...

Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq arenada siyasi cəhətdən, iqtisadi və sosial sahədə özünü güclü dövlət kimi göstərdi

Siyasət Materials 9 İyun 2020 20:50 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq arenada siyasi cəhətdən, iqtisadi və sosial sahədə özünü güclü dövlət kimi göstərdi

Bakı. Trend:

Azərbaycan beynəlxalq arenada siyasi cəhətdən, iqtisadi və sosial sahədə özünü güclü dövlət kimi göstərdi.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışından sonra həkim kollektivi ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Bilirsiniz ki, Sumqayıt şəhərinə mən daim böyük diqqət göstərirəm və Prezident kimi dəfələrlə Sumqayıtda olmuşam, orta hesabla minimum ildə iki dəfə, bəzi illərdə daha da çox. Sumqayıtın sənaye potensialının inkişafı bu gün göz qabağındadır. Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və eyni zamanda, müasir sənaye şəhəridir. Çünki bildiyiniz kimi, - yaşlı nəsil bunu yaxşı bilir, - əvvəlki dövrdə Sumqayıtda çox çətin ekoloji vəziyyət mövcud idi. Bu gün yeni istifadəyə verilmiş bütün müəssisələr yüz faiz ekoloji standartlara cavab verir. Buna görə Sumqayıtda indi ekoloji vəziyyət çox yaxşılaşıb və hava da təmizdir. Sumqayıt bu gün parklar, bağlar şəhəridir, yaşıllaşdırma işləri gedir. İndi insanları narahat edən və ekoloji problem yaradan Acıdərə kanalı da təmizlənir. Buraya da böyük vəsait ayrılır. Bununla paralel olaraq, şəhər infrastrukturu yeniləşir, o cümlədən sosial obyektlər inşa edilir. 1 saylı şəhər xəstəxanasının əsaslı təmirindən sonra əlbəttə ki, vəziyyət daha da yaxşılaşıb.

Mənim göstərişimlə hazırda 2 saylı xəstəxananın tikintisi gedir. İlkin mərhələdə belə təklif olundu ki, o təmir edilsin. Amma sonra mənə verilən məlumata görə, bu, mümkünsüz olub və demək olar ki, xəstəxana yenidən tikiləcək. Bu, bir daha onu göstərir ki, vaxtında görülmüş işlər ən böhranlı dövrdə bizə lazım ola bilər. Bildiyiniz kimi, bütün ölkə üzrə yeni xəstəxanaların tikintisi demək olar ki, başa çatır, bəlkə bir, ya iki şəhərdə hələ ki, istifadəyə verilməyib, amma o da nəzərdə tutulur. Beləliklə, ölkəmizin hər bir şəhərində müasir tibb müəssisəsi var, özü də mərkəzi rayon xəstəxanası səviyyəsində, eyni zamanda, 20-yə yaxın müalicə-diaqnostika mərkəzi. İlk növbədə, əgər bu infrastruktur olmasaydı, biz indi icbari tibbi sığorta sisteminə keçə bilməzdik. Çünki bunun əsas şərti mövcud infrastrukturun müasir səviyyədə olmasıdır.

Bildiyiniz kimi, biz bu ilin əvvəlindən ölkə üzrə tam icbari tibbi sığortaya keçməli idik, ancaq pandemiya planlarımıza müdaxilə etdi. Biz indi bir neçə pilot layihəni icra edərək gördük ki, bunun üstünlüyü nədən ibarətdir və vətəndaşlar da gördü. Ona görə gələn ilin əvvəlindən artıq ölkə üzrə icbari tibbi sığortaya tam keçid nəzərdə tutulur. Bir daha demək istəyirəm ki, əgər biz bu tibb ocaqlarını vaxtında tikməsəydik, indi xəstələri müalicə etmək mümkün olmazdı. Baxın, indi 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə olunur, bölgələrdə yeni tikilmiş bütün xəstəxanalarda. Əgər bu olmasaydı, harada müalicə olunacaqdı? Bakı şəhərində ən çox harada müalicə olunur: Tibb Universitetinin Cərrahiyyə Klinikasında və Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında. Ən çox müalicə olunan xəstələr oradadır. Yeni klinikada 575 çarpayı mövcuddur. Bizim digər təmir edilmiş, yaxud da yenidən tikilmiş klinikalardır və bütün klinikalar tibbi avadanlıqla təmin olunub. Son illərin istehsalı, aparıcı şirkətlərin istehsalı olan avadanlıq bizə imkan verir ki, istənilən xəstənin müalicəsini təmin edək. Ona görə, bax, bu görülmüş işlərdir və son 16 il ərzində bütövlükdə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Bu güclü sosial səhiyyə infrastrukturu bizə imkan verdi ki, bu vəziyyətdən də şərəflə çıxaq. Biz iki min əlavə çarpayını ona görə yaradırıq ki, bu, bir ehtiyat olsun, Allah eləməsin, bu xəstəlik daha geniş yayılsa, bizim imkanımız olsun. Lazım olarsa, əlavə 10 xəstəxana da tikərik. Yəni, bu məqsədlər üçün biz istənilən vəsaiti tapa bilərik və tapırıq.

Bu dövr ərzində bir daha demək istəyirəm ki, Azərbaycan beynəlxalq arenada siyasi cəhətdən özünü güclü dövlət kimi göstərdi, iqtisadi sahədə güclü dövlət kimi göstərdi, sosial sahədə güclü dövlət kimi göstərdi. Göstərdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Onu da bildirməliyəm ki, bu dövr ərzində aparıcı beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardımla bağlı müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Biz heç kimdən yardım almırıq, heç kimdən yardım istəmirik, biz kredit istəmirik. Ancaq yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün kredit ala bilərik, bizə məqbul olan şərtlərlə. Ona görə bütün parametrlər üzrə Azərbaycan liderlik göstərib. Bu liderlik artıq regionumuzun çərçivələrindən çoxdan çıxıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti