...

Azərbaycan tarix yazır: yolumuz Qarabağadır

Siyasət Materials 13 Oktyabr 2020 17:25 (UTC +04:00)
Azərbaycan tarix yazır: yolumuz Qarabağadır

Bakı. Trend:

Azərbaycan Prezidenti və Azərbaycan Ordusu 30 ilə yaxın davam edən status-kvonu 10 gündə dəyişdi

... 30 il əvvəl Qarabağdan bələkdə gəlmiş körpə oğlanlar bu gün Qarabağa əldə silah, müzəffər Ordunun xilaskar əsgəri kimi qayıdır.

... Bir ana 30 ildir yanında gəzdirdiyi boğçasını açır, titrəyən barmaqları ilə oradan bir açar çıxarıb oğlanlarına uzadır: Qarabağdakı evimizin açarıdır. Gedin, qapımızı açın.

... Kişilər ağlamaz deyirlər. Mənim yaxından tanıdığım 70 yaşlı məcburi köçkün Adil müəllim ömründə iki dəfə ağlayıb: 27 il əvvəl Cəbrayıldakı evini qoyub gələndə və 27 il sonra doğma yurdunun azad edilməsi xəbərini eşidəndə. Biri kədərdən doğan göz yaşları idi, o biri sevincdən doğan göz yaşlarıdır.

Aşağıdakı qeydlərim bu duyğusal həyat epizodlarının, Prezident İlham Əliyevin bir neçə gün əvvəl xalqa növbəti tarixi müraciətinin, “Əl-Cəzirə”, “Euronyus”, “CNN International”, “Sky Nyus”, “Əl-Ərəbiyə”, “TRT Haber”, “CNN Türk”, “Haber Qlobal”, “Rossiya–1”, Rusiyanın “Pervıy kanal” və digər telekanalların müxbirlərinin suallarına məntiqli, tutarlı arqumentlərə əsaslanan cavablarının və xalqın ürəyindən xəbər verən bəyanatlarının təsiri altında yazılıb. Yəqin, oxucu bəzən emosiyaya qapılmağımı da başa düşər və bunu bağışlayar.

X X X

Sentyabrın 27-dən, təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı və Ordumuzun sürətli əks-hücuma keçməsi barədə xəbərlərin gəldiyi ilk gündən əlim klaviaturaya uzanır, içimdə yığılıb qalmış fikir və düşüncələri, şahidi olduğum hadisələri paylaşmaq ehtiyacı duyuram. Qüdrətli ordumuzun bu günədək qazandığı uğurlara əsasən hadisələrin inkişafının ehtimal edilən ssenarilərini proqnozlaşdırmaq bizim peşənin xüsusiyyətindən irəli gəlir. Amma mən bunları bir kənara qoyub oxuculara, ilk növbədə, qəlbimdə aşıb-daşan sevinc və qürur hisslərini, emosiyalarımı çatdırmaq istərdim.

Bütün həyatını jurnalist peşəsinə həsr etmiş bir insan kimi, bəlkə də ilk dəfədir qeyri-adi vəziyyətlə üzləşmişəm: kompüterin qabağına keçib baş verənlər barədə düşüncələrimi yazmağa başlayandan bir-iki saat sonra əl saxlamalı oluram. Hadisələr o qədər sürətlə dəyişir, cəbhədən o qədər qaynar xəbərlər alırıq, Teleqram kanallarının səsləri o qədər çox eşidilir ki, monitordakı sətirlər, bütöv abzaslar bir-iki saatdan sonra “köhnəlir” və hər şeyi təzədən başlamaq lazım gəlir. Bu, qırx beş illik jurnalist təcrübəmdə bəlkə də heç vaxt qarşılaşmadığım fenomendir.

Qeyri-adi günlər yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi, rəşadətli Ordusunun iştirakı ilə şanlı tarix yazmaqdadır. Bu günlərin hər saatı, hər dəqiqəsi bir dastandır.

Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev münaqişənin sülh yolu ilə həllindən başqa yol yoxdur deyənlərin cavabını verdi: Var başqa yol, - dedi və dediyini etdi. Uzun illərdir status-kvonun qəbuledilməzliyini deyənlərə, amma heç bir iş görməyib işğalçının başına sığal çəkənlərə göstərdi ki, məsələni necə həll etmək olar. Ali Baş Komandanın əmri ilə döyüşə atılan müzəffər Ordumuz 30 ilə yaxın davam edən status-kvonu 10 günün içərisində dəyişdi. İndi nə status-kvo var, nə də təmas xətti. Bunu xalqımızın iradəsi ilə Ali Baş Komandan, Azərbaycan Ordusu döyüş meydanında etdi.

Əks-hücum əməliyyatlarının başladığı ilk gündən “atəşi dayandırın, danışıqlara başlayın” deyən supergüclərin, fövqəldövlətlərin aramsız təzyiqlərinə mərd-mərdanə sinə gərən Prezidentimiz nəyi necə və nə vaxt etmək lazım gəldiyini bilir. Bu, Qarabağ uğrunda döyüşlərin gedişində bir daha təsdiqləndi. Ali Baş Komandan İlham Əliyev təkbaşına bir ordunun işini gördü: həm savaş meydanında, həm diplomatiya və siyasi platformalarda. Bir vaxt “Qarabağ Ermənistandır” deyən, Şuşada ədəbazcasına rəqs edərək acıq verən, bizi təhqir edən paşinyanlara öz yerini göstərdi. Paşinyanı - bu riyakar, avantürist, siyasətdən uzaq küçə adamını rəzil duruma saldı. Onu yalvarmağa məcbur etdi: indi çıxıb desin, “Qarabağ Ermənistandır, görək necə deyir”.

Sorosun pulları ilə hakimiyyətə yiyələnən Paşinyan erməni xalqını da özü kimi rəzil etdi, yerə vurdu, alçaltdı.

İlham Heydər oğlu öz qətiyyəti, cəsarətli və müdrik qərarları ilə dünyanın gözündə bir daha yüksəldi, özü ilə bərabər xalqımızın şərəfini, ləyaqətini də göylərə qaldırdı.

Milli maraqlarımızın müdafiəsində sonadək dayanan Prezidentimizin olması bizim böyük xoşbəxtliyimizdir, Qarabağın xilasının qarantıdır. Xalqımız öz Prezidentinə inanır. Bu inama arxalanan, nəyi necə və nə vaxt etmək lazım gəldiyini yaxşı bilən İlham Əliyev Ermənistana son şans verdi və sözünü dedi: Çıxın bizim torpaqlardan, çıxın, öhdəlik götürün, danışıqların formatına qayıdın. Biz nə desək o olacaq və onlara şans veririk ki, torpaqlarımızdan sülh yolu ilə çıxsınlar, rədd olub getsinlər. Biz nə yolla olursa-olsun, bu torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Son hadisələr düşmənə də, bütün dünyaya da göstərdi ki, bu şərəfli, namuslu xalqın heysiyyəti ilə oynamaq, onu təhqir etmək olmaz. Azərbaycanın Prezidenti, Azərbaycan xalqı bunu paşinyanlara bağışlaya bilməzdi və bağışlamadı.

Bu gün öz Liderinin ətrafında yumruq kimi birləşən, misli görünməmiş həmrəylik nümayiş etdirən Azərbaycan xalqı doğma torpağı uğrunda ölüm-dirim savaşına qalxıb. Bu taleyüklü məqamda 10 milyon qəlb bir ürək kimi vurur. Bu, sözün əsl mənasında, Vətən müharibəsidir. Azərbaycan əsgəri öz canı-qanı bahasına düşməni Vətən torpaqlarından qovub çıxarır. Düşmən mərmisinin evini başına uçurduğu Ana, oğlu şəhid olmuş Ana başını dik tutaraq deyir: Təki Vətən yaşasın!

Adi hallarda sağlam düşüncəli heç bir insan müharibə istəməzdi. Lakin sülhsevər Azərbaycan xalqı bu müharibəyə işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan rəhbərliyi, beynəlxalq daşnak ideoloji mərkəzləri tərəfindən zorla cəlb olunub, buna məcbur edilib. Bizi buna dünyanın biganəliyi, beynəlxalq təşkilatların, Minsk qrupu adlandırılan vasitəçilərin ötür-ötür oyunu vadar edib. Otuz ildir ki, təcavüzkarla təcavüzə məruz qalan eyni tutulur, dünya 30 ildir ki, bu ədalətsizliyi, yurdu yağmalanmış bir milyon azərbaycanlının ağrı-acısını soyuqqanlılıqla seyr edir. “Bəsdir, yetər” deyib ayağa qalxan xalqın bu savaşı tarixi ədalətin bərpasına yönəlmiş döyüşdür, beynəlxalq hüququn ona verdiyi haqdır.

Prezidentimiz beynəlxalq kürsülərdən, BMT tribunasından dönə-dönə bəyan edirdi ki, işğala son qoymaq, təcavüzkarı buna məcbur etmək lazımdır. Münaqişənin nizamlanmasına vasitəçilik edən Minsk qrupu fəaliyyət göstərdiyi ötən 26 ildə bir addım atdımı? Atmadı. Yığışdılar, danışdılar və dağılışdılar. BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi dörd qətnamə bu gün də kağız üzərində qalır. Ermənistanın siyasi rəhbərliyinə küçədən gəlmiş birisi “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesinin üstündən xətt çəkdi.

Qudurğan düşmənə “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə cavab verən Prezidentimiz dünyaya səsləndi: Siz qarışmayın, öz taleyimizi özümüz həll edərik.

“Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir” – görün bunu kim deyir: münaqişənin nizamlanması üçün vasitəçilik mandatı verilmiş Minsk qrupunun üç həmsədrindən biri olan Fransanın dövlət başçısı. Görünür, Makron ya tarixdən bixəbərdir, ya da Fransadakı erməni lobbisinin çaldığı havaya oynayır. Prezidentimiz ona da öz kəskin cavabını verdi, bu əcaib sözünə görə Azərbaycandan üzr istəməyə çağırdı. Makron kimiləri tək deyil. Müharibə Ermənistanda yox, Azərbaycan torpağında gedir. Yeri gəlmişkən, Rusiya Prezidenti müsahibələrinin birində bunu xüsusi vurğuladı: müharibə Ermənistanda getmir.

Bu iki fərqli yanaşma fonunda üçüncü ölkələrdən olan, öz beyinlərini işlətmək əvəzinə ermənilərin uydurduğu “Azərbaycanın təcavüzü” barədə tezisi tez-tez təkrarlayan boşboğazlardan soruşmaq lazımdır: “Azərbaycanın Qarabağa təcavüzü” barədə danışmaq “Fransanın Marselə qarşı təcavüzü”, yaxud “Almaniyanın Bavariyaya hücumu” barədə cəfəngiyata bənzəmirmi?!

X X X

Münaqişə, müharibə və dünyanın buna yanaşması barədə bu müxtəsər düşüncələrdən sonra bilavasitə bağlı olduğum sahəyə qayıtmaq istərdim. Mənim üçün istinad nöqtəsi Azərbaycan Prezidentinin CNN-Türk telekanalına müsahibəsində səsləndirdiyi fikirlər oldu. Dövlətimizin başçısı uzun illərdir Azərbaycana qarşı aparılan qara təbliğatdan danışdı və bunun səbəblərini açıqladı. Xüsusən biz media işçiləri bunun bilavasitə şahidiyik. Aramsız qarayaxmalara, şər və böhtanlara tutarlı cavab veririk. Azərbaycan reallıqlarından, Qarabağ, Xocalı həqiqətlərindən bəhs edən materialları əməkdaşlıq etdiyimiz dünya KİV-lərində bütün mümkün vasitələrlə yaymağa çalışırıq.

İndi, son hadisələr başlayan vaxtdan qara təbliğatın yeni dalğası baş qaldırıb. Bəzi ölkələrin bu işdə marağı olan dairələri, media orqanları Azərbaycanın imicini ləkələmək üçün olmazın yalanlar uydurur, informasiya məkanında münaqişə ilə bağlı yanlış rəy formalaşdırmağa aramsız cəhdlər edirlər. Prezidentin qeyd etdiyi kimi, bizə ünvanlanan bu ittihamlarla təkbaşına mübarizə apararaq müəyyən uğurlar əldə etmişik. Ancaq bizim də imkanlarımız məhduddur. Bir çox hallarda bizim səsimiz eşidilmir. Beynəlxalq media qurumları daha çox Ermənistanın tərəfini tutur, münaqişə ilə bağlı yalan məlumatlar yayırlar. Yaxşı ki, bu çətin gündə qardaş Türkiyə, eləcə də onun bütün KİV-ləri bizim yanımızdadır, səslərini bizim səsimizə qataraq dünyaya Azərbaycanın ədalətli mübarizəsi ilə bağlı həqiqətləri çatdırırlar.

Bu gün bir sıra KİV-lər Paşinyanın hərbi əməliyyatlarda guya Türkiyə F-16-larının, türk hərbçilərinin iştirakı barədə yalanlarını tirajlayır. Azərbaycan və Türkiyə qardaş ölkə, üstəlik yaxın qonşulardır. Ulu Öndərimiz bu qardaşlığı bir neçə sözlə belə ifadə edib: “Bir millət, iki dövlət”. Türkiyənin belə ağır gündə bizə dəstək verməsi tamamilə təbii və başa düşüləndir. Amma o da təkzibolunmaz həqiqətdir ki, biz öz torpaqlarımızı özümüz azad edirik. Azərbaycan Ordusu düşmənə istənilən cavabı verməyə qadirdir və verir.

Ermənistana gəlincə, ona hər cür dəstək verən, silah ötürən çoxdur. Bu gün hamıdan artıq canfəşanlıq edən Fransanı götürək. Bəlkə ermənilər və fransızlar da “bir millət, iki dövlətdir”, bəlkə qonşudurlar? Parislə İrəvan bir-birindən 4500 kilometr aralıdadır, avtomobillə azı 50 saatlıq yoldur. Türkiyədən isə Azərbaycana əl uzatsan çatar.

Bizim yaxınlığımız, türk qardaşlarımızın “Azərbaycan tək deyil” deməsi Ermənistanı həm qıcıqlandırır, həm də qorxuya salır. Türkiyə ordusu bu gün NATO-nun ən güclü iki ordusundan biridir. Türkiyə modern silahlar istehsal edir. Biz Türkiyədən də, başqa ölkələrdən – Rusiyadan, Ukraynadan, İsraildən də silahı pulla alırıq. İşğalçı Ermənistana isə silahı pulsuz verirlər. İqtisadiyyatı çökmüş, dilənçi vəziyyətinə düşmüş Ermənistanın silah almağa pulumu var? Prezidentimiz müsahibələrindən birində bu məqamı vurğulayaraq dedi: Bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, bu münaqişə çoxdan çözülərdi.

Bu gün cəbhə xətti şərti termindir. Bu gün bütün Azərbaycan cəbhədir – bütün oğlu-qızı, cavanı-yaşlısı ilə. Hərə öz sahəsində Vətən üçün, böyük Qələbəmiz naminə var qüvvə ilə çalışır. Bu taleyüklü anlarda jurnalist də bir əsgər, söz də bir silahdır. Ermənistan bizə qarşı həmişə olduğu kimi, bu dəfə də ikinci cəbhə - informasiya cəbhəsi açıb. Ermənipərəst media (belə media çox yerdə var – Fransada, Almaniyada, ABŞ-da, Rusiyada... Okeanın o tayında da, bu tayında da) olmazın yalanlar və böhtanlar tirajlayır, Azərbaycana iftiralar atır, gözgörəsi tərəfkeşlik edir. Həmişə belə olub. İndi isə xüsusi fəallıq və canfəşanlıq görürük. Qoy olsun, yalan ayaq tutsa da yeriməz.

Bu günlər Azərbaycan mediası siyasi yönümündən və mövqeyindən asılı olmayaraq görünməmiş həmrəylik nümayiş etdirir, haqq işimizə hamılıqla informasiya dəstəyi verir. AZƏRTAC-a gəlincə, biz bütün mümkün vasitələrlə Azərbaycanın ədalətli savaşı barədə materialları dünya informasiya məkanına çıxarmağa çalışırıq. Agentliyimiz 35 ölkədən 44 agentliyi öz sıralarında birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidentidir, eləcə də Dünya Xəbər Agentlikləri Konqresində (NAWC) fəal təmsil olunur (yeri gəlmişkən, Bakı 2016-cı ildə hər iki mötəbər beynəlxalq təşkilatın forumlarına ev sahibliyi edib). Bizim tərəfdaşlarımız sırasında Çinin Sinxua, Rusiyanın TASS, Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Yaponiyanın Kyodo, Malayziyanın Bernama kimi informasiya nəhəngləri var. Tərəfdaş KİV-lərdən danışarkən, dünyanın müxtəlif guşələrində 100 milyondan çox oxucusu olan ingilisdilli “Chine Daly” qəzetinin adını da xüsusi qeyd etmək istərdim.

Cəbhə xəttində əməliyyatların aktiv fazasında bu və digər mötəbər informasiya agentlikləri AZƏRTAC-a istinadla çoxsaylı xəbərlər, foto və videolar yayımladı və yayımlamaqda davam edir. Bundan əlavə, xarici ölkələrdəki müxbir məntəqələrimizin xətti ilə yerli mətbuatda Ermənistan rejiminin uydurduğu yalanlara, böhtanlara cavab olan yazılar dərc edilir. Eyni zamanda, AZƏRTAC üzvü olduğu bütün beynəlxalq və regional media qurumlarının və tərəfdaş informasiya agentliklərinin rəhbərlərinə müraciət ünvanlayaraq, onları Ermənistanın Azərbaycana təcavüzünü və regionda baş verən hadisələri obyektiv, qərəzsiz işıqlandırmağa, haqqın və ədalətin tərəfində dayanmağa çağırıb.

X X X

Azərbaycan müharibə istəmirdi. Elə buna görə də ulu öndərimiz Heydər Əliyev də, Prezidentimiz İlham Əliyev də 30 ildir çalışırdılar ki, münaqişə danışıqlar yolu ilə, sülhlə çözülsün. Mən Ulu Öndərimizin tarixi səfərlərini əvvəldən sonadək işıqlandıran jurnalist kimi şəxsən şahidəm: Heydər Əliyev Qarabağ probleminin qan-qadasız, danışıqlar masası arxasında həll olunması üçün son dərəcə gərgin iş aparır, maksimum səylər göstərirdi. Bu, uzun söhbətin mövzusu olduğundan iki məqamı xatırlatmaqla kifayətlənməyə məcburam.

Ki-Uest, 2001-ci il 3 aprel. Minsk qrupu həmsədrlərinin vasitəçiliyi və dövlət katibi Kolin Panuelin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri tam yeni formatda danışıqlar apardılar. Ulu Öndərimiz bu görüşdə tarixi bəyanatla çıxış etdi, münaqişənin tənzimlənməsinə mane olan səbəbləri göstərdi, Dağlıq Qarabağ həqiqətlərini çatdırdı, həll yollarına dair öz mülahizələrini söylədi. Bəyanatdan kiçik bir sitat gətirmək yerinə düşər: “Bu gün dünyada bir dövlətin başqa bir dövlətin ərazisini işğal etməsi, orada etnik təmizləmə aparması kimi ikinci bir hala rast gəlmək mümkün deyil. Təəssüf ki, dünya birliyi bu faciəni sükutla seyr edir... Rusiyanın, ABŞ-ın, Fransanın simasında ATƏT-in Minsk qrupunun rəhbərlərinə bəslədiyimiz ümidlər hələlik gözlənilən nəticəni vermir”.

Heydər Əliyevin bu sərt bəyanatı, qətiyyətli mövqeyi və haqlı iradı müəyyən canlanma yaratdı.

Xatırlayıram, Ulu Öndər Ki-Uestdən Vaşinqtona yollandı. ABŞ Prezidenti Corc Buşun burada Azərbaycan Prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan ilə ayrı-ayrılıqda görüşləri oldu. ABŞ-ın yüksəkvəzifəli şəxslərinin Ağ evdə keçirilən brifinqdə bu görüş və danışıqların uğurundan necə ağızdolusu danışdıqları da yaxşı yadımdadır. Bundan bir ay sonra Ulu Öndərimiz Fransaya səfər etdi.

Paris, 2001-ci il 5 mart. Yelisey sarayında Fransa Prezidenti Jak Şirakın iştirakı ilə Azərbaycan Prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan arasında növbəti danışıqlar oldu. Üç saatdan çox davam edən danışıqlardan sonra hər üç prezident birgə mətbuat konfransı keçirdi. Təfərrüata varmadan onu deməklə kifayətlənirəm ki, jurnalistlərin suallarını cavablandıran Fransa Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm irəliləyişin əsasının qoyulduğunu vurğulayaraq belə dedi: “Həqiqətən ümidvar olduğumu bildirmək istərdim ki, bu münaqişə cari ilin sonunadək həll ediləcək və onun qarşılıqlı surətdə məqbul həlli tapılacaq”.

Həqiqətən də Ki-Uest və Paris danışıqları böyük ümidlər yaratmışdı. 2001-ci ilin yazında münaqişənin həllinə çox yaxınlaşılmışdı. Lakin sonradan sanki hansısa gözəgörünməz əl çarxı başqa səmtə yönəltdi.

O vaxtdan az qala 20 il keçir. Corc Buş getdi, Barak Obama gəldi, Obama getdi, Donald Tramp gəldi. Jak Şirak getdi, Nikola Sarkozi gəldi, Sarkozi getdi, Fransua Olland gəldi, Olland getdi Emmanuel Makron gəldi. Münaqişə isə həll olunmamış qaldı...

Prezident İlham Əliyevin də münaqişəni danışıqlar yolu ilə həllinə göstərdiyi aramsız səylərin şahidiyik. Müəyyən mərhələdə həll yolu tapılmış kimi görünürdü. Məsələn, tərəflərin razılaşdığı Madrid prinsipləri işğal olunmuş Azərbaycan torpaqlarının mərhələli şəkildə qaytarılmasını nəzərdə tutur. Biz ümidlə bu prinsiplərin işə düşəcəyini gözləyirdik. Lakin Paşinyan gəldi və 30 il davam edən bütün danışıqların, eləcə də hər iki tərəf üçün məqbul olan Madrid prinsiplərinin üstündən xətt çəkərək dedi: biz Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq. Bunun ardınca Ermənistanın məlum hərbi təxribatları başlandı və Azərbaycanın silaha əl atmaqdan başqa yolu qalmadı.

Yəqin heç kəs mübahisə etməz ki, indi planetimizdə yaşayan bütün insanların şahid olduqları hadisələr həqiqətən tarixi əhəmiyyət daşıyır. Azərbaycanın lideri, Azərbaycan xalqı tarix yazmaqda davam edir – Prezidentimiz öz qətiyyəti, müdrik siyasəti və sərkərdəliyi, xalqımız möhtəşəm birliyi və qələbə əzmi, əsgərimiz öz qanı-canı və silahı ilə yazır bu tarixi. Jurnalistlərimizin, reportyorlarımızın üzərinə isə bu həqiqət anlarını salnamələşdirmək borcu düşür.

X X X

Münaqişənin həllini bu qədər uzatmaqda hansı məqsədlər güdülürdü? Düşünürdülər ki, yaşlı nəsil dünyadan köçəcək, onları əvəz edən, bu yerləri heç vaxt görməyən yeni nəsil Qarabağı unudacaq, yaxud zaman Xocalını unutduracaq. Beləcə, hər şey öz-özünə sakitləşəcək. Əksinə, zaman onların bu düşüncələrində, hesablamalarında yanıldıqlarını göstərdi.

Bu yerdə Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı yada düşür. Heç bir imperiya, heç bir işğalçı, yadelli qüvvə nə qədər ağlagəlməz üsullara əl atsa belə, xalqları manqurtlaşdırmağa nail olmayıb. Yeni nəsil Qarabağ görməyib, olsun, axı Vətən, torpaq sevgisi insana gözlə keçmir. Bu, qan yaddaşıdır, tarixi yaddaşdır və onu heç bir vəchlə silmək olmaz. Qarabağı görməyən yeni nəsil Qarabağ naminə ölümə getməyə hazırdır və gedir. Qarabağ kəlməsi hətta məktəbyaşlı uşaqların dilinin əzbəridir.

Yuxarıda bəhs etdiyimiz 30 illik mənzərə qəflətən (əslində həm də gözlənilən idi) dəyişdi. Özü də buna rəvac verən işğalçılar, status-kvonun dondurulmasında maraqlı olanların özləri oldu. Onlar hansısa başqa ölkələrdən “ev-eşiksiz qalmış yoxsul qohumlarını” gətirib Qarabağda məskunlaşdırmaq fikrinə düşdülər. Belə məlum oldu ki, vaxtilə qanuni sahibindən zorla aldıqları evi öz zövqlərinə uyğun təmir etmək, divarına “Bu mənzil bizimdir və nöqtə” sözləri yazılmış plakat asmaq istəyirlər. Bunun ardınca yeni müharibə bəyanatları səsləndirildi və Azərbaycana qarşı yeni hərbi təcavüzlər başladı...

Görünür, qanuni ev sahiblərinin səbirlərinin tükənməz olmaması barədə çoxillik xəbərdarlıqların söz olaraq qalmayacağını heç kəs gözləmirdi. Səbri həqiqətən tükənən xalq “Bu ev bizimdir və nida işarəsi" deyərək, tarixi ədaləti bərpa etmək üçün öz lideri başda olmaqla, hamılıqla mübarizəyə qalxdı. Görəsən, bu haqlı savaş işğalçının havadarlarını niyə belə əndişələndirir?

Azərbaycan Prezidenti İlham Əliyev bəyanat və çıxışlarında, yerli və xarici KİV-lərə çoxsaylı müsahibələrində sözünü açıq və qəti şəkildə deyir – BMT-yə də, ATƏT-ə də, Minsk qrupuna da, paşinyanlara da. Deyir ki, biz daha 30 il gözləyə bilmərik, işğalçılar torpaqlarımızdan çəkilib getməlidir.

Sentyabrın 27-də İlham Əliyevin xalqa müraciətindən sonra qəlbi inam, qürur və sevinclə dolu on minlərlə insan əllərində bayraq, dillərində ”Qarabağ” kəlməsi Bakı küçələrinə axışdı! Paytaxtda misli görünməmiş mənzərə yaşanırdı! Ali Baş Komandanından əmr alan Azərbaycan Ordusu üzərinə düşən missiyanı və döyüş tapşırığını layiqincə icra etməyə başladı. Qısa müddətdə bir sıra torpaqlarımızda 30 ildən sonra üçrəngli bayrağımız yenidən dalğalanmağa başladı: Cəbrayıl şəhərində, Hadrut qəsəbəsində, Suqovuşanda, Talış kəndində və digər kəndlərimizdə. Bir cəbrayıllı kimi məndən ötrü bu, həm də şəxsi xoşbəxtlikdir, buna görə də Ali Baş Komandana, xilaskar Ordumuza, cəsur Azərbaycan əsgərinə minnətdaram!

Yazımın əvvəlində dediyim kimi, otuz il əvvəl öz analarının qucağında, baba-nənələrinin çiyinlərində qarlı aşırımlardan, sıx meşələrdən keçərək gəlmiş körpələr bu gün əcdadlarının torpaqlarına tanklar üzərində qayıdırlar. Biz xoşbəxtik ki, bu Zəfər yürüşünün canlı şahidləriyik.

X X X

Müharibənin öz qanunları var. Ordu ordu ilə savaşar, əsgər əsgər ilə döyüşər - üz-üzə, mərd-mərdanə. Kim güclüdürsə, o da qalib gələr. Döyüş meydanında məğlub olan Ermənistan bu qanunları da pozur, müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə tutur. Düşmənin xain hücumları nəticəsində çox sayda mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olub və yaralanıb, evlər, çoxmənzilli yaşayış binaları, obyektlər dağılıb.

Oktyabrın 11-də atəşkəs razılaşmasının hələ mürəkkəbi qurumamış döyüş əməliyyatları zonasından 80 kilometr aralıda yerləşən, ərazisində heç bir hərbi obyekt olmayan Gəncəyə - Azərbaycanın ikinci böyük şəhərinə ballistik raket zərbəsi endirildi. Beşi qadın olmaqla, 10 nəfər dinc sakin həlak oldu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla 34 nəfər yaralandı. Ermənistanın bu ağır cinayətinə beynəlxalq birliyin, xüsusən Minsk qrupu həmsədrlərinin səssiz qalması ikili standartların, özgə dərdinə, başqasının faciəsinə laqeydliyinin daha bir təəssüf doğuran təzahürdür.

Düşmənin bu təxribatları, xain hücumları xalqımızın iradəsini qıra bilmir və bilməyəcək. Əsrlər boyu başı min-bir müsibət çəkmiş, tarixə bir çox şanlı səhifələr yazmış Azərbaycan xalqının bu gün bir arzusu var – düşmən tapdağı altındakı torpaqlarını azad etmək.

Qeydlərimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər bir azərbaycanlının qəlbində əks-səda verən duyğusal sözləri, duaları ilə tamamlamaq istərdim: Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Qarabağ Azərbaycandır!

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin sədri

OANA-nın vitse-prezidenti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti