...

"Baku Network"un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib

Siyasət Materials 5 Yanvar 2021 11:54 (UTC +04:00)
"Baku Network"un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib

Bakı. Trend:

"Baku Network" Ekspert Şurasının direktoru, Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, fəlsəfə doktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib.

Trend-in məlumatına görə, COVİD-19 infeksiyasına yoluxan Elxan Ələsgərov vəziyyəti ağır olduğu üçün bir müddət əvvəl reanimasiyaya yerləşdirilərək süni nəfəs aparatına qoşulmuşdu. Həkimlərin səyinə baxmayaraq, bu gün Elxan Ələsgərov dünyasını dəyişib.

Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Elxan Ələsgərov Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb, rabitə-mühəndisi olub. “Azon” elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında çalışıb. Minsk şəhərində yerləşən “Ali məktəbin” məzunudur. 1987-ci ildə Azərbaycan Xarici ölkələrlə mədəni əlaqələr üzrə “Dostluq” Cəmiyyətinin, 1988-ci ildə isə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədr müavini vəzifəsində işləyib.

Elxan Ələsgərov Qarabağ müharibəsinin iştirakçısı olub, hərbi rütbəsi polkovnikdir. 2000-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrə dəfələrlə uzun müddətli ezamiyyətlərə göndərilmişdi. 2000-2006-ci illərdə Türkiyənin paytaxtı Ankarada və 2008-2015-ci illərdə Niderland Krallığının Haaqa şəhərindəki Azərbaycan Respublikasının səfirliklərində diplomat kimi çalışıb.

Elxan Ələsgərov “Qafqaz Albaniyası” və “Qafqaz”Araşdırma Mərkəzlərinin təsisçisi olub. Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin və Yazıçılar Birliyinin üzvü, 2 kitab, 200-dən çox məqalənin müəllifidir. “Əli və Nino” romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə, ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Trend İnformasya Agentliyi olaraq kollektivimizin dəyərli üzvü, politoloq, fəlsəfə doktoru Elxan Ələsgərovun vəfatı ilə bağlı ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti