...

Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə

Siyasət Materials 13 Fevral 2021 12:08 (UTC +04:00)
Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə

Bakı. Trend:

Yanvarın 5-də "Baku Network" ekspert şurasının direktoru, fəlsəfə doktoru, diplomat Elxan Ələsgərov vəfat edib.

Bu gün onun ölümünün 40-cı günü tamam olur. Elxan Ələsgərovun ölümü təkcə Azərbaycanda deyil, həm də ölkə xaricində onu tanıyanlar üçün boyük itki oldu. Həmin günlərdə müxtəlif ölkələrdən onu tanıyanlar Bakıya zəng edir və başsağlığı bildirirdi. O, Türkiyə, Niderland, Rusiya, ABŞ, Qazaxıstan, Gürcüstan və bir çox digər ölkələrdə parlaq xatirə qoyub. Niderlandın Osterveyk şəhərində Elxan Ələsgərovun xatirəsinə hörmət əlaməti olaraq meriya binasında Azərbaycan bayrağı asıldı. İsrail, Rusiya KİV-lərində məqalələr dərc olundu

Elxan Ələsgərov görkəmli azərbaycanlı, vətənpərvər, zabit olaraq öz Vətəninə xidmət etmək borcuna sadiq olub. Vətənə xidmət missiyası ilə Elxan Ələsgərov öz həyat yoluna başlayıb və ömrünün son günlərinədək Azərbaycan naminə işləyib. Son sözlərində o, 10 dekabr Zəfər paradını görə bilmədiyindən, bu təəssüratları yaxınları və dostları ilə paylaşa bilmədiyindən təəssüfləndiyini bildirib.

Elxan Ələsgərov birinci Qarabağ müharibəsində döyüşüb, mükafatlarla təltif olunub. Həmin müharibə lə bağlı xatirələr onu ömrü boyu müşayiət edib. O, Azərbaycanın Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin təsisçilərindən biri olub.

İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində Elxan Ələsgərov cəbhədən xəbərlərlə nəfəs alıb, ön cəbhədə əsgər və zabitlərin yanında ola bilmək üçün əlindən gələni edib.

Onun dərin bilikləri və təcrübəsi Trend, "Baku Network", bütün media, o cümlədən xarici media platformalarında aparılan informasiya işinə böyük töhfə verib. O, Azərbaycanın mövqeyini geniş beynəlxalq auditoriyaya çatdırıb.

Onun son böyük işi "Qafqaz Albaniyası" məlumat resursununun nəşri olub. O, bu layihəni ölümündən qısa müddət əvvəl nəşr etdirdi və bu layihə üçün Qafqaz Albaniyasının tarixi və mədəni irsini qorumaq məqsədilə nəhəng elmi-maarifləndirici iş apardı.

Elxan Ələsgərov Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2 kitab və 200-dən çox məqalənin müəllifidir. O, öz doktorluq işini "Əli və Nino" əsərinə həsr edib və bu ölümsüz əsərin həqiqi müəllifinin hüquqlarını və Azərbaycanla bağlılığını müdafiə edib.

Elxan Ələsgərov Niderlandda diplomatik xidmətdə olarkən, azərbaycanlı qəhrəman Məmməd Məmmədov və İkinci dünya müharibəsində əsirlikdə olmuş daha 22 azərbaycanlının xatirəsini ucaldıb. O, azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun xidmətlərini, 1943-cu il Tehran hadisələrindəki qəhrəmanlığnı təbliğ edib. Elxan Ələsgərov Qarabağ hadisələrinə həsr olunmuş bir neçə kitab dərc edib, bir sıra sənədli filmin ərsəyə gətirilməsində iştirak edib, bundan sonra Azərbaycan tərəfindən erməni cinayətkarlar üzərində məhkəmə proseslərində istifadə olunacaq sənədlər toplayıb.

Elxan Ələsgərov Azərbaycanın yaddaşında vətənpərvər kimi qalacaq. O, Zəfər paradını görə bilməsə də, Şuşa, Kəlbəcər, Füzuli, Ağdamın qayıtmasının şahidi oldu. Bu, ölkəsinin maraqlarını hər zaman və hər yerdə müdafiə etmiş zabit, alim, jurnalist, tarixçi, diplomat üçün ən yaxşı mükafat və hədiyyədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti