...

Tamam Cəfərova: Gün, Birlik Günüdür!

Siyasət Materials 15 İyul 2020 20:43 (UTC +04:00)
Tamam Cəfərova: Gün, Birlik Günüdür!

Bakı. Trend:

Bütün dünyanın Covid-19 virusu ilə mübarizə apardığı bir dönəmdə 12 iyul'dan etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Rüspublikasının dövlət sərhədlərinin artilleriya atəşə tutulması qarşı tərəfin məkrli siyasətinin bariz nümunəsidir. Bu hərəkət illərdir, səsimizi duyurmağa çalışdığımız erməni aqressivliyinin açıq təzahürüdür. Lakin həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını alıb və işğalçılara sarsıdıcı cavab zərbələri endirib.

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində ordumuzun qəhrəmanlarının Şəhadət xəbərini aldıq. Allahdan Şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirəm. Şəhidlərimizin qisası alınıb və alınacaqdır!

İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə təşkil olunmuş yürüş bir daha xalqımızın vətənpərvərliyini, xalq-iqtidar birliyini nümayiş etdirdi. Və xalqın ordumuzla həmrəyliyi təqdirə layiqdir. Bu Vətən hər birimizindir. Həmin yürüşdə səsləndirilən ''Ali Baş Komandan, silah ver bizə'', ''İrəli, irəli, Azərbaycan əsgəri'', ''Şəhidlər ölməz, vətən bölünməz'' şüarları, əslində yürüşün mahiyyətini ortaya qoyurdu. Vətəndaşlarımızın könüllü şəkildə səfərbərlik tələbləri bir dövlət üçün ən qürurverici hadisədir. İnsanlarımız dövlətə, Azərbaycan Ordusuna dəstək, həlak olmuş şəhidlərimizin ruhuna böyük ehtiram nümayiş etdirib. Bu birliyə görə xalqımıza öz minnətdarlığımı bildirirəm.

Amma təəssüf ki, gecə saatlarında yürüşün sonunda təəssüf doğuran hadisələr baş verdi. Təxribatçı qüvvələr tərəfindən məqsədli şəkildə prosesə siyasi məzmun verməyə, pozuculuq fəaliyyətinə cəhdlər göstərildi. Milli Məclisin binasına zorla girərək vandallıq törədilməsi, polislərə qarşı zor tətbiq olunması ilk növbədə vətəndaşlıq mövqeyinə ziddir, bu, eyni zamanda qanunlara hörmətsizlikdir.

Dünən baş verənlərin təhlili xarici qüvvələrin proseslərdən ölkəni qarışdırmaq üçün maksimum istifadə etməyə çalışdığını göstərdi. Mən əminəm ki, xalqımız bu durumda şəxsi mənafelərini düşünüb, düşmən dəyirmanına su tökənlərə layiqli cavabını verəcəkdir. Bu günlər hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.

Digər bir muharibə növü isə informasiya muharibəsidir.Çox diqqətli olmaq lazımdır. Düşmən virtual arenada da fəal şəkildə təcavüzünə davam edir. Qeyd etmək istəyirəm ki, gənclərimizin müxtəlif dillərdə düşmənə cavab verməsi və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə duyurması məni qürurlandırır. Azərbaycan gənci virtual arenada da öz adına layiq mübarizə aparır.

Biz birlikdə güclüyük. Bu birliyi heç bir anti-milli qüvvə poza bilməyəcək. Çünki bu birliyin təməlində Vətən eşqi dayanır. Allah Azərbaycan’ı və Azərbaycan xalqını qorusun! Gün, birlik günüdür!

Tamam Cəfərova
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti