...

Meksikanın aparıcı radio kanalında Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətləri barədə məlumat verilib (FOTO)

Siyasət Materials 22 Oktyabr 2020 07:45 (UTC +04:00)
Meksikanın aparıcı radio kanalında Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətləri barədə məlumat verilib (FOTO)

Bakı. Trend:

Meksikanın çoxmilyonlu dinləyici kütləsinə malik “MVS” radiosunda səfir Məmməd Talıbovun Ermənistanın son hərbi təcavüz cəhdi və Dağlıq Qarabağ münaqişəsindəki hazırkı durum barədə müsahibəsi efirə gedib.

Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, münaqişənin tarixi köklərindən danışan səfir, Ermənistanın Azərbaycana qarşı uzun illər ərazi iddiaları ilə çıxış edərək beynəlxalq ictimiayyətin bütün üzvləri, o cümlədən Meksika tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınan Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonu 30 ilə yaxındır hərbi işğalda saxladığını və bu ərazilərdə etnik təmizləmə apararaq bir milyona yaxın azərbaycanlı əhalini oradan qovduğunu məlumat verib.

Münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz azad etməsini tələb etdiyini bildirən səfir, beynəlxalq ictimaiyyətin bu tələblərinə baxmayaraq, Ermənistan heç vaxt konstruktiv mövqe tutmadığını, əksinə işğal faktını və status-kvonu möhkəmlətməyə çalışdığını, son dönəmlərdə atdığı təxribat xarakterli addımlarla Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini tamamilə pozduğunu, 27 sentyabrdan etibarənsə növbəti təcavüz cəhdinə əl atdığını qeyd edib.

Aparıcıların Türkiyənin münaqişədəki roluna dair sualına münasiəbtdə səfir Türkiyənin ATƏT-in Minsk Qrupunun üzvlərindən biri kimi danışıqlar prosesinə cəlb olunduğunu, habelə Azərbaycana qardaş ölkə və regionun söz sahibi ölkələrindən biri olaraq burada sabitləşdirici rol oynadığını, münaqişədə Azərbaycana siyasi və mənəvi dəstək verdiyini, eyni zamanda bu məsələdə Azərbaycanı dəstəkləyən digər ölkələr kimi Türkiyənin də beynəlxalq hüququ və BMT qətnamələrini müdafiə etdiyini diqqətə çatdırıb.

Azərbaycanın daim sülh tərəfdarı olduğunu deyən səfir, hazırkı münaqişədə sülhün əldə edilməsinin rəsmi formulunun BMT-nin müvafiq qətnamələrinin icrası, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və məcburi köçkünlərin geri qaytarılması olduğunu qeyd edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini, o cümlədən ölkənin ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raketlərlə atəşə tutduğunu, bu hücumlar nəticəsində 60-dan çox mülki Azərbaycan vətəndaşının həlak olduğunu, 250-dən çoxununsa yaralandığını məlumat verən səfir, Ermənistanın törətdiyi bu müharibə cinayətlərinin proseslərin danışıqlara doğru yönəlməsinə mane olduğunu bildirib.

Sonda Dağlıq Qarabağda yaşayan erməni icmasının gələcək taleyinə dair sualla bağlı səfir Azərbaycanın müxtəlif millət və inanclardan olan insanların daim birgə, sülh şəraitində yaşadığı bir yer olduğunu, məhz bu səbəbdən Roma papası Fransisko tərəfindən bütün dünya üçün tolerantlq modeli adlandırıldığını söyləyib və bu xüsusda, Ermənistanın hazırkı hökumətinin öz təcavüzkar siyasətindən əl çəkdiyi və işğal edilmş Azərbaycan ərazilərini azad etdiyi halda, ölkəmizdə yaşayan digər xalqlar kimi ermənilərin də azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini və beləcə, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin bərpa olunmasına şərait yaranacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti