...

Ali Məhkəmə beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı terrorunu qətiyyətlə pisləməyə çağırıb

Siyasət Materials 31 Oktyabr 2020 16:03 (UTC +04:00)
Ali Məhkəmə beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı terrorunu qətiyyətlə pisləməyə çağırıb

Bakı. Trend:

27 və 28 oktyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının silahlı qüvvələri rəsmi olaraq elan edilmiş humanitar atəşkəs rejimini yenidən pozaraq “Smerç” yaylım atəşli reaktiv sistemdən və beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə fəal hərbi zonadan təxminən 40 kilometr aralıda yerləşən sıx məskunlaşmış əhalisi olan Azərbaycan Respublikasının Bərdə şəhərinə zərbələr endirmişlər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Azərbaycanın mülki əhalisinə qarşı qəsdən və heç bir ayırım gözlənilmədən törədilən hücumlar nəticəsində uşaqlar da daxil olmaqla 26 mülki şəxsin öldüyü və 83-dən çoxunun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Dinc əhali arasında itkilərlə yanaşı, mülki infrastruktura da ciddi şəkildə ziyan dəymişdir. Bərdədə mülki əhaliyə qarşı qəsdən və heç bir ayırım gözənilmədən törədilən bu son hücumlar Amnesty International, Human Rights Watch və digər insan hüquqları təşkilatlarının yayımladığı hesabatlarda geniş şəkildə sənədləşdirilmişdir.

Ümumiyyətlə Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycana qarşı hücumları nəticəsində bu günədək 91 mülki şəxs öldürülmüş, 400-dən çoxu müxtəlif dərəcəli bədən xəsarəti almış və Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində xüsusi mülkiyyət daxil olmaqla 3000-dən artıq mülki obyekt məhv edilmiş və ya zədələnmişdir.

Məlumdur ki, Ermənistan silahlı qüvvələri bu günə qədər dinc əhaliyə öz ərazilərindən və işğal olunmuş Azərbaycan ərazilərindən atəş açmaqda davam edir. Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar rejimə hərbi, siyasi, maliyyə və digər maddi dəstək verir, o cümlədən silahlı qüvvələrini, hərbi texnikasını və "könüllülər" adlandırdıqları, əslində isə muzdlular olan şəxsləri suveren Azərbaycan ərazisinə göndərir.

Qeyd edilən halları təsdiq edən xeyli sayda əsaslı sübutların olması nəzərə alınaraq, Azərbaycan hökuməti 2020-ci il oktyabrın 27-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət göndərərək Məhkəmədən Ermənistanı yuxarıda göstərilən qanunsuz tədbirlərin dayandırılmasına əlavə olaraq silahlı qüvvələrini və qanunsuz olaraq Azərbaycanda yerləşdirilmiş silahlılarını geri çəkməyə və Azərbaycana və onun vətəndaşlarına qarşı nifrət siyasəti yürütməkdən çəkindirməyə çağırmağa tələb etmişdir.
Öz növbəsində, Azərbaycan hökuməti silahlı qüvvələrin mülki şəxslərə hücum etməsinə və mülki insanlara zərər vuran hücumlara qarşı mütləq bir qadağaya riayət etməsini tələb edən beynəlxalq humanitar hüququn əsas prinsipinə həmişə əməl etdiyini bəyan etmişdir. Azərbaycan silahlı qüvvələri mülki əhaliyə hucumlara olan qadağaya riayət edilməsinə dair bağlılığını bir daha təsdiq edərək, əksinə, döyüş meydanında düşmənin hərbi hədəflərinə ciddi zərbələr endirir.

Beynəlxalq səviyyədə tanınmış öz sərhədləri daxilində dövlət suverenliyini bərpa etmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində, son həftələrdə Azərbaycanın silahlı qüvvələri Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri də daxil olmaqla, bir sıra şəhər və qəsəbələri erməni işğalından azad etmişdir.

Biz beynəlxalq ictimaiyyəti Bərdə şəhərinə və Azərbaycanın digər yaşayış məntəqələrinə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləməyə çağırırıq. İnsanlığa qarşı bu dəhşətli cinayətləri, o cümlədən 1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı törədilən misli görünməmiş soyqırımı törədənlər dərhal tutulmalı və ədalət mühakiməsinə cəlb olunmalıdırlar.

Biz ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağ və ona bitişik rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin müddəalarını həyata keçirən Azərbaycan hökumətinin səylərini dəstəkləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti