...

Afət Həsənova: Azərbaycanda karantin dövründə görülən tədbirlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır

Siyasət Materials 23 Aprel 2020 09:38 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, eyni zamanda karantin dövründə əhalinin sosial rifahının qorunması istiqamətində görülən tədbirlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bununla bağlı Prezident İlham Əliyevə çoxsaylı təşəkkür məktubları göndərilir. Bu, xalq-iqtidar birliyinin, xalqımızın Prezident ətrafında sıx birləşməsinin daha bir bariz nümunəsidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində görülən tədbirlər əksər ölkələr üçün bir nümunəyə çevrilib və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir:

“Azərbaycan bu istiqamətdə gördüyü tədbirlərin miqyasına və maliyyə tutumuna görə bir çox dövlətləri geridə qoyur. Belə ki, bu tədbirlər insanların sağlamlığının qorunmasından tutmuş, iqtisadi inkişafın təmin edilməsinə qədər geniş spektri əhatə edir. Azərbaycanda bu tədbirlərin xronologiyasına nəzər saldıqda, bütün işlərin sistemli və əsaslandırılmış şəkildə həyata keçirilməsinin şahidi oluruq.

İlk növbədə, sərhədlərin bağlanması ilə virusun xaricdən idxalının qarşısı alındı və eyni zamanda xaricdən gələn vətəndaşlarımız müvəqqəti karantinlərə yerləşdirilərək onların virusu ölkə daxilində yayması ehtimalı minimuma endirildi. Məhz bu işlərin nəticəsidir ki, ölkəmizdə sanitar-epidemioloji vəziyyət qısa müddətdə nəzarətə alındı və bu gün artıq virusa qalib gəlmək istiqamətində pozitiv tendensiyanın şahidi oluruq".

Millət vəkili vurğulayıb ki, görülən tədbirlərin əsas istiqamətlərindən biri də əhalinin karantin rejimi dövründə sosial rifahının və məşğulluğunun təmin edilməsi idi:

"Cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə ciddi ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. İlkin mərhələdə 200 min işsiz insana 190 manat vəsaitin verilməsi nəzərdə tutulurdu. Lakin daxil olan müraciətlərin sayını nəzərə alaraq, cənab Prezident bu rəqəmin 600 minə çatdırılması ilə bağlı tapşırıq verdi və artıq 230 mindən çox insan bu vəsaiti alıb.

Digər mühüm tədbir isə işləyən insanların məşğulluğunun qorunub saxlanması idi. Bu istiqamətdə də mühüm addımlar atıldı və karantin rejiminin tətbiq edilməsi həmin insanların işinə heç bir təsir göstərmədi. Belə ki, 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. 90 minə qədər ödənişli ictimai iş yerinin yaradılması da əhalinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərmiş oldu”.

Deputat əlavə edib ki, bütün bu tədbirlərlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” sosial aksiyası da böyük əhəmiyyətə malikdir və xalqımız tərəfindən rəğbətlə qarşlanır:

“Aksiya çərçivəsində aztəminatlı ailələrə ərzaq sovqatlarının çatdırılması və onlara müvafiq sosial xidmətlər göstərilməsi humanizm siyasətinin, insanlara qayğının birbaşa nümunəsidir”.

A.Həsənova vurğulayıb ki, həyata keçirilən bütün tədbirlər Azərbaycanın sosialyönümlü bir dövlət olduğunu və Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan rifahı, onun sağlamlığının dayandığını bir daha aydın şəkildə ifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti