sahibkarlara dəyən ziyana görə kompensasiyaların verilməsi özəl sektora böyük dəstək oldu. Bu barədə qərarlarınızı alqışlayırıq. İşi olmayan şəxslərə göstərilən maddi dəstək, aztəminatlı ailələrə verilən ərzaq yardımları isə heç kəsin diqqətdən kənarda qalmadığını göstərir. Xalqımız üçün gördüyünüz işlərə görə çox sağ olun. Allah Sizdən razı olsun".

Mingəçevir şəhər sakini Nəriman İsmayılovun məktubunda isə qeyd edilir:

"Ölkə vətəndaşlarının sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində atdığınız addımları, gördüyünüz tədbirləri izlədikcə Sizə olan rəğbətimiz və sevgimiz daha da artır. Koronavirusa qarşı qabaqlayıcı tədbirlər görən ölkələrdən biri də Azərbaycandır. İşinizin çox olmasına baxmayaraq, hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.

Sizin çağırışınıza böyük məsuliyyətlə yanaşaraq ölkə vətəndaşları virus təhlükəsinə qarşı həmrəylik nümayiş etdirirlər.

Cənab Prezident, inanırıq ki, görülən işlərin və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına bu pandemiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınacaq və biz bu bəladan mümkün qədər az itkilərlə qurtula biləcəyik.

Gələcək taleyimizi Sizə etibar edərək, bu yolda hamını birliyə və həmrəyliyə çağırırıq. Tarixin min bir ağrı-acısına tab gətirən Azərbaycan xalqının koronavirusla mübarizədən də alnıaçıq və minimum itki ilə çıxacağına əminik. Biz birlikdə güclüyük"!

Lerik sakini Möhlət İbayev qeyd edir ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də yayılan COVID-19 pandemiyasına qarşı Prezident İlham Əliyevin apardığı qətiyyətli mübarizəni alqışlayır:

"Bu virusla mübarizə bir daha göstərir ki, Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Xalqımızın sağlamlığı Sizin üçün hər şeydən üstüdür. Ölkəmizdə virusa qarşı aparılan qətiyyətli mübarizəyə görə şəxsən öz adımdan və Lerik əhalisi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz hər zaman Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük! Tanrı Sizi qorusun".

Qəbələ rayonu sakini Aqil Əzizov isə yazır:

"Əziz Prezidentimiz. Mən bir gənc olaraq dünyada və Azərbaycanda gedən prosesləri izləyirəm. Bir vətəndaş kimi bütün bu prosesləri təhlil edir, xalqımıza göstərilən əvəzsiz xidmətlərinizi yüksək qiymətləndirirəm.

Hər bir yaxşı və çətin gündə Siz xalqımızın, gənclərin və ahılların yanında olmusunuz. Dünyanı bürümüş COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə verdiyiniz göstərişlər, görülən tədbirlər xalqımız tərəfindən alqışlanır. Bunlara görə Sizə nə qədər təşəkkür etsək, yenə də azdır.

Siz və Mehriban xanım Əliyeva xalqımızın arxasında olduğunuz kimi, biz də Sizi dəstəkləyir və Sizə güvənirik.

Ailəmiz adından Sizə minnətdaram. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz".

Astara rayonunun ağsaqqalları və ziyalıları adından yazan İqbal Quliyevin məktubunda qeyd edilir ki, bu günlərdə planetin bir çox inkişaf etmiş ölkələrində koronavirus pandemiyası səbəbindən çoxsaylı insan ölümünü və dünya iqtisadiyyatının böyük zərərlə üzləşdiyini görürük:

"Lakin respublikamızda Sizin müdrik rəhbərliyiniz, verdiyiniz sərəncamlar, vaxtında və ardıcıl görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində koronavirus bəlasının kütləvi yayılmasının qarşısı alınıb. Karantin müddətində vətəndaşlarımıza hər cür şərait yaradılaraq yüksək xidmət göstərilir, aztəminatlı ailələrə və işsizlərə yardımlar verilir, yaşı 65-dən yuxarı insanlara böyük diqqət və qayğı göstərilir.

Həyata keçirdiyiniz bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk".

YAP Xızı rayon Gənclər Birliyinin sədri İman Ağayev isə bildirir ki, ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı Prezident İlham Əliyevin uğurlu siyasətinə və xalqımızı bu xəstəlikdən necə qoruduğuna baxıb bu sözləri yazmaya bilməzdi:

"Siz həqiqətən də əsl Lider, xalqını düşünən Prezident və biz gənclərin sevimlisisiniz. Xüsusən yaşlı insanlara, ehtiyacı olan şəxslərə göstərilən qayğı və diqqət məhz Sizin gördüyünüz işlərin əyani təsdiqidir.

Vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımdan və rayonumuzun sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da qayğısını və dəstəyini hiss edirik.

Möhtərəm cənab Prezident, biz gənclər Sizləri sevir və Sizlərlə qürur duyuruq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Əminəm ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacaq, gələcəyə daha inamlı addımlarla birlikdə irəliləyəcəyik".

Ağcabədi rayonu sakini Jalə Qurbanlı Azərbaycan Prezidentinə xalqa göstərdiyi böyük qayğıya görə təşəkkür edib:

"İşsiz kimi qeydiyyata alındığım üçün mənə 190 manat birdəfəlik ödəmə verildi. Buna görə bir daha Sizə minnətdarlığımı bildirirəm.

Xalqımız, dövlətimiz, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram.

Allahdan bu bəlanın tezliklə Azərbaycanımızın və bütün dünyanın başı üzərindən çəkilməsini diləyirik".

Naftalan şəhər sakinləri adından yazan Yaqub Ələsovun minnətdarlıq məktubunda isə qeyd edilir:

"Əziz Prezidentimiz. Dünyanı bürüyən koronavirus bəlasından xalqımızın xilas olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara infeksiyadan qorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirir. Sizinlə qürur duyuruq. Koronavirusdan əziyyət çəkən ölkələrin əksəriyyətindən fərqli olaraq Azərbaycanda iqtisadi böhranın yaşanmaması, hətta yeni sosial layihələrin icrası bir daha respublikamızın iqtisadi və maliyyə dayanıqlılığının sübutudur.

Ölkəmizin hər yerində epidemiya ilə mübarizə yüksək səviyyədə təşkil edilir. Əhali hər gün bu istiqamətdə operativ olaraq məlumatlandırılır. Bizim şəhərimizdə də küçələr, çoxmənzilli yaşayış binalarının ümumi istifadə yerləri, ticarət obyektləri mütəmadi olaraq dezinfeksiya edilir. Bununla yanaşı, aztəminatlı ailələrə, tənha yaşayanlara tez-tez baş çəkilir, ehtiyacı olanlara ərzaq yardımı edilir.

Möhtərəm Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Hər zaman olduğu kimi, bu çətin günlərdə də ətrafınızda sıx birləşərək, bütün işlərinizdə Sizə yaxından kömək etməyə hazırıq".

Mingəçevir şəhər sakinləri İsmayıl İsmayılbəyli Aidə İsmayılova yazır ki, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sağlamlığını düşünərək əsl Lider kimi koronavirusla mübarizə sahəsində atdığı addımları, gördüyü tədbirləri izlədikcə ona olan rəğbət və sevgiləri daha da artır:

"Koronavirusa qarşı qabaqlayıcı tədbirlər görən ilk ölkələrdən biri də Azərbaycandır. Sıx iş qrafikinizə baxmayaraq, hadisələrin gedişini izləyib dəqiq və düzgün təhlil edərək zamanında qəbul etdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyiniz ilə reallaşdırılan təxirəsalınmaz tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün böyük əhəmiyyət daşıyır.

Cənab Prezident, əminik ki, görülən işlərin və xalqımızın Sizinlə həmrəylik nümayiş etdirməsi sayəsində bu xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısı alınacaq və biz bu bəladan minimum itkilərlə qurtulacağıq. Bu yolda bütün vətəndaşlarımızı birliyə və həmrəyliyə çağırırıq. Görülən bütün işlərə görə Sizə minnətdarıq".

Gəncə şəhər sakini, Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi adından yazan rektor İbrahim Cəfərovun təşəkkür məktubunda qeyd edilir ki, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə ölkə başçısının rəhbərliyi və şəxsi nəzarəti ilə həyata keçirilən ən səmərəli tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrini, vətəndaşlarımızın, xüsusilə aztəminatlı ailələrin, tələbələrin sosial müdafiəsini əhatə etməklə bütövlükdə iqtisadiyyatımızın dayanıqlılığının təmin edilməsinə, pandemiyanın təsirlərinin ən minimum səviyyəyə endirilməsinə yönəlib:

"Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Sərəncamınızdan irəli gələn vəzifələrin həlli məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı verilmiş qərar Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim və tələbə heyəti tərəfindən çox yüksək qiymətləndirilir.

Cənab Prezident, əminik ki, Sizin müdrik və uzaqgörən siyasətiniz, xalq-iqtidar birliyi sayəsində bu tarixi sınaqdan da uğurla çıxaraq dövlətimizin qüdrətini dünyaya bir daha sübut edəcəyik. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun".

Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova isə yazır:

"Çox hörmətli cənab Prezident. Dünyanı çulğalamış yeni növ koronavirus pandemiyası ilə əlaqədar bütün bəşəriyyət böyük narahatlıq içərisindədir. Bütün dövlətlər bu təhlükəli xəstəlikdən daha az itki ilə çıxmaq üçün öz qüvvələrini səfərbər ediblər. Lakin çox az sayda dövlət bu virusun yayıldığı ilk gündən başlayaraq məsələyə çevik reaksiya verdi. Bu ölkələrdən biri də Azərbaycandır.

Sizin də bu məsələyə çevik reaksiya göstərərək ciddi tədbirlər görməyiniz, vaxtında verilən qərar və tapşırıqlarınız çox vacib və əhəmiyyətli addımlar oldu.

Müstəqil Azərbaycanımızın gələcəyinə belə həssas mövqeyiniz sayəsində ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər artıq öz müsbət təsirini göstərməkdədir. Sizin vaxtilə söylədiyiniz "Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm" sözləriniz bu ağır və narahat günlərdə bir daha öz təsdiqini tapdı. Uşaqdan tutmuş böyüyə qədər hamı bir daha əmin oldu ki, bəli, onların güclü dövləti və nüfuzlu, xalqın dar günündə onun arxasında inamla dayanan Prezidenti vardır.

Bütün bunlara görə qədim Şəkinin təhsil işçiləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və Azərbaycanımızı qorusun. Çox sağ olun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti