...

Malayziya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin artmasından narahatdır - Səfir

Siyasət Materials 13 Oktyabr 2020 19:02 (UTC +04:00)
Malayziya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin artmasından narahatdır - Səfir

Bakı. Nərgiz Sadıxova - Trend:

Malayziya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını dəstəkləyir.

Bunu Trend-ə Malayziyanın Azərbaycandakı səfiri Yubazlan bin Yusof deyib.

O, Malayziya hökuməti adından Gəncədə dinc sakinlərin həlak olması ilə əlaqədar başsağlığını bildirib:

“Mən sentyabrın 27-dən, münaqişə başlandıqdan etibarən vəziyyəti diqqətlə izləyirəm. Biz hazırkı vəziyyətlə, münaqişə zonasında və kənarda gərginliyin artması ilə bağlı dərin narahatıq. Bu, günahsız insanların həyatını təhlükə altına alır. Bütün sivil ölkələr, o cümlədən Malayziya dinc sakinlərə və mülki obyektlərə hücumlara qarşı çıxır”.

Səfir vurğulayıb ki, Malayziya münaqişənin dinc tənzimlənməsi ilə bağlı digər ölkələrin çağırışlarına qoşulur və tərəfləri dialoq və diplomatiya vasitəsilə tənzimləməyə üstünlük verməyə çağırır:

“Bu kontekstdə Malayziya beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan dinc tənzimləmə yollarının axtarışlarına yönəlmiş bütün səyləri dəstəkləyir. Malayziya BMT Nizamnaməsində qeyd olunan prinsipləri qətiyyətlə dəstəkləyir. Bu səbəbdən Malayziya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını dəstəkləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti