...

Bu parad xalqımızın uzun illərdir həsrətlə gözlədiyi bir qələbə bayramı idi - Deputat

Siyasət Materials 11 Dekabr 2020 15:53 (UTC +04:00)
Bu parad xalqımızın uzun illərdir həsrətlə gözlədiyi bir qələbə bayramı idi - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən Zəfər paradı Azərbaycan xalqının həyatında mühüm tarixi bir hadisədir. Bu parad xalqımızın uzun illərdir həsrətlə gözlədiyi bir qələbə bayramı idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Deputat bildirib ki, 44 günlük müharibə Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu: “Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 44 gün ərzində Ermənistanın 30 ildir qurduğu istehkamları, müafiə xətlərini darmadağın edərək Azərbaycan torpaqlarının işğalına son qoydu, ölkəmizin ərazi bütövlüyünü və sərhədlərini təmin etdi. Bu savaş Azərbaycan xalqına indiyə qədər görünməmiş bir sevinc, qələbə hissini yaşatdı. Azərbaycan bu savaşdan qalib, Ermənistan isə acı məğlubiyyətlə çıxdı. Dünya bir daha Azərbaycan ordusunun gücünü, xalqın birliyini gördü”.

Deputat, həmçinin paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsinin vacib əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, həmişə olduğu kimi, 44 günlük müharibə dövründə Türkiyə Azərbaycanın yanında oldu, daim öz siyasi və mənəvi dəstəyini göstərdi: “Zəfər paradında Türkiyənin burada olması bir daha dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi daimidir, əbədidir və bundan sonra da yüksələn xətt üzrə inkişaf edcək”.

Deputat bildirib ki, bu Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimiz, yaralılarımız və şəhidlərimiz dövlətin diqqətindədir və onların təltif olunması istiqamətində işlərin icrasına başlanılıb: “Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhramanı" adı verildi, bir qrup hərbi qulluqçu isə "Zəfər" və "Qarabağ" ordeni ilə təltif olundu.

Təltif olunmalar bununla yekunlaşmır. Bundan sonra da döyüşlərdə iştirak etmiş hərbi qulluqçular təltif olunacaqlar, onlara işğaldan azad edilmiş əraziərlə əlaqdar təsis edilmiş medallar təqdim ediləcək.

Eyni zamanda, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılması da mühüm əhəmiyyət kəsb edir. Bunlar Zəfər gününü gələcək nəsillərə çatdırmaq üçün böyük əhəmiyyət daşıyır”.

A.Məmmədov, həmçinin şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyindən əlavə qayğı göstərilməsi məqsədilə “YAŞAT” Fondunun yaradılmasını mühüm addım kimi dəyərləndirib. O qeyd edib ki, bu kateqoriyadan olan insanlara dəstək olmaq hər bir soydaşımızın içindən gələn bir hisdir: “İnanıram ki, istər Azərbaycanda, istərsə də xaricdə yaşayan soydaşlarımız bu işdə canla-başla iştirak edəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti