Bakı. Trend:
Azərbaycanofobiya, xüsusilə türkofobiya Ermənistanı məhv edir və bu ölkəni dünya birliyinə inteqrasiyadan daha çox ayırır.
Bu barədə Trend-ə iordaniyalı general-mayor, hərbi işlər üzrə ekspert, strateq Ma'mun Abu Navvar deyib.
Onun sözlərinə görə, Ermənistan kiçik bir dövlət olmasına baxmayaraq nəhəng ambisiyalara malikdir. Onun məqsədi bölgədə "Böyük Ermənistan" yaratmaqdır, bu isə sağlam düşüncəyə ziddir: "Bütün dünya Ermənistanın təcavüzkar ölkə olduğunu və Azərbaycan ərazilərini işğal etdiyini qəbul edir".
O qeyd edib ki, Azərbaycanın Suriyadan, Liviyadan terrorçuları, habelə İŞİD terrorçularını ermənilərə qarşı döyüşlərə cəlb etdiyi barədə Ermənistanın bütün açıqlamaları sadəcə rəsmi təsdiqini tapmayan sözlərdir.
Abu Navvar bildirib ki, heç bir özünə hörmət edən ölkə öz ərazisində terrorçuların döyüşməsinə icazə verməz. Azərbaycan demokratik bir ölkədir və sivil dünya cəmiyyətinin bir hissəsidir ki, buna imkan verə bilməz. Eyni zamanda özünə hörmət edən heç bir ölkənin təsdiqlənməmiş məlumat yaymaq hüququ yoxdur.