...

Azərbaycan Prezidenti: Biz məsuliyyətli ölkəyik, biz özümüzə hörmət edirik, öz ləyaqətimizi qoruyuruq, tərəfdaşlara da hörmət edirik

Siyasət Materials 19 May 2020 17:29 (UTC +04:00)
Azərbaycan Prezidenti: Biz məsuliyyətli ölkəyik, biz özümüzə hörmət edirik, öz ləyaqətimizi qoruyuruq, tərəfdaşlara da hörmət edirik

Bakı. Trend:

Biz məsuliyyətli ölkəyik, biz özümüzə hörmət edirik, öz ləyaqətimizi qoruyuruq, tərəfdaşlara da hörmət edirik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident İlham Əliyev qeyd edib:

"Azərbaycan bir sıra xarici ölkələrə yardım edir və bu, bizim apardığımız siyasətin tərkib hissəsidir. Çünki xarici siyasətə gəldikdə, biz həmişə əməkdaşlığa üstünlük vermişik və bunun faydasını görmüşük. Harada imkanımız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmişik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır.

Biz indi iki təşkilata sədrlik edirik və bu iki təşkilatın Zirvə görüşünü keçirmişik – Türk Şurası və Qoşulmama Hərəkatı və ən yüksək səviyyədə. Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarakter daşımamalıdır və daşımır. Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir.

Təsadüfi deyil ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Əks təqdirdə, Qoşulmama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr seçilməzdik. Çünki mən demişəm, bu təsisatda bir çox ölkələr cəmləşir ki, bir-biri ilə yola getmir. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Nəyə görə? Çünki biz məsuliyyətli ölkəyik, biz özümüzə hörmət edirik, öz ləyaqətimizi qoruyuruq, tərəfdaşlara da hörmət edirik. Yardım edəndə bunu elə formada edirik ki, bu, yardımı alan üçün də məqbul olsun və öz işimizi bu istiqamətdə davam etdirəcəyik.

Pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı. Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar və xüsusilə, ilkin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti