...

Azərbaycan tarixi ədaləti bərpa etdi

Siyasət Materials 10 Noyabr 2020 17:48 (UTC +04:00)
Azərbaycan tarixi ədaləti bərpa etdi

Bakı. Trend:

30 ilin nisgilinə 44 gündə son qoyuldu

Azərbaycan tarixi qələbəsi ilə sevincli günlərini yaşayır. Hər bir tarixi gün keçilən yolun təhlilini daim bir zərurətə çevirir. 30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədi. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi qələbənin sevinci fonunda 28 ildə Azərbaycanın hansı mərhələlərdən keçdiyinə nəzər salaq. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan həm döyüş meydanının, həm də diplomatik müstəvidə aparılan mübarizənin qalibi kimi dünyanın diqqətindədir. Bu uğurlara geniş imkanlar açan dövlətimizin müstəqil siyasəti, hər addımda dövlətin, xalqın maraqlarının öndə saxlanılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyin ən yüksək tribunalardan bəyan edilməsi, heç kimin bizimlə diktə dili ilə danışmağa haqqı olmadığını bəyan edərək dünyanın ikili standartlarının beynəlxalq münasibətlərdə hüquq probleminin yaşanmasına yol açdığının əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının, ən əsası işğalçı Ermənistana sərsəm bəyanatlarına, təxribatlarına son qoymaq çağırışlarının sonda bu qələbə ilə nəticələnəcəyinə heç kimdə şübhə yox idi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali baş Komandanı İlham Əliyev tarixi qələbə müjdəsini xalqa çatdırarkən bir daha bəyan etmişdir ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik: «Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır… Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi… Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!»

Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz

Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətə başladıqları 1992-ci ildən bugünədək yalnız nəticəsiz səfərlərlə missiyalarını bitmiş hesab etdilər. Dövlətimizin başçısı İlham Əliyevin təbirincə desək, nə qədər belə mənasız, imitasiya naminə danışıqlar aparmaq olar? Xalqın səbri tükənməz deyil.

Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirən amillərdən bəhs edərkən daim bildirirdi ki, bu məsələdə dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək əsasdır. Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Xalqımız daim Ali Baş Komandanın hücum əmrini gözləyib. Bir qarış torpağımızı belə düşmənə verməyəcəyimiz nəinki dövlətimizin başçısının bəyanatlarında, eyni zamanda, xalqımızın Ali Baş Komandana ünvanlanan minnətdarlıq məktublarında da öz əksini tapırdı. Dövlətimiz, xalqımız bir il deyil, iki il deyil, 30 il sülh danışıqlarını gözlədi. Amma hər dəfə Ermənistana dəstək gördükdə sərt münasibətini bildirsə də, bu dəstəyə müxtəlif adlar altında haqq qazandırdılar. «Vasitəçi neytral olmalıdır» çağırışı rəsmi Bakının bütün bəyanatlarının əsasında dayanırdı. Əgər işğalçı adı ilə çağırılmırsa, bu zaman vasitəçilik missiyasını yerinə yetirməyə ehtiyac var idimi? O da məlumdur ki, vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür. Dünyada cərəyan edən hər bir prosesə təsir etmək imkanına malik olan bu dövlətlər doğrudanmı işğalçı Ermənistana bu illər ərzində «gözün üstə qaşın var» demək imkanında deyildilər? Azərbaycan Ordusunun sentyabrın 27-dən əks-hücum əməliyyatlarını davam etdirərək göstərdiyi rəşadət bir çox məsələlərə aydınlıq gətirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbulunda iştirak edən həmsədr dövlətlər qurumun bu günlərdə keçirilən iclasında bu qətnamələrin öz əksini tapdığı bəyanatı qəbul etməməkdə israrlı olduqlarını nümayiş etdirdilər. Qoşulmama Hərəkatının üzvlərinin təkidi nəticəsində həmin bəyanat qəbul olundu. Belə ikili standartlar nümayiş etdirən dövlətlərin vasitəçiliyi əsasında münaqişənin sülh yolu ilə həllini gözləməyə dəyərdimi? Azərbaycan Ordusu son 44 gündə bu suala da cavab verdi.

«Münaqişənin həllinin hərb yolu yoxdur» fikrinin yanlış olduğu təsdiqləndi

Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar problemin hərb yolunun olmadığını qeyd edirdilər. Azərbaycanı yalanları ilə sülh danışıqlarının nəticə verəcəyinə inandırmağa çalışan dövlətlər, qurumlar da bu gün həmin düşüncələrinin nə qədər yanlış olduğunun fərqindədirlər. Azərbaycan Ordusu münaqişənin hərb yolunun mövcudluğunu nümayiş etdirməklə yanaşı, bu gün işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu da göstərdi. Məhz həmin yanlış düşüncəyə əsaslanaraq işğalçı Ermənistan bu ilin iyul, avqust və sentyabr aylarında hərbi təxribatlara cəhdlər göstərdi. Onun bu cəhdlərinin arxasında yeni ərazilər uğrunda müharibə planları dayanırdı ki, bunu dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasında bəyan etmişdi. O zaman Ermənistana havadarlıq edən dövlətlər buna seyrçi mövqedən dayanaraq susmağa üstünlük verdilər. Amma sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən hücuma keçdikdə Azərbaycan Ordusu bunun qarşısını əks-hücum əməliyyatları ilə almağa səy göstərərək böyük qəhrəmanlıqlar göstərəndə həm Ermənistan hakimiyyəti, həm də onlara dəstək verən dövlətlər məyus olduqlarını gizlədə bilmədilər. Çünki Ermənistanın baş naziri planlarını həyata keçirmək üçün hərbi təxribata başlayanda belə bir müqavimət görəcəyini düşünmürdü. Azərbaycan Ordusu Ermənistanı çökdürdü, hərbi texnikalarını məhv etdi, qənimət kimi götürdü. Bir sözlə, «yenilməz erməni ordusu» mifi darmadağın edildi. Dövlətimizin başçısı İlham Əliyev xarici mətbuata bütün müsahibələrində, eyni zamanda, xalqa müraciətlərində bu suala cavab axtardı: Yoxsul ölkənin bu qədər silahı hardandır? Ona kim bu qədər silah verir? Cənab İlham Əliyev həmin dövlətlərə bu müraciəti ünvanladı ki, siz əgər Ermənistana iqtisadi, siyasi, diplomatik, hərbi dəstəyi dayandırsanız, o, irəli sürülən şərtləri qəbul edərək danışıqlar masası ətrafında oturacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri həmin ünvanlara ciddi mesaj oldu. Ölkə Prezidenti noyabrın 10-da xalqa müraciətində də bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı yoxdursa, onda bunu sülh yolu ilə həll edin: «Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar? Amma biz sübut etdik ki hərbi həlli var. Və mən demişdim ki, mən istəyirəm və Paşinyan, deyirəm sənə, bəyanat ver, öhdəlik götür, qrafik ver, cədvəl ver. Müharibənin ilk günündən mən bunu deyirdim. Hər kəs də bunu görə bilər. Müsahibələrimdə, xalqa müraciətlərimdə açıq demişəm, qrafik ver, cədvəl ver, rədd ol, çıx get, mən dayanıram. Yoxsa oradan deyirlər dayanın, buradan deyirlər dayanın.»

Azərbaycan dövləti daim bu suallara cavab axtarıb: Bizim torpaqlarımızı işğal edəndə niyə bunlara "dayanın!" deyən olmadı? Bizim torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün “buradan çıx get!" deyən olmadı! Biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə “dayanın” deyirsən, ona de ki, çıx. Amma demir.

Ermənistan başına 30 ilə yaxın müddətdə çəkilən sığalın acı nəticələrini yaşayır. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə yeni ideyalarla çıxış edərək belə bir rəy yaratmışdı ki, münaqişənin həllində müsbət irəliləyişə nail olmaq mümkün olacaq. Amma günlər keçdikcə sərsəm bəyanatları ilə diqqətdə oldu. Gah danışıqların formatının dəyişdirilib qondarma «Dağlıq Qarabağ respublikası»nın prosesdə tərəf kimi iştirakının vacibliyini bildirdi, gah da «Qarabağ Ermənistandır və nöqtə» deyib münaqişənin sülh danışıqları yolu ilə həllinin mümkünsüzlüyünə işarə etdi. Azərbaycan Ordusu Nikol Paşinyanın bu «işarəsinin» nə dərəcədə sərsəm, xülya olduğunu döyüş meydanında sübut etdi. Aciz duruma düşən Paşinyanın üz tutmadığı, yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadı. Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün yalvarışlar etdi. Tarixi bilməyən, hər zaman dövlətimizin başçısı İlham Əliyevdən tarix və hüquq dərsi alan Ermənistanın baş naziri 44 gündə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu etiraf etdi. Bir daha dərk etdi ki, yalanla həqiqət üzərində qələbə çalmaq mümkünsüzdür.

Biz bu qələbəni döyüş meydanında qazandıq

Ötən 44 gündə 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə döyüş meydanında işğaldan azad edildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yollarla qaytarsın. «Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub» söyləyən ölkə Prezidenti bildirir ki, çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Dövlətimizn başçısı, Ali Baş Komandan daim bəyan edirdi ki, biz qan tökmək istəmirik, müharibəni dayandırmalıyıq. Bunun üçün Azərbaycan tərəfinin şərtlərini qəbul edib torpaqlarımızdan rədd olsunlar.

Belə də oldu. Azərbaycan həm döyüş, həm də diplomtik müstəvidə qalib oldu, işğalçı dövlətə yerini göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı bunun təsdiqidir. Bu bəyanat Azərbaycanın tarixi qələbəsidir.

Azərbaycan xalqı məğrur xalqdır

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi. Siyasi əqidəsindən, mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq bütün vətəndaşlar yumruq kimi birləşdi. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Azərbaycan xalqı hər gün dövlətimizin başçısı İlham Əliyevdən qələbə xəbərini gözlədi. Hər bir zəfər sevinci böyük coşqu ilə qeyd olundu. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri birlik nümayiş etdirdilər, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bu, bizim böyük sərvətimiz, dəyərimizdir. «Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur» söyləyən cənab İlham Əliyev bildirdi ki, çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır: «Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir.»

Azərbaycan ədaləti, haqqı, öz ərazi bütövlüyünü bərpa edir. Müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun, Azərbaycan xalqı!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim xalqa müraciətlərində «Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!» söyləyərək bildirir ki, bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Uca Tanrı xalqımızı, Vətənimizi qorusun! Mehriban xanım Əliyeva, eyni zamanda, Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımıza təbrikində bu arzunu ifadə etmişdir ki, qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır!

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq qələbəmizin rəmzinə çevrildi

Dövlətimizin başçısı İlham Əliyev ötən il Rusiyanın Soçi şəhərində siyasi dairələrdə məşhur “beyin mərkəzlərindən” biri hesab edilən “Valday” Diskussiya Klubunun XVI illik toplantısında Ermənistan baş nazirinin “Qarabağ Azərbaycandır və nöqtə” bəyanatının yalan olduğunu bəyan edərək bildirmişdir: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.”

Cənab İlham Əliyev xalqa müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, fəxr edirəm ki, mənim bir il bundan əvvəl dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Göründüyü kimi, Azərbaycana qələbə sevincini yaşadan dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın sarsılmaz iradəsi, ordumuzun yenilməz rəşadəti, birliyimiz, həmrəylimizdir. Ən əsası, şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. İşğal altında olan torpaqlarımız, Qarabağın tacı olan Şuşa özünün tarixi sahibinə qayıtdı. Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında şəhidlərimizin qanının yerdə qalmayacağını bildirirdi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların ruhu şaddır. Onların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi.

Artıq bu gündən istər ölkəmizdə, istərsə də işğaldan azad olunan torpaqlarımızda yeni həyat başlayır. Qələbə sevinci hər kəsi daha da ruhlandırmaqla yanaşı, gələcəyə daha böyük addımlarla irəliləməyə stimul oldu. Yaşa, Azərbaycan xalqı! Sən qələbə sevinci yaşamağa layiq məğrur, öz tarixinə sahib çıxan, ədaləti bərpa edən xalqsan!

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,

«İki sahil» qəzetinin baş redaktoru,

siyasi elmlər doktoru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti