...

Prezident İlham Əliyev: Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır

Siyasət Materials 25 Oktyabr 2020 21:27 (UTC +04:00)
Prezident İlham Əliyev: Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır

Bakı. Trend:

Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə deyib.

Dövlət başçısı bildirib:

"Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti