...

Sevil Mikayılova: Son hadisələr təxribatçı Ermənistan üçün axırıncı dərs olmalıdır

Siyasət Materials 16 İyul 2020 23:51 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribat təcavüzkar dövlətin siyasi səhnədə müttəfiqsiz qaldığını bir daha göstərdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, işğalçı Ermənistan növbəti dəfə ciddi uğursuzluğa düçar oldu və Azərbaycan Ordusundan aldığı cavab zərbəsi ilə sözün əsl mənasında məğlubiyyət şoku yaşadı:

“İyulun 12-də erməni silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində mövqelərimizi artilleriya atəşinə tutublar və bu gözlənilməz hücum nəticəsində Azərbaycan tərəfindən hərbçilər şəhid olub və yaralanıb. Azərbaycan Ordusunun əks-tədbirləri nəticəsində hücumun qarşısı alınıb və düşmən böyük itkilər verərək geriyə oturdulub.

Ermənistanın bu təxribatçı addımının heç şübhəsiz aydın izahı var. Ölkədə höküm sürən xaos, sosial problemlər, siyasi və iqtisadi böhran və beynəlxalq müstəvidəki uğursuzluqlar baş nazir Nikol Paşinyanı vəziyyətdən çıxmaq və vaxt udmaq üçün alternativ yollar axtarmağa vadar edir.

Siyasi səriştəsizlik və bərbad idarəçilik Paşinyanı çıxılmaz vəziyyətə salıb. Cəbhədəki fiaskonu dərk etmək iqtidarında belə olmayan Paşinyan yalançı bəyanatlarla öz xalqını aldatmaqdan belə çəkinmir”.

Deputat vurğulayıb ki, hücumun Ermənistan tərəfindən törədildiyi birmənalıdır və bu təxribatçı əməlinə heç cür don geyindirə bilməyən Paşinyan çıxış yolunu iftira dolu bəyanatlar səsləndirməkdə görür:

“Ermənistan məsuliyyətsiz çağırışlar edərək digər təşkilatları və dövlətləri də bu münaqişəyə cəlb etmək istəyir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım uman işğalçı ölkə öz istəyinə nail olmadı və onun yalvarış və müraciətləri cavabsız qaldı. Nəticədə, KTMT əvvəlcədən planlaşdırılmış iclasını belə təxirə saldı.

12 iyul əməliyyatı Azərbaycan Ordusunun şanlı zəfər salnaməsində növbəti parlaq səhifə oldu. Bu əməliyyatda Azərbaycan Ordusu bir daha öz gücünü və üstünlüyünü göstərdi.

Düşmənin onlarla hərbçisi məhv edilib, sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi, postları və bütün infrastrukturu darmadağın edilib.

Ordumuzun uğurlu əməliyyatı və döyüşlərdə əldə etdiyi nəticələr Azərbaycan dövlətinin və ordusunun gücünü, eyni zamanda xalqımızın əzmini və iradəsini bir daha ortaya qoydu.

Qazandığımız hərbi qələbə təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaradıb. Eyni zamanda, bu günlərdə Azərbaycan tək qalmadı, dost ölkələr tərəfindən ölkəmizə güclü dəstək ifadə olundu. Türkiyə, Pakistan kimi dövlətlər qardaşlıq və dostluq münasibətini bir daha nümayiş etdirdi, xüsusilə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi.

Bu hadisələr təxribatçı ölkə üçün axırıncı dərs olmalıdır və hazırki Ermənistan hakimiyyəti baş verənlərdən nəticə çıxararaq “hərb və sülh” müstəvisində hansı qərar qəbul etməli olduqlarını anlamalıdırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti