...

İşğaldan azad edilmiş ərazilərdə “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupun iclası keçirilib

Siyasət Materials 30 Yanvar 2021 10:29 (UTC +04:00)

Bakı. Trend:

İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun iclası keçirilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Qərargahın tərkibində İdarələrarası Mərkəz və müvafiq sahələr üzrə İşçi Qrupları fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad olunmuş ərazilərdə “Yaşıl enerji” konsepsiyasının tətbiqi, enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı konkret vəzifələr müəyyən etmiş, zəruri tapşırıqlar vermişdir.

Dövlət başçısının tapşırığını rəhbər tutaraq, İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” İşçi Qrup yaradılmışdır.

Bu istiqamətdə İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, Azəriqaz“ İB-nin baş direktoru Ruslan Əliyev, Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə İşçi Qrupun iclası keçirilmişdir.

Tədbirdə bu sahədə fəaliyyət göstərən qurumların işğaldan azad olunmuş ərazilərdə birgə koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsi, yaşıl enerji zonasının yaradılması məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə, ekoloji normaların gözlənilməsi və s. kimi məsələlər müzakirə edilmiş, görüləcək işlər və atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti