...

Aydın Hüseynov: ABŞ dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul edir

Siyasət Materials 15 May 2020 15:43 (UTC +04:00)
Aydın Hüseynov: ABŞ dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul edir

Bakı. Elçin Mehdiyev - Trend:

ABŞ dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub iki ölkə arasında qarşılıqlı münasibətləri, təhlükəsizlik, enerji, regional münaqişələrin dinc yolla həlli və digər sahələrdə möhkəm əməkdaşlığın olmasını təsdiqləyir:

“ABŞ Prezidenti Donald Trampın məktubunda ölkələrarası güclü iqtisadi-siyasi dialoqun əməkdaşlığa böyük töhfə verməsinə diqqət çəkilir və dövlətimizin ABŞ və dünya dövlətləri üçün etibarlı tərəfdaş olması vurğulanır”.

A.Hüseynov bildirib ki, rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində yaxın tərəfdaş kimi yüksək qiymətləndirir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Respublikasının çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərinin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir:

“Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastrukturlar, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğu üçün Azərbaycanın başlatdığı Qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur və ölkəmizin atdığı qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərininin inkişafında təkanverici faktora çevrilib”.

A.Hüseynov qeyd edib ki, ABŞ, həmçinin Minsk Qrupunun həmsədri və beynəlxalq münasibətlərin aparıcı qüvvəsi kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasında nizamlayıcı rolu və təşəbbüskarlığı ilə fəal mövqeyə malikdir:

“ABŞ hökumətinin mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu çərçivəsində çoxtərəfli beynəlxalq sülh səyləri ilə həll edilməlidir. Bu, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü məsələsində və Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikanın mövqeyini aydın əks etdirir”.

Millət vəkili vurğulayıb ki, ABŞ Azərbaycanla iqtisadi və geniş hüquqi islahatlar sahəsində də sıx əməkdaşlıq edir, açıq iqtisadi əlaqələrin intensivləşməsi üçün dəstəyini göstərir:

“Son illərdə iki ölkə arasında siyasi, ticari-iqtisadi və strateji sahələrlə bərabər, həmçinin enerji, nəqliyyat, humanitar, mədəni, elm, təhsil, informasiya texnologiyaları kimi sahələrdə qarşılıqlı əməkdaşlıq davamlı olaraq inkişaf edir. Prezident İlham Əliyevin ABŞ-a səfərləri zamanı apardığı səmərəli danışıqlar və imzalanmış bir sıra mühüm rəsmi sənədlər ölkələrimiz arasındakı münasibətləri yeni, əsl tərəfdaşlıq səviyyəsinə yüksəldib. İki ölkə arasında əlaqələrin genişlənməsinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) də öz töhfəsini verib. Əməkdaşlığın genişləndirilməsində ABŞ Ticarət Departamentinin rolunu qeyd etmək lazımdır. Bu təşkilat ABŞ şirkətlərinin ölkəmizə investisiya qoyuluşu, sənaye, xüsusilə də neft maşınqayırması sahəsində birgə müəssisələrin yaradılması, əczaçılıq, kənd təsərrüfatı, turizm, İKT, ticarət sahələrində də əlaqələrin inkişafı üçün imkanların səfərbər edilməsində mühüm rol oynayır”.

Ölkələrimiz arasında münasibətlərin daha geniş şaxə alaraq regional və beynəlxalq təhlükəsizlik məsələləri, hərbi əməkdaşlıq üzrə inkişaf etdiyini vurğulayan A.Hüseynov qeyd edib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə Vaşinqtonla bir koalisiyada iştirak edir, İraqda və Əfqanıstanda antiterror əməliyyatlarında koalisiya qüvvələri ilə bir sıradadır:

“Qlobal antiterror əməliyyatlarında Azərbaycan Amerika ilə birgə qətiyyətli addımlar atmaqla sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməkdədir. Əminliklə qeyd etmək olar ki, bundan sonrakı dövrdə ardıcıl qətiyyətli siyasi kursun inkişaf etdirilməsi nəticəsində Azərbaycan-ABŞ strateji müttəfiqliyi dönməz xarakter alacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti