...

Müharibənin 39-cu günü: Ermənistan iqtisadiyyatı total iflas mərhələsində

Siyasət Materials 4 Noyabr 2020 09:31 (UTC +04:00)
Müharibənin 39-cu günü: Ermənistan iqtisadiyyatı total iflas mərhələsində

Bakı. Trend:

İkinci Qarabağ müharibəsinin 39-cu gününü yaşayırıq. Bu müddət ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna vurduğu maddi ziyanın həcmi 3 milyard dollardan artıqdır. Nəzərə alsaq ki, düşmən döyüşlərdə artıq 8 ədəd C-300 zenit-raket kompleksini (ZRK) itirib və onlardan birinin qiyməti 115-160 milyon dollar civarındadır,zənnimizcə, mənzərə tam aydın olar.

Ermənistanın maliyyə naziri Cancuqazyan bir neçə gün oncə bəyan etdi ki, müharibənin hər günü Ermənistan iqtisadiyyatı üçün 30 milyon dollara başa gəlir. Onun hesablamalarına görə, Ermənistan iqtisadiyyatına bu 39 gün ərzində 1 milyard 170 milyon dollar zərər dəymişdir. Süni şəkildə erməni nazir itkilərinin miqyasını kiçiltməyə can atsa da, yuxarıda qeyd etdiyimiz təkcə C-300 ZRK ilə bağlı Ermənistanın üzləşdiyi itkilərin məbləğinin 920-1280 milyon dollar civarında olduğu danılmaz həqiqətdir. Vəziyyətin belə davam etməsinə Ermənistan iqtisadiyyatı tab gətirə biləcəkmi? Cavab birmənalıdır:əsla! Ermənistan iqtisadiyyatı müharibəyəqədərki vəziyyətinin təhlili bu nəticəyə gəlməyə əsas verir.

Əvvəla. Ermənistanın 2020-ci il hərbi büdcəsi 634 milyon dollardır. Müharibənin 39-cu günündə artıq işğalçı dövlətin təkcə hərbi itkilərinin həcmi (3 milyard dollardan artıq) hərbi büdcədən ən azı 4,7 dəfə çoxdur.

İkincisi, 2020-ci ilin birinci yarısında Ermənistan iqtisadiyyatının onsuz da ağır olan vəziyyəti daha dramatik hal almışdır. Belə ki, həmin dövr ərzində xəzinəyə vergidaxilolmaları 50% aşağı düşmüşdür. İlin sonunadək ölkədə büdcə kəsiri ən optimist proqnozlara görə, 1 milyard dollar təşkil edəcəkdir.

Üçüncüsü, 2020-ci ilin iyul ayında Ermənistanın xarici dövlət borcu tarixinin rekord həddinə-8 milyard dollarıa çatmışdır. Bu reallıq fonunda Ermənistanın strateji valyuta ehtiyatları sonuncu dəfə qeydə alınmış 2,6 milyard dollardan 1,5 milyard dollara enmişdir. Lap yaxın günlərdə həndəsi silsilə ilə artan hərbi xərclərin bu “valyuta”nı tam “yeyəcəyi” aksiom kimi qəbul olunur.

Dördüncüsü, Fitch Beynəlxalq Reytinq Agentliyi Ermənistanın uzunmüddətli reytinqini aşağı salmışdır və proqnoz vermişdir ki, bu ilin sonuna ölkəni defolt gözləyir.

Nəhayət, pandemiya Ermənistan iqtisadiyyatının çöküşü prosesinin katalizatoru kimi çıxış edir. Kiçik və orta biznes məhv olmaq mərhələsini yaşayır. Sahibkarlıq subyektləri iflasa uğrayıbdır. Yoxsulluq və işsizlik dözülməz hal alıbdır. Ən əsası insanlar “məğlubiyyət sindromu”nun təsiri altında sabahkı günə inamlarını tam itiriblər. Müharibədə biyabırçı məğlubiyyət yaşayan, pandemiyanın cənginə aldığı bu lənətlənmiş ölkəyə heç bir xarici investorun bir sent belə sərmayə qoymayacağı gün kimi aydın həqiqətdir. Erməni lobbi və diasporunun isə məğlub Paşinyan rejimindən üz çevirəcəkləri və deməli, xarici ianələrin artıq Ermənistanın boş xəzinəsinə axmayacağı başqa bir həqiqətdir.

Bütün bu realıqlar fonunda Prezident İlham Əliyevin oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə verdiyi geniş və olduqca məzmunlu müsahibəsində səsləndirdiyi fikirlər Ermənistanın siyasi-hərbi rəhbərliyi üçün ciddi siqnal və dərs olmalıdır: “Ermənistan başa düşməlidir ki, o, artıq yolun kənarındadır. Artıq ondan ötrü heç kim vuruşmayacaq. Bəs sonra? Əgər o, bizimlə qarşıdurmaya davam edərsə, əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər. Lakin biz qarşıdurma istəmirik, biz sülh istəyirik, onların bizə və xalqımıza gətirdiyi bütün ağrı-acılara və faciələrə baxmayaraq. Buna görə də düşünürəm ki, geosiyasi reallıqlar müsbət istiqamətdə inkişaf etməlidir. Hər halda biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu, belə olsun.”

Elman Nəsirov

Milli Məclisin deputatı,

YAP Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq

və inteqrasiya komissiyasının katibi,

siyasi elmlər doktoru, professor

Məqalədə:
Xəbər lenti

Xəbər lenti